Müslüm planeti
Ötən əsrin 60-cı illərindən başlayaraq Yer kürəsinin geniş bir coğrafiyasında möhtəşəm, cazibəli ulduz kimi parlayan müğənni, bəstəkar, pianoçu, rəssam, aktyor Müslüm Maqomayevin adı gələndə, nədənsə ən yüksək əyar düşüncəsi bir anda insan ruhuna hakim kəsilir...
O, həqiqətən də böyük bir istedadla, Allah vergisi ilə işıqlı dünyaya gəlmiş, mükəmməl təhsilli, ən əsası sənətə ciddi münasibəti və arasıkəsilməyən zəhməti ilə ustad sənətkar zirvəsinə yüksəlmişdir.
Çoxu deyir ki, şöhrət, milyonların sevimlisi olmaq qismətdir. Belə dəyərləndirmə ən azı insafsızlıqdır. Çünki onun həyatda əldə etdiyi yekunlarda iynənin ucu boyda təsadüf yoxdur. O, ustalıq mərtəbəsinə tükənməz yaradıcı əməyin, şüurla idarə olunan enerjinin sayəsində qovuşub.
Azərbaycan mədəniyyət və musiqi tarixində eyni adı və soyadı daşıyan iki parlaq istedad bəllidir. Baba Müslüm Maqomayev.
Abdulmüslüm Maqomayev 1885-ci ildə Qroznıda doğulub. Məşhur Qori müəllimlər seminariyasında təhsil alıb. İlk gənclik illərindən fikir və düşüncələrini məhz incəsənətin sehrkar dili ilə ifadə etmək istəyi sonralar onun Azərbaycan klassik musiqisi sahəsində tanınmışlar sırasına çıxarıb. Skripkada, qaboyda ifa etməyi bacaran baba Müslüm 18 yaşında artıq məşhur incəsənət adamı idi. O, gimnaziyanın orkestrinə dirijorluq edirdi. Baba Müslüm 1911-ci ildə Tiflis Müəllimlər İnstitutunu bitirərək, ailəsi ilə birlikdə Bakıya köçdü. Diqqət çəkən faktlardan biri, bəlkə də ən mühüm olanı budur ki, Azərbaycan operasına "Şah İsmayıl" və "Nərgiz" adlı iki gözəl əsər bəxş edən Müslüm Maqomayev Qori müəllimlər seminariyasında Üzeyir Hacıbəyli ilə birgə təhsil alırdı və təbii ki, onun Bakıya üz tutmasında, ümumən kamil bir şəxsiyyət kimi yetişməsində Azərbaycanın, Şərqin, bu günün gözü ilə baxanda dünyanın dahi bəstəkarı olan Üzeyir bəyin təsirini etiraf etmək gərəkdir. Tatar qızı Bağdagül xanımdan Abdulmüslüm Maqomayevin iki oğlu doğuldu - Camal, Maqomed. Məşhur bəstəkar Baba Müslüm 1937-ci ilin 28 iyulunda 51 yaşında vəfat etdi. Məzarı Nalçik şəhərindədir.
Müslümün atası Maqomed teatr rəssamı oldu. Bakıda VI Maykopda tamaşalara quruluş verdiyi bəllidir. Maqomed Maykopda türk qızı teatr aktrisası Ayşətlə tanış olub (Ayşətin atası türk, anası yarı adıgey, yarı rusdur) evləndilər və Bakıya gəldilər.
İkinci dünya savaşı başladı. Maqomed 1942-ci il avqustun 17-də oğlunun doğulma xəbərini ehtimal ki, döyüş səngərlərindən birində aldı. Çünki əsl kişi xarakterli Maqomed müharibənin əvvəlində cəbhəyə yollanmış, döyüşmüş, qanlı hərbin bitməsinə, yəni alman faşizmi üzərində 9 May qələbə gününə 9 gün qalanda həlak olmuşdu.
Ağır illərdə Stalin təqaüdçüsü, aktrisa Ayşət teatr karyerasını seçərək Vişnıy Voloçyoka köçdü. Ərə getdi. Müslümün qardaşı Yuri, bacısı Tanya doğuldu. Müğənni bütün bunlar barədə çox sonralar xəbər tutdu. 1973-cü ildə o, "Rossiya" hotelində yaşayanda bir qadının gəldiyini və onu soruşduğunu dedilər. Bu, artıq dünya şöhrətli müğənni kimi tanınan Müslüm Maqomayevin anası Ayşət Əhmədova idi. Onlar uzun müddət söhbətləşdilər. Çünki inciklik yarası çox dərin idi.
...Körpə Müslüm əmisi Camalın himayəsində qaldı. Bu, Ayşətin qərarı idi. O, düşünürdü ki, uşağı qayını daha yaxşı böyüdər, nəinki əyalət teatrının aktrisası.
Uşaqlığı müharibəyə və müharibədən sonrakı illərə düşən bütün insanlar kimi balaca Müslümün: "Atam hanı? O, niyə mənim yanıma gəlmir?" suallarına cavab olaraq deyirdilər ki, atan cəbhəyə gedib, hələlik qayıtmaq imkanı yoxdur. Əmisi Camalın, Mura bibinin söhbətlərindən Müslümün nəzərində qəhrəman obrazı yaranmışdı. Hər halda atasız və anasız qalmaq yaradılmış ən rahat şəraitdə belə on yaşlı uşaq üçün məşəqqətdir.
Yəqin ki, burada hələlik əmi ocağında bəy olan Müslüm Maqomayevin şəcərə tanıtımına nöqtə qoymaq lazım gəlir. Çünki daha dolğun məlumatlar kiminsə yazdığı başqa bir yazının mövzusudur. Qeyd olunmalıdır ki, Müslüm özü də irəliki nəsli haqqında elə bu qədər bilirdi. Onun daha öncəki nənə-babalarının milli mənsubiyyəti haqqında yoxlanılmış, bəlkə də üzə çıxarılmış məlumatlar azdır.
Bu ehtimalları dahi müğənni lakonik şəkildə belə qanuniləşdirirdi: "Mən azərbaycanlıyam. Azərbaycan atam, Rusiya anamdır". İki böyük xalqın övladı, 70 il eyni siyasi, iqtisadi, mədəni platformada yer alan eyni adlı iki dövlətin vətəndaşı olan Müslüm Maqomayev öz dövrünün, mürəkkəb bir zamanın kamil yetirməsi idi. Onun həyat və yaradıcılıq yolu hər kəsdə yalnız qürur və məhəbbət doğurur.
1956-ci ildə Konservatoriyada təşkil edilən
bir konsertdə 14 yaşlı Müslümün qeyri-adi səsindən
xəbər tutdular. Konservatoriyanın nəzdindəki musiqi məktəbində
vokal sinfi yox idi. Müslüm fitri istedadı, öz cəhdləri
ilə ariya və romansları ifa edir, eşidənləri heyrətə
salırdı. Müğənninin
ilk çıxışı Pyotr İliç
Çaykovskinin
"Morepa"
operasından bir parçanın ifası olmuşdu. Vokal
sənətinin sirlərinə yiyələnmək
üçün istedadlı yeniyetmə Asəf Zeynallı
adına musiqi məktəbində təhsil aldı. Onun müəllimi Aleksandr
Akimoviç Milovanov, konsertmeyster Tamara İsidorovna Kretinqen idi.
"Sevilya bərbəri"ndə Fiqaronun
ariyası məhz o illərdə müğənninin
repertuarında yer almışdı.
1963-1968-ci
illər... Beş illik Konservatoriya təhsilindən
dərhal sonra (o, Şövkət Məmmədovanın sinfini
bitirdi) Müslüm Maqomayev Milana, "La Skala"
teatrındakı kursa yollandı. Buna qədər
o, kurs yoldaşı Ofeliya ilə evlənmişdi. Ofeliyadan qızı Marina doğuldu. Marina pianoda ifa etməyi öyrənsə də,
babasının məsləhəti ilə universitetin geodeziya-xəritəçəkmə
ixtisasını seçdi, ailə qurandan sonra yaşamaq
üçün ABŞ-a köçdü.
1960-ci illər Müslüm Maqomayev adının
geniş coğrafiyalara yayılan bir dövrüdür.
1962-ci ildə musiqi məktəbinin piano sinfini bitirərək
hərbi orkestrdə ilk ifalarına başlamışdı. Bu arada
müğənni komsomol xətti ilə gənc
ifaçıların Helsinkdə keçirilən VIII
ümumdünya festivalına göndərildi. Onlar festivala Leninqraddan "Gürcüstan" gəmisi
ilə üzdülər. Gənclərin böyük
musiqi yarışmasından sonra "Oqonyok" jurnalı ( bu
nəşr keçmiş SSRİ-nin və eləcə də
bütün dünyanın ən çox tiraja malik, olduqca
populyar jurnal idi) Müslüm Maqomayevin sonralar milyonların
kumirinə çevrilərək yaraşıqlı
simasına yer ayıraraq
yazırdı ki, "Bakılı oğlan
dünyanı mat qoyur".
Sonra Mərkəzi televiziyada konsert. Sonra Kremlin
Qurultaylar sarayı - Şarl Qunun "Faust" operasından
Mefistofelin kupletləri, Üzeyir Hacıbəylinin
"Koroğlu" operasından Həsən xanın
ariyası.
Tamaşaçı elə ilk illərdən duyurdu ki,
Müslümün bariton səsi heyrətamiz dərəcədə
elastikdir, böyük istedadın ən sirli istəklərini,
insan qəlbinin fövqəladə təsirə malik
çırpıntılarını ifadə etməyə
qadirdir. Sanki asanlıqla, əslində peşəkarlıq
sayəsində basa çevrilən bariton ahəngdarlığın
minimal və maksimal miqyasını əhatə dairəsinə
ala bilirdi. Müslüm Maqomayev haqqında yazılanlardan,
dostların, doğmaların söylədiklərindən
açıq-aydın görünür ki, o, son dərəcə
xeyirxah, səxavətli, paxıllıq bilməyən,
hüdudsuz şöhrətinə baxmayaraq təvazökar bir
şəxsiyyətdir. Düzdür, onun sənət
zirvəsinə yüksəlişində möhtəşəm
sovet məkanı rol oynamışdı, o, sovet musiqi məktəbini
keçmişdi. Buna baxmayaraq, bir çox
bədxahlar, ən başlıcası isə rejimin özü
Müslüm zirvəsini bəzən həzm edə bilmirdi.
Məsələn, 1966-cı ildə o, Parisin Olimpiya
teatrına dəvət almışdı. Azərbaycanın o
zamankı kommunist rəhbərliyi Müslüm Maqomayevin vətəndə
az çıxış etdiyini bəhanə
gətirərək səfərə qadağa qoydu. Müslüm onun taleyində böyük rol oynaya biləcək
bir şansı əldən buraxmamaq üçün
SSRİ-nin o zamankı mədəniyyət naziri
Y.Furtsovanın yanına gedir. Sonralar
müğənni etiraf edirdi ki, bir çox məqamlarda Furtsova
olmasaydı, onu "yeyərdilər". Nazirin
köməyindən sonra Müslüm konsert günü Parisə
yetişir. Uğurlu
çıxışdan sonra Paris ona illik çalışma
müqaviləsi təklif edir. Bu dəfə
Moskva qadağa qoyur. Ona deyirlər ki, sən bir il Parisdə çalışacaqsan, bəs
buradakı dövlət tədbirlərində kim oxuyacaq? Bütün bunlara
baxmayaraq "sevimli düşmən" 1968-1970-ci illərdə
Sovet İttifaqının ən populyar müğənnisi idi.
Onun qüdrətli səsi Sovet
İttifaqının sərhədlərini aşmağa
başlamışdı. O, iki dəfə Kan
festivalında "Qızıl Val"la
mükafatlandırılır, ifalarından ibarət albom 4
milyon tirajla yayılır. Bolqarıstanın Sopot şəhərində
keçirilən (1969) IX Beynəlxalq estrada
mahnı ifaçılarının müsabiqəsində
Müslüm Maqomayev K.Sadovskinin "Günü bu gün"
mahnısını ifa etdi. Elə həmin festivalın
səhnəsində başqa bir nominasiyada səslənən
"Qar üzərində ürək" möhtəşəm
alqışlar qazandı. O, hər iki nominasiyada qalıb
gəlir. Münsiflər heyəti müsabiqənin
tarixində ilk dəfə əsasnaməni pozaraq eyni
müsabiqədə iki birinci yeri Müslüm Maqomayevə
verir.
