Prezident İlham
ƏLİYEV: «Azərbaycanda sosial sahədə
vəziyyət dünyanın aparıcı ölkələrindən
geri qalmamalıdır»
Əhalinin sosial müdafiəsi hər bir dövlət üçün xüsusi önəm daşıyır. Çünki bütün iqtisadi və siyasi islahatların, həyata keçirilən layihələrin son məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanır. Ölkəmizdə də həyata keçirilən tədbirlərin başlıca amalı neft kapitalının insan kapitalına çevrilməsidir. Son illər sosial problemlərin həllində qazanılan böyük uğurlar bunu sübut edir.
Cari ilin 6 ayında aztəminatlı əhalinin sosial-məişət problemlərinin həlli, onların yaşayış səviyyəsinin qaldırılması və sosial yardımların ünvanlığının təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Bu dövrdə ölkə üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olmaqla son bir ildə 10,5 faiz artmışdır. Yardımların maliyyələşdirilməsinə 6 ay ərzində 107 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox vəsait xərclənmişdir.
İlin birinci yarısında əhalinin, xüsusilə çoxuşaqlı ailələrin və əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində də çox iş görülmüşdür. Məsələn, "Sosial müavinətlər haqqında" qanuna edilən dəyişikliyə uyğun olaraq 5-dən çox uşağı olan ailələrin 18 yaşına çatmamış 6340 övladına sosial müavinət təyin edilmişdir.
Ölkəmizdə müharibə əlillərinə xüsusi qayğı göstərilir. Cari ilin birinci yarısında bu kateqoriyadan olan 18262 nəfər müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən, cari il aprelin 1-də onlara verilən Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150, II qrup əlillər üçün 130, III qrup əlillər üçün 100 manata çatdırılmışdır. Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği 100 manata qaldırılmışdır.
Cari ilin birinci yarısında sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcədindən 145,6 milyon manat vəsait xərclənmişdir. Hesabat dövründə 677 nəfər Qarabağ və 323 nəfər Böyük Vətən müharibələri əlillərinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə 1000 nəfərə minik avtomobili hədiyyə olunmuşdur. Eyni zamanda müharibə veteranlarına, əlillərə və digər imtiyazlı şəxslərin 118-nə mənzil verilmişdir.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əhalinin sosial müdafiəsindən danışarkən
demişdir: "Sosial
məsələlərin həlli bu 6 ayda da diqqət mərkəzində
olmuşdur. Orta əməkhaqqı artıb,
indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da
artacaqdır. Sosial infrastruktur
layihələri icra edilir. 80-dən çox təhsil müəssisəsi, 40-dan çox
səhiyyə ocağı
təmir olunur, tikilir. Yəni bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir.
Eyni zamanda əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin
edilir. Bu, əhali tərəfindən
böyük rəğbətlə
qarşılanır. Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir.
İslahatlar şəffaflıq nöqteyi-nəzərindən daha
da dərinləşməlidir.
Dünyanın aparıcı ölkələrinin
bu sahədə böyük təcrübəsi
vardır. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız vardır".
Dövlət Statistika Komitəsinin cari ilin 7 ayı
üzrə açıqladığı
rəqəmlərdən də
aydın görünür
ki, əhalinin sosial vəziyyəti bu dövrdə də artmaqda davam etmişdir. Məsələn,
cari ilin 7 ayında əhalinin gəlirləri ötən
ilin müvafiq dövrünə nisbətən
4,7 faiz artaraq
21 milyard manata çatmışdır. Orta
hesabla hər bir nəfərə düşən gəlirlər
isə 3,4 faiz artaraq orta
hesabla ayda 319,9 manat olmuşdur. Gəlirlərin 70,3 faizi
son istehlaka, 9,1 faizi vergilərə, sosial sığorta və könüllü üzvlük
haqlarının ödənilməsinə,
18 faizi əmanətlərin
və kapitalın artırılmasına sərf
edilmişdir.
İyul
ayının 1-nə kimi
ölkədə pensiyaçıların
sayı 1285 min nəfər
olmuş və onlar ölkə əhalisinin 13,6 faizini təşkil etmişdir. Təyin edilən aylıq pensiyaların orta məbləği 172,2 manata çataraq orta əməkhaqqının
39,2 faizinə bərabər
olmuşdur. Bu dövrdə
332,2 min nəfər sosial
müavinət, 60,9 min nəfər
birdəfəlik müavinət,
50,2 min nəfər Azərbaycan
Respublikası qarşısında
xüsusi xidmətlərə
görə təqaüd
və 126,6 min ailənin
555,2 min nəfər üzvü
ünvanlı dövlət
sosial yardımı almışdır.
Hesabat dövründə ölkə
iqtisadiyyatında muzdla
çalışan işçilərin
orta aylıq əməkhaqqı isə
əvvəlki ilin müvafiq dövrünə
nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil etmişdir. Amma sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin
əməkhaqqı daha
yüksəkdir. Belə
ki, sənayedə çalışanların orta
aylıq əməkhaqqı
705,6, tikinti sahəsində çalışanların
622,3, nəqliyyat sahəsində
fəaliyyət göstərənlərin
539, informasiya və rabitə sektorunda işləyənlərinki 726,4 manatdır. Bununla yanaşı, orta aylıq əməkhaqqı
neft sektorunda 1777,6, qeyri-neft sektorunda
406, dövlət bölməsində
354,3, özəl bölmədə
566,5 manat təşkil
etmişdir.
Əhalinin banklara qoyduğu əmanətlərin xüsusi sosial-iqtisadi mənası var. Yəni əhali zəruri ehtiyaclarını ödədikdən sonra qalan vəsaitlərini banklara əmanət kimi qoya bilirsə, bu, sosial rifahın yüksəkliyindən xəbər verir. Son 7 ay ərzində əhalinin banklardakı əmanətlərinin məbləği 6,7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artmışdır. Əhali banklara əmanət şəklində pul qoyarkən milli valyutaya üstünlük verir. Bunun nəticəsidir ki, banklara qoyulan əmanətlərin 62,5 faizini milli valyuta təşkil edir.
Ölkə əhalisinin gəliri artdıqca istehlak bazarında da canlanma müşahidə olunur. Son 7 ay ərzində istehlak bazarında 11,8 milyard manatlıq istehlak malları alınmışdır. Göstərilmiş pullu xidmətlərin müqabilində isə 3532,4 milyon manat ödənmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 9,1, o cümlədən ərzaq məhsullarının satışı 3,5, qeyri-ərzaq mallarının satışı 15, pullu xidmətlərin həcmi 6,6 faiz artmışdır.
Rüstəm
KAMAL
Azərbaycan. - 2014.- 20 avqust.- S. 1.