Bu günlər hər birimizin yaddaşında unudulmaz xatirə kimi qalacaq

 

Mənim cəmi 16 yaşım var. Təəssüflənirəm ki, indiyədək yaşadığım Şabran rayonundan kənara çıxmamışdım. Ancaq gəzmək, görmək mənim ən böyük arzum olub. Xüsusilə indiki dövrdə ölkəmizin dilbər guşələrinə səyahət etmək arzusu məni heç vaxt tərk etməyib. Prezidentimiz mənim bu arzularımı gerçəkləşdirdi. Budur, "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu ilə respublikamızın qərb bölgəsinə gəlmişəm. Burada bölgənin nadir tarixi memarlıq abidələri, Dövlət Proqramı çərçivəsində aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oluram.

Bu sözləri tur-aksiyanın iştirakçısı, Şabran rayonunun Ağbaş kənd orta məktəbinin X sinif şagirdi Cavad Xudaverdiyev AzərTAc-a müsahibəsində dedi. Qeyd etdi ki, ekskursiyada olduğum müddətdə çox şey öyrəndim. İndiyədək televiziya vasitəsilə izlədiklərimi gözlərimlə gördüm. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət etdim. Şah Abbas məscidi, eləcə də şəhərin görməli yerləri ilə tanış oldum. Bütün bu şəraiti bizə yaradan dövlətimizin başçısı İlham Əliyevə  minnətdarlığımı bildirirəm.

 

Azərbaycan. - 2014.- 16 avqust.- S. 6.