1972-ci il. Müslüm 30
yaşındadır. Polşada olarkən
qardaşlıq qəbiristanlığında atasının məzarını
tapır. 20 ildən sonra ağıla gəlməyən
bir məkanda, sonsuz acı, qəhər və qürur verən
bu görüş "Sonuncu akkord" əsərinin
yaranmasına səbəb olur. Bu bir tale
romanıdır, orada Müslümün ata nisgili ilə dolu
ürəyi döyünürdü.
Vətənə
sevgi, haqqı unutmamaq i
lk
baxışda beynəlmiləl təəssüratı yaradan
Maqomayevin ailəsinin təbiətində idi. Bu
sevgi həqiqi, reklamdan uzaq bir sevgidir. Qismətə
bax, bir dəfə Müslüm qostrol zamanı İsveçrədə
əmisi oğlu Kamalla görüşdü. Əmisi Camal uzun illər xaricdə oğlunun
yaşadığını gizlətmişdi ki,
Müslümü SSRİ-dən çıxmağa qoymazlar.
Kamal Müslümdən təkidlə
qalmağını, yaradıcılığını sərbəst
şəkildə inkişaf etdirmək üçün daha
azad bir mühitə sahib olmağını xahiş etdi.
O isə qalmadı, Azərbaycanı, əmisini
düşünürdü.
O illərdə
Müslüm Maqomayevin qalmaqallı həyatı haqqında
bütün Sovet İttifaqı danışırdı.
Məsələ
belə olmuşdu: Rostov-Donda 40 min nəfərlik stadionda
verdiyi konsertə görə müğənni 200 əvəzinə
600 rubl qonorar almışdı. Hüquq
mühafizə orqanları müğənniyə dinclik
vermirdi. Müslüm Bakıya
sığınmış, onun adını ümumittifaq
konsert proqramlarından silmişdilər.
Bu arada
SSRİ DTK-sının sədri Y.Andropov Furtsovaya zəng edərək
Maqomayevin ifasını
dinləmək istədiyini bildirir. Cavab bu olur
ki, Müslümün Moskvaya gəlməsi
mümkünsüzdür. Məsələni öyrənən
Andropov qərarını bildirir: Bizim ona heç bir
iradımız yoxdur, qoyun gəlib oxusun. SSRİ-nin
dövlət rəhbərləri Xuruşşov, Brejnev,
Andropov onun ifasını sevirdilər. Müslüm
Maqomayevin yaradıcılıq fəaliyyətinin müdafiə
olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin rolu misilsizdir. Müslümün
üzərindən bütün qadağaların
götürülməsində Heydər Əliyevin Andropovdan
xahişi öz işini gördü. Müslüm
onu özünə mənəvi ata sayırdı.
Yeri gəlmişkən, bir dəfə Müslüm Heydər
Əliyevdən onu partiya sıralarına götürməyi
xahiş edir.
Heydər
Əliyev soruşur:
- Ay
Müslüm, axı bu sənin nəyinə lazımdır?
Məsələ
bununla da bitir və Müslüm bir daha bu barədə Heydər
Əliyevə ağız açmır...
XX əsrin
yetirməsi olan böyük müğənninin, bəstəkarın,
pianoçunun və bunlarla bərabər kamil bir şəxsiyyətin
portretini
canlandırmaq üçün cild-cild kitablar
yazılsa belə, yetərli olmaz.
O,
gözü-könlü tox adam idi, hələ
fikir verin həyatının 50 ilini şöhrət zirvəsində
yaşayan dünya şöhrətli müğənni uzun illər
şəxsi evə sahib olmamış, "Rossiya"
mehmanxanasının ən uzunömürlü kirayəçisinə
çevrilmişdir. Onun bank hesabı,
maşını yox idi.
Həyat prinsipi "Gözləmə, qorxma, heç kəsə
əl açma" idi.
Məxsus
olduğu zaman musiqinin axarı, məkanı məşq
zalı, konsert səhnələri, restoranlar, hotel odası, tənhalıq,
siqaretlər...
