Azərbaycan, Türkiyə və
Gürcüstanın müdafiə nazirləri
Naxçıvan Muxtar Respublikasında
Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində oldular
Avqustun
19-da Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov, Gürcüstanın
müdafiə naziri İrakli Alasaniya və Türkiyə
Respublikasının milli müdafiə naziri İsmət
Yılmaz Naxçıvan Muxtar Respublikasında Əlahiddə
Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində
oldular.
AzərTAc xəbər verir ki, şəxsi heyət üçün yaradılmış şəraitlə tanışlıq zamanı müdafiə nazirləri hərbi hissənin maddi-texniki bazasının yüksək səviyyədə olduğunu qeyd etdilər.
Bundan əvvəl isə qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış oldular. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinə tarixi abidə barədə ətraflı məlumat verilərək bildirildi ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olubdur. Qala müharibələr nəticəsində dağıdılıb və əvvəlki möhtəşəmliyini itirib. 2010-cu ildə abidənin bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib. Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılaraq ziyarətçilərin istifadəsinə verilib.
Kompleksin muzeyi ilə tanış olan qonaqlara bildirildi ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, son tunc və erkən dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır.
Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Nuh Peyğəmbərin məzarüstü türbəsini, Duzdağ Fizioterapiya Mərkəzini, Möminə Xatun Türbəsini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq və Naxçıvan Dