Vətən, sən nə gözəlsən!
Aralarında indiyədək Qobustandan çıxan da vardı, çıxmayan da. Bakıdan ölkənin qərb
sərhədlərinə qədər
uzanan avtomobil magistralı Qobustan ərazisindən keçdiyinə
görə ötüb
gedən maşın karvanlarına min bir arzu ilə baxanları
da çox olub. Bəziləri də axşam qaranlığı düşəndən
sonra uzaqdan bu maşınların işıqlı düzülüşünü
sərnişin qatarlarının
vaqonlarına oxşadırdı.
Əmin idilər ki, günlərin bir günü bu "vaqonlar"la arzularına qovuşacaqları ünvana
doğru üz tutacaqlar. Bundan ötrü, şübhəsiz,
orta məktəbi bitirib ya ali təhsil almaq, ya da
hansısa bir iş dalınca getmək üçün
Qobustandan çıxmalı
idilər.
Ancaq heç
orta məktəbi bitirməmiş uşaqların
arzusu qəfildən çin oldu. Ölkə Prezidenti
İlham Əliyevin tapşırığına əsasən,
təşkil edilmiş
"Azərbaycanı tanıyaq"
maarifləndirici tur-aksiyasında
iştirak etmək Qobustan məktəblilərinə
də qismət oldu. 40 nəfərlik
qrupa rayonun ən nümunəvi məktəbliləri cəlb
edildi. Şagirdlərdən əlavə iki
müəllim və bir həkim də qrupa daxil
edildi. Qrup rəhbəri, Qobustan
Təhsil Şöbəsinin
metodisti Mahir Soltanovun şagirdlərə
səfərqabağı qısa
tövsiyəsindən sonra
avtobus yola düzəldi. Marşrut İsmayıllı-Qəbələ-Şəki
idi.
Yolboyu mənzərələr
bir-birini əvəz etdikcə tur-aksiya iştirakçıları ətrafa
daha heyranlıqla baxırdılar. Əlbəttə, Qobustanın havası
nə qədər gözəl olsa da, yaşıllıq sarıdan elə qonşu Şamaxıdan da çox geri
qalır. Uzaqdan görünən
dağlar da yamyaşıl görünür.
Enişli-yoxuşlu Muğanlı-İsmayıllı
yolu isə əsrarəngiz gözəlliyi
ilə gəncləri
lap valeh etdi. Əzəmətli dağlar, sıldırım
qayalar, dibigörünməz
dərələr, qıvrıla-qıvrıla
axıb gedən dağ çayları hər kəsin qəlbində unudulmaz xatirəyə dönürdü.
İştirakçılar təəssüratlarını bir-biri ilə bölüşür, elə
avtobusun pəncərəsindəncə
"tanrı gözəllikləri"ni fotoaparatın yaddaşına köçürməyə
çalışırdılar. Azərbaycan öz bənzərsiz gözəllikləri ilə
kənd-kənd, rayon-rayon göz
önünə çıxırdı.
Yolboyu təbii gözəlliklərdən,
möhtəşəm təbiət
lövhələrindən əlavə,
həyata keçirilən
tikinti-quruculuq, abadlıq
işləri də diqqətdən yayınmır,
hətta Qobustanda rastlaşdıqları yenidənqurma
işlərini müqayisə
də edirdilər.
Bəli,
bütün bölgələrimiz
tikilir-qurulur, abadlaşır,
müasirləşir.
İsmayıllının Lahıc qəsəbəsi
Qobustan məktəblilərini,
sözün həqiqi
mənasında, heyran
etdi. Qədim tikililər,
enişli-yoxuşlu daş
küçələr, sənətkarlıq
nümunələri, mehriban
qəsəbə sakinləri
elə ilk andaca ürəklərdə xoş
duyğular oyadırdı.- "Vətənimizin necə gözəl yerləri var imiş, gərək buraları çoxdan tanıyaydıq..."
Aksiya iştirakçılarının
gördükləri ilə
müəllimlərin verdikləri
məlumatlar təəssüratın
daha dolğun və əhatəli formalaşmasına təsir
edirdi.