Uşaqlıq
dostu Yuri Qriqoriyev, gənclik dostu Vladimir Atlantov, mühitini zənginləşdirən
dost insanlar Heydər Əliyev və onun ailəsi, Robert
Rojdestvenski, Aleksandra Paxmutova, Oskar Felsman, Leonid Roşol, Qalina
Vişnevskaya, Mstslav Rastropoviç, Rəsul Həmzətov...
O, mənalı
məclisləri sevirdi, yeyib-içən idi, heç zaman sərxoş olmurdu,
hesabı həmişə özü verirdi. İstedadlı
insanları maqnit kimi özünə çəksə də,
lider olmaq istəmirdi.
Müslüm haqqında ən dolğun mənzərəni
sənətkarın fərdi yaradıcılığı əks
etdirir. Bununla bərabər onun haqqında elə sənədli
lentlər qalmaqdadır ki, ("Yeni görüşlər"dən
- 1964, "Moskva notlarda" - 1969, "Oxuyur Müslüm
Maqomayev" - 1974) sənətkarın canlı
simasının daha dolğun təsəvvür edilməsinə,
ona bağlı yaddaşın işıqlanmasına yardım
göstərir.
Müslüm
Maqomayevin yaradıcı insan həyatına zənginlik gətirən,
ehtiramla çəkilməyə layiq bir ad da var: Tamara
Sinyavskaya. O, nəinki rus xalqının, eləcə də
keçmişdə mövcud olmuş sovetlər ittifaqında
eyni dam altında yaşayan bütün xalqların ürəkdən
sevərək yüksək dəyər verdiyi qüdrətli
bir sənətkardır. Dünya opera
ifaçılığının inkişafında Tamara
Sinyavskayanın müstəsna xidmətləri vardır.
Onun bənzərsiz səsi və gözəl
siması oynadığı saysız-hesabsız tamaşalara
unudulmaz təravət bəxş etmişdir. Azərbaycanlılar üçün əlamətdar
bir cəhət isə Tamara Sinyavskayanın Müslüm
Maqomayevin ömür-gün yoldaşı olması ilə
bağlıdır. Nikolay Nadejdin
"Müslüm Maqomayev. Uğurun sirri" əsərində
yazır ki, onları Robert Rojdestvenski tanış
etmişdir. Əhvalat belə olub. Bakıda Rusiya mədəniyyət günləri
keçirilən zaman Rusiyanın məşhur şairi Robert
Rojdestvenski Tamara Sinyavskayanı təqdim edir. Maqomayev əlini
uzadaraq adını söyləyir: "Müslüm."
Tamara
Sinyavskaya: "Təqdimata ehtiyac yoxdur. Sizi
bütün Sovet İttifaqı tanıyır" - deyir.
Və 1974-cü il noyabr ayının 23-də
iki böyük sənətkar evlənir. Toy "Bakı"
restoranında baş tutur. SSRİ Xalq Rəssamı
Tahir Salahov nigah məsələsinin bir gün ərzində həll
olunmasına kömək göstərir. 34 il birgə yaşayırlar. Müslüm
Maqomayev cismən həyatda yoxdur. Buna
baxmayaraq Tamara Sinyavskaya böyük sevgisinə sadiqdir.
Müslümü hər an onunladır...
Ona həyat, yaşamaq çox yaraşırdı. 63 yaşı vardı... Hər
şeyin başlanğıcı olduğu kimi sonu da var deyə
bir neçə il öncə səhnəylə
vidalaşmışdı. Amma onun pərəstişkarları
bunu böyük sənətkarın yaradıcılıq və
həyatında yeni mərhələnin ərəfəsi kimi
anlayırdılar. Çünki
bütün varlığı sənət qüdrətindən
yaranan bir insanın sənətdən getməyi
ağılasığan deyildi. Ömrünün sonunda
özündə güc tapıb "Əlvida Bakı"nı ifa etməsi bunu sübut etmirmi?
2008-ci il oktyabrın 28-də ilk dəfə solo konsert
ilə çıxış etdiyi Çaykovski adına konsert
salonunun səhnəsində Moskva və Rusiya, babasının
adını daşıyan Azərbaycan Dövlət
Konservatoriyasının səhnəsində Bakı və Azərbaycan
Müslüm Maqomayevlə vidalaşdı.
Onu yaxından tanıyan insanların vida sözləri
milyonların düşüncələrini ifadə edirdi.
Svyatoslav
Beleza: "Kədərimi və məhəbbətimi ifadə
etmək üçün söz tapa bilmirəm. 45 il əvvəl Maqomayev Çaykovski adına
salonun səhnəsində ilk solo konserti ilə
çıxış etmişdi. İndi Rusiya
onu son mənzilə bu salondan yola salır. Bütöv bir dövr getdi, onun misilsiz bariton səsi
neçə-neçə nəsilləri valeh etmişdir.
Özünə qarşı tələbkar olan
Müslüm səhnədən çox tez ayrıldı.
İndi mən kədərlə deməyə məhkumam;
Yeseninin sözlərinə yazdığı "Əlvida,
Bakı, mən səni bir daha görməyəcəyəm"
mahnısındakı sözlərin əksinə olaraq, o,
Bakını görəcək".
Aleksandr
Andreyev: "Rusiyalıların kədərini ifadə etmək
üçün söz tapmaq çətindir. Onun
istedadı təkcə konsert salonlarını və stadionları
doldurmurdu, milyonlarla tamaşaçı onun istedadına heyran
idi. Biz onun pərəstişkarı idik.
O, Azərbaycanın bizə bəxş etdiyi Bakı
bülbülü, həm də Rusiyanın sərvəti
idi..."
Müslüm Maqomayev elə bir sənət möcüzəsi
yaratmışdır ki, onun tamaşaçıları, dinləyicilərinin
hər biri öz zövqünə, estetik duyumuna görə fərqli
qənaətlər ortaya qoya bilər. Bununla bərabər
prinsipial yanaşmada üst-üstə düşən fikirlər
kifayət qədərdir.
Hamı Müslüm Maqomayevin qeyri-adi səs qüdrətinə
malik olduğunu etiraf edir. Adi
tamaşaçılar buna Allah vergisi deyirlər.
Müslüm Maqomayev səbirli bir zəhmət sərf
edərək Allahın verdiyi qeyri-adi səsi cilalamağı,
ən munis insan duyğularını ahəngdar səslə,
başqa sözlə musiqi dili ilə ifadə etməyi bacaran
ustaddır.
Onun yaradıcı fəaliyyəti geniş diapazona malikdir və hər
bir yaradıcılıq sahəsi digər estetik ifadə
imkanını gücləndirir,
müxtəlif tərzlər bütövləşərək
Müslüm Maqomayev bədii varlığının
dolğun mənzərəsini meydana çıxarır. O,
oxuyur, bəstələyir, çalır, rəsmlər
çəkir, səhnədə və ekranda obrazlar
canlandırır. Bütün hallarda insanlar
Müslümün fitri istedadı və kamil şəxsiyyətinə
valeh olurlar.
Monumentallıq Müslüm Maqomayev sənətinin bel
sütunu, genişlik nəfəs dolusu ciyəri, həzinlik
çırpınan qəlbidir. Müslümün qəlbinin
dərinliklərindən çağlayan melodiyalar həmişə
ifa olunan əsərin xarakterinə uyğun bir şəkildə
təcəssüm edir. Bəzən bu əsərlərdə
milli çalarlar axtarmağa ehtiyac qalmır. O,
oxuduğu mahnının sahibinə, həm də o
mahnını yaradan xalqın bir parçasına
çevrilir. Bunu fenomenal bəşəri tədqiqat
da adlandırmaq olar. Bütün hallarda səsdə,
ahəngdə Azərbaycan fakturasını hiss etmək
qaçılmazdır.
Müslüm Maqomayevin sənəti təbii olduğu qədər
estetik, estetik olduğu qədər təbiidir. Onun
yaradıcılığında siqləti, ağır çəkisi
olmayan yarımca not belə tapa bilməzsiniz.
