Vətəni sevdiyin qədər
də tanıyasan gərək
Bu gün İmişli rayonunun ümumtəhsil məktəblərinin dərs əlaçılarından ibarət 40 nəfərlik bir qrup respublikamızın gözəlliklər diyarı olan Qəbələ şəhərinə yola düşürlər. "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində gerçəkləşən bu səfər şagirdlərin ürəyincədir.
Yolasalma mərasimi, sözün həqiqi mənasında, bayram şənliyini xatırladır. Uşaqların üz-gözündən sevinc, fərəh yağır. Valideynlərin əhval-ruhiyyəsi yüksək olsa da, 3 gün davam edəcək səfər sarıdan təbii nigaranlıqlarını gizlətmir, övladlarına dönə-dönə verdikləri tapşırıqlarını bir daha xatırladırlar.
İmişli şəhəri 1 saylı orta məktəbin XI sinif şagirdi Sabit Ələmdarlı səfər sevincini bizimlə həvəslə bölüşür:
- Qəbələ bu gün təkcə ölkəmizdə deyil, dünyada bir mədəniyyət mərkəzi kimi tanınan gözəl şəhərdir. Qəbələnin gözəlliyi haqqında çox eşitsəm də, təəssüf ki, orada olmamışam. Tarixdən oxumuşuq ki, Qəbələ həm də qədim paytaxt olub. İndi bu ərazidə çoxlu tarixi abidələr, maddi-mədəniyyət nümunələri var. Həmişə bu gözəl məkanı görmək istəmişəm. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır, deyib atalar. Artıq arzum həyata keçir. Oradakı muzeylərə, görməli yerlərə baxacaq, Qəbələ haqqında biliklərimizi daha da zənginləşdirəcəyik. Özümlə fotoaparat da götürmüşəm. Azından bir albomluq şəkil çəkəcəyəm. Biz vətənimizi çox sevirik. Düşünürəm ki, biz Azərbaycanı gəzdikcə, onun tarixi abidələri, gözəl guşələri ilə tanış olduqca qəlbimizdə vətən sevgisi daha da dərinləşəcək, mükəmməl olacaq.
Şagirdlər geniş və rahat salonlu avtobusda yerlərini tuturlar. Hərəsi bir evin ümid çırağı olan uşaqlar açıq pəncərədən əl eləyirlər. Avtobus yerindən tərpənir. Yerbəyerdən "Yaxşı yol!", "Sağ-salamat qayıdın!" sədaları eşidilir.
Lazım
QULİYEV
Azərbaycan. - 2014.- 16 avqust.- S. 6.