Qəbələdə olmaq çoxdankı arzum idi

 

Qədim və heyrətamiz gözəlliyə malik Qəbələ şəhəri mənə unudulmaz anlar yaşatdı. Bu rayonda ən müasir turizm obyektlərinin, qədim tarixi-mədəni abidələrin, mənzərəli yerlərin, çayların və göllərin, xüsusən də yerli insanların səmimi qonaqpərvərliyinin  şahidi olduğum üçün özümü xoşbəxt hesab edirəm. Qəbələyə səyahət etmək çoxdankı arzum idi.

Bu fikirləri "Ölkəmizi tanıyaq" devizi ilə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Saatlı rayonundakı Şirinbəyli kənd orta məktəbinin XI sinif şagirdi Azər Qasımov AzərTAc-a müsahibəsində söylədi.

Saatlı məktəblisi sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurların onu ürəkdən sevindirdiyini vurğulayaraq dedi: "Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunan bu tur-aksiya çərçivəsində ekskursiya etdiyimiz rayonlarda bu inkişafın bir daha şahidi olduq. Bu aksiya yetişməkdə olan gənc nəsil üçün çox əhəmiyyətlidir. Ekskursiya zamanı bizə gündən-günə çiçəklənən ölkəmizin müxtəlif guşələrini yaxından tanımaq üçün lazımi şərait yaradılır. Biz tur-aksiya çərçivəsində həm maariflənirik, həm də yay tətilini səmərəli keçiririk.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 6.