Azərbaycanlı
dinləyicilərin hər birinin gözünün
qarşısında məhz Müslüm Maqomayevin
ölçülü-biçili, hər cizgisi yerində olan
xoş simasını canlandıraraq zümzümə etdiyi, bəzən
zil, bəzən pəs səslə oxuduğu mahnılar var:
"Azərbaycan", "Sənsiz". "Sevgili
canan", "Elegiya", "Arzu",
"Üzüyümün qaşı firuzədəndir",
"Zibeydə" əsərlərini bu sıraya aid etmək
olar. Bu yüksək bədii-estetik məziyyətlərə
malik əsərlərin hər birində Müslüm Maqomayev
ifaçılığının elə möhürü var
ki, sonra oxuyanlar üçün yeni bir keyfiyyətə nail
olmaq çətindir. Burası da var ki, həmin
əsərlər, başqa sözlə Müslümün
ifaları ayrılıqda professional bir məktəb, ifa sistemi
olaraq yeni nəsil musiqiçilərinin yetişməsinə
bir konservatoriya qədər təsir göstərir.
Hər gecəm oldu kədər,
qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər
getdi o saət sənsiz...
Müslüm böyük Nizaminin bu gözəl qəzəlini, (bu əsərin Azərbaycancaya tərcüməsi də uğurludur) Üzeyir Hacıbəylinin dahiyanə bəstəsini oxuyur, yaşayır. Təkcə özü yox, nəğmənin kupletləri axıb getdikcə tamaşaçı, dinləyici də sənsizliyin ağuşunda yer alaraq, sənsizliyi darıxmağa qoymur, tənhalığın fəlsəfəsi hicran, həsrət, ayrılıq ilmələri kimi dənə-dənə çözülür.
Müslüm beytin birinci misrasındakı "hər gecəm" sözlərini elə miqyasda uzadaraq səsləndirir ki, sənsizlik gecəsinin sanki heç zaman bitməmək təhlükəsi haqqında xəbərdarlıq ötürülür...
Müslüm beytin ikinci misrasındakı "hər nəfəs çəkdim" sözlərini elə səsləndirir ki, sanki o, bu sözləri söyləməklə kifayətlənmir və ruhunda dərin bir hicr, qəhər olan nəfəsi, həqiqətən o nəfəsdə taqətdən düşən ürəyin azalan döyüntüsünü, candan ayrılan sonuncu ahı göstərir.
Sənin ol cəlb eləyən vəslinə
and içdim inan,
Hicrinə yandı canım, yox daha
taqət sənsiz.
...Sən mənim qəlbimə hakim,
sənə qul odu könül,
Sən əzizsən, mən ucuz,
bir heçəm, afət sənsiz.
Fövqəladə mifik lirizmlə yanaşı monumental
tamlıq, həqiqilik "Sənsiz" ifasının
canıdır.
Əslində sənsizlik haqqında bu əsər
Müslümün ifasında varlıqdan bəhs edən bir
örnək təsirini oyadır.
"Sənsiz" kədərli ruhuna baxmayaraq möhtəşəm,
gözəl həyatdan bəhs edən bir dastandır.
Müslüm Maqomayevin ifası bənzərsiz
olduğuna görə o, ən sadə və ən mürəkkəb
notları, mahnı mətnlərini yenidən mənalandırır,
yeni fəlsəfəni ortaya qoyur.
Müğənni
Müslümün şöhrəti, adının
işığı o qədər gurdur ki, bəstəkar
Müslümdən az danışırlar.
Halbuki o, saysız-hesabsız və hər biri də dəyərli
ariyalar, romanslar, estrada mahnıları ifa
etməklə yanaşı, müxtəlif janrlarda musiqi əsərləri
bəstələmişdir. "Gümüşgölün
əfsanəsi", "Təxribat", "İstanbul
reysi" filmlərinin musiqilərini yazmışdır.
Müslüm
Maqomayev... Boylu-buxunlu, qədd-qamətli, əbədiyaşar
sənət yolu olan bu sənətkar işıqlı
dünyaya bənzərsiz səs şəklində gəldi, əslində
o qüdrətli səsi təbiətdən alsa da, o səsin
harmoniyasını insanlardan, insanlara məxsus həyatdan
pıçıltı-pıçıltı, haray-haray, nəfəs-nəfəs
toplamışdı.
Bir gün o, canında nə qədər səs varsa
sonuncu nəfəsə qədər insanlara bəxş edərək
susdu. Susan səs bu dəfə
adamların qəlbində çağladı.
Müslüm canda gəzdirdiyi ən qiymətli səsi yenidən
insanlara qaytarmağı bacardı...
Vaqif
BƏHMƏNLİ
Azərbaycan. - 2014.- 19 avqust.- S. 5.