Məktəbli formalarını
haradan almalı?
Bakı Tikiş Evində
hazırlanan məktəbli
geyimləri Tokioda fəaliyyət göstərən
məktəbli formaları
muzeyində nümayiş
etdirilir
Məktəblilərin yay tətilinin yekunlaşmasına
və şagirdlərin
yenidən doğma sinif otaqlarına qayıtmalarına təxminən
bir aydan da az vaxt qalır. Bu mərhələdə valideynləri daha çox qayğılandıran,
fikirlərini məşğul
edən məsələlərdən
biri də övladlarına məktəb
üçün lazım
olan dərs ləvazimatlarının, xüsusən
də geyim formalarının alınmasdır.
Lakin əsas
məqamlardan biri geyim dəstinin qiymət münasibliyi ilə yanaşı, onların keyfiyyət göstəricilərinin yüksək
səviyyədə olmasıdır. Bəs, əsl
reallıqda bu istiqamətdə vəziyyət
necədir? Hər dəfə
biz lazım olan geyim dəstini tapa bilirikmi? Əgər çətinlik yaranmışsa,
bəs o zaman nə etməli?
"Baki tikiş
evi" ATSC-nin idarə heyətinin sədri Fədail Rəhimov bizimlə söhbətə əvvəlcə
rəhbərlik etdiyi müəssisə haqqında
məlumatla başladı. Bildirdi ki, təxminən 76 il bundan qabaq
- 1937-ci ildən fəaliyyətə
başlayan müəssisə
ilk dövrdə
Volodarskinin, sonra
Bakıxanovun adını
daşıyan fabrik kimi fəaliyyət göstərib. 1998-ci ildən isə adı və hüquqi statusu dəyişdirilərək "Baki tikiş evi" ATSC kimi fəaliyyətini davam etdirməkdədir. Bu qurum, eyni zamanda,
respublikada hərbi əhəmiyyətli müəssisə
kimi tanınır.
Hələ II Dünya müharibəsi
dövründə bu müəssisə arxa cəbhədə göstərdiyi
uğurlu fəaliyyətə
görə Qırmızı
Əmək Bayrağı
ordeni ilə təltif olunub. Qeyd olunan peşəkarlıq prinsip etibarı ilə müstəqilliyin
ilk illərində də
öz müsbət təsirini göstərməyə
başlayıb. Müstəqil Azərbaycanın ordusu üçün 1992-ci ildən
hərbi formaların tikilməsi həyata keçirilib.
Fikirlərini davam etdirən F.Rəhimov dedi: - Sonradan biz hərbi geyimlərin NATO modelinə
keçidi ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən
1994-cü ildə tapşırıq
aldıq.
Biz Türkiyə müdafiə
nazirliyinə müraciət
etdik və düz 2 il
həmin geyim modellərinin layihələri
üzərində çalışdıq.
Bütün kollektivin
ümumi səyi nəticəsində reallaşdırılan
işlər müsbət
nəticə verdi və geyim dəstləri ümummilli lider tərəfindən təsdiqləndi.
Beləliklə də keçmiş
sovet respublikaları arasında ilk dəfə bizim hərbçilər
NATO modelinə keçdilər.
2004-cü ildə isə
Daxili İşlər
Nazirliyinin sifarişinə
əsasən, 2004-2006-cı illərdə milli Azərbaycan polisinin formaları üzərində
çalışdıq. Bu dəfə də çalışmalarımız uğurlu alındı.
Beləliklə, 2006-cı ildən başlayaraq asayiş keşikçilərimiz milli
formalarımızı daşıyırlar.
2010-cu ildə isə
Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Respublika Valideynlər Şurasının
müraciətinə əsasən
vahid məktəbli forması layihəsi üzərində işlərə
başladıq. Təxminən 60-a yaxın modeldə
məktəbli formaları
hazırladıq. Bu formaların daha uyğun olanının seçilməsi üçün
müəllim və valideynlərlə dəfələrlə
görüşlər keçirildi,
onların fikir və məsləhətləri
dinlənildi. Təklif olunan
modellər arasından
4-ü bəyənildi. VII-XI siniflər üçün
1 qız, 1 oğlan və I-VI siniflər üçün 1 qız və 1 oğlan geyim modeli seçildi.
Layihə böyük uğur
qazandı. Artıq 5 ildir
ki, müvafiq istiqamət üzrə işlər davam etdirilir.
Fədail Rəhimov satışa çıxarılan formaların
uşaqlar və yeniyetmələr üçün
nəzərdə tutulduğunu
əsas götürərək
geyimlərin materialının
keyfiyyətinə məxsusi
diqqət yetirildiyini qeyd etdi. Paltarların tikildiyi parçalar Türkiyənin məşhur
tekstil şirkətlərindən
olan BOSSAdan alınır və beynəlxalq tələblərə
cavab verən laboratoriyalarda yoxlanıldıqdan
sonra istehsala buraxılır.
Valideynlərin bu formalardan razılıq etmələrindən
qürurlandıqlarını bildirən müəssisə
rəhbəri geyimin keyfiyyətinə 2 il müddətinə
zəmanət verildiyini
dedi.
Bütün bunlarla yanaşı,
F.Rəhimov üçün
narahatlıq doğuran
məqamlar da az deyil.
Onlardan ən birincisi son dövrlər istehlak bazarına çoxlu sayda saxta məktəbli
formalarının daxil
olmasıdır. Müsahibimizin
dedikləri: - Bu gün
təəssüfdoğurucu məqam ondan ibarətdir ki, bir qrup işbazlar
Çin Xalq Respublikasının Urumçi
vilayətindən üzərinə
Bakı Tikiş Evinin (BTE) emblemi vurulmuş, xarici görkəminə görə diqqət yetirmədən seçilməsi
çətin olan külli miqdarda məktəbli formaları
idxal ediblər. Lakin həmin formaların keyfiyyəti BTE-də istehsal olunanlarla müqayisəyə gəlmir.
Təxminən 20 gün geyildikdən
sonra Çindən gətirilən bu geyimlər qızarmağa
başlayır. Nəticədə valideynlər BTE-yə müraciət edərək
formanın keyfiyyətsiz
olmasından şikayətlənirlər.
Həmin
valideynlərə bildiririk
ki, biz yalnız ATSC-nin firma mağazalarından
alınan geyimlərə
cavabdehlik daşıyırıq.
Bizim mağazalardan alınan formalar keyfiyyətsiz olarsa, onların qəbzlə birlikdə geri qaytarılacağı
halda yeni forma ilə dəyişdirilməsinə
hazırıq. Məlumatımıza
görə, artıq ölkə ərazisinə
saxta yolla bizim ticarət nişanımızdan istifadə
edilməklə təxminən
40 min ədəddən çox
forma gətirilərək paytaxtın
"Binə", "Sədərək",
"Bakıxanov", "8-ci km" və digər ərazilərdəki ticarət
obyektlərində satışı
təşkil olunur.
F.Rəhimov valideynlərə müraciət
edərək xahiş
etdi ki, əsla gigiyenik və mənşə sertifikatı olmayan məktəbli formalarını
almasınlar. Çünki bu formalar aşağı keyfiyyətli
parçadan tikildiyindən
onlar gigiyenik baxımdan sağlamlıq
üçün təhlükəlidir.
Riskləri qabaqcadan sığortalamağın
yeganə yolu formaların alınması
üçün Bakı
Tikiş Evinə müraciət etməkdir.
Bizim bütün formalar Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
tərəfindən təsdiqlənmiş
sertifikata malikdir.
Hətta BTE-nin formaları Serbiyadan olan anoloji qurumlardan birinin də marağına səbəb
olub. Bu amil əsas götürülərək buradan
alınan 2 model məktəbli
forması poçtla Yaponiyaya
göndərilib. Formalar Tokioda
fəaliyyət göstərən
məktəbli formaları
muzeyinə qoyulub.
Bu da müvafiq
formaların keyfiyyət
göstəricilərindən xəbər verir.
Bu yerdə bir neçə il əvvəl ölkəmizdə geniş şəkildə yayılmış: "Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!" şüar xarakterli çağırışı yada düşür. Doğrudan da, əgər hər hansı yerli məhsul bütün keyfiyyət meyarlarına cavab verirsə və o xüsusi olaraq gələcəyimiz olan uşaqlar üçün nəzərdə tutulubsa, biz ondan nə üçün imtina etməliyik? Məgər milli təəssübkeşliyimizi artırmağın, özümüzə inamın vaxtı çatmayıbmı?
Əli
SƏLİMOV
Azərbaycan. - 2014.- 16 avqust.- S.6.