Nəhayət, bu da son dövrlər
sorağı ölkə
hüdudlarını da
aşan qədim və müasir Qəbələ! Gecəni
"Yeddi gözəl"
hotelində qaldılar. Gün ərzində Tarix-Diyarşünaslıq
Muzeyində, Heydər
Əliyev Mərkəzində,
Çuxur Qəbələdə,
Nic qəsəbəsində, Alban kilsəsində, "Tufandağ"
qış-yay turizm mərkəzində, Qəbələ
piano fabrikində və
digər yerlərdə
oldular.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
ilə əlaqədar
keçirilmiş respublika
inşa müsabiqəsində
III yeri tutmuş Gülər Cavadovanın dediklərindən: - Möhtərəm
Prezidentə dərin minnətdarlığımızı bildiririk ki, bizə ölkəmizi daha yaxından tanımaq, görmək üçün belə şərait yaradılıb.
Qəbələni ancaq mavi ekranda görmüşdük.
Böyük tədbirlərin, beynəlxalq musiqi festivallarının keçirildiyi
bir şəhərdə
olmaq çox qürurvericidir. Hara gedirik, hər yerdə abadlıq, quruculuq, müasirlik görürük. Doğulduğum Qobustan rayonu kiçik olsa da, çox işlər görülüb.
Ancaq Qəbələ,
mənə elə gəlir ki, heç yerlə müqayisə oluna bilməz. Təəssüf ki, bu vaxta qədər buranı görməmişdik.
Tur-aksiya iştirakçıları Şəkidə
"Olimp" hotelində
axşamladılar. Qədim Şəki
ilə tanışlıq
da unudulmaz xatirəyə döndü.
Tarixi məkanlar, zəngin mədəniyyət
nümunələri, "Yuxarıbaş"
Tarix və Memarlıq Qoruğu, Şəki Tarix-Diyarşünaslıq
Muzeyi, Yuxarı Karvansaray, Cümə məscidi, qədim yaşayış məskəni
Təpəbaşı nekropolu,
Kiş kəndindəki
Alban məbədi, bir
sözlə, üz tutduqları hər yer qobustanlı gənclər üçün
çox maraqlı oldu. Özlərini az qala,
tarixin qanadlarında
hiss edirdilər.
Şəkidə Hacıqabul məktəbliləri
ilə intellektual yarış da keçirildi. Suallar əsasən marşruta
daxil edilmiş rayonların keçmişi
və bu günü ilə bağlı idi. Qaliblər arasında mükafat alanlardan biri də Gülər Cavadova oldu. Beləcə,
gündüz gördüklərini,
eşitdiklərini axşam
"imtahandan" keçirmək
gənclər üçün
çox maraqlı oldu.
Bu il yüksək
balla BDU-nun tarix fakültəsinə qəbul
olmuş Şövqi Soltanın ürək sözləri: - Şəki
bənzərsiz tarix-mədəniyyət
və arxeoloji abidələrlə zəngindir.
Azərbaycan milli memarlığının
bir çox inciləri də bu şəhərdədir.
Dünya
ipəkçilik sənətinin
başlanğıcı da
Şəki ilə bağlıdır. Hələ
digər sənətlər...
Bu gözəl şəhərdən ayrılmaq
çox çətindir.
Bizə bu imkanı yaratdığına görə
dövlətimizin başçısına
təşəkkür edirik.
Digər
iştirakçılardan Dilavər
Kərimov (bu il İqtisad Universitetinə daxil olub), Şükran Cavadov, Nihal Mirzəliyev, Aytac Şəkərova və Nərgiz Əhlimanova da təəssüratlarını
bölüşərək Azərbaycan məktəblilərinə
yaradılan bu şəraitə görə
minnətdarlıqlarını bildirdilər.
Avtobus axşam
gün batandan sonra Qobustana çatdı. Bir-birilə sağollaşıb, dərslər başlayana qədər ayrılsalar da, İsmayıllı, Qəbələ, Şəki
xatirələri ilə
onlar hər vaxt bir yerdə
olacaqlar.
Qrup rəhbəri Mahir Soltanov: - Bu tur-aksiyaların
istər maarifçilik,
istərsə də vətənpərvərlik baxımından
böyük əhəmiyyəti
var. Şagirdlərin bilik
və bacarıqlarının,
vətən və torpaq sevgisinin güclənməsində belə
tədbirlər çox
faydalıdır. Mən də
bir müəllim olaraq belə tur-aksiyaların təşkili
üçün göstəriş
verdiyinə görə
möhtərəm Prezidentə
dərin minnətdarlığımı
bildirirəm. Əminəm ki, belə aksiyalar
tədrisin keyfiyyətinə,
şagirdlərin ictimai
fəallığına da
müsbət təsir
edəcək.
Telman NƏZƏRLİ
Azərbaycan. - 2014.- 16 avqust.- S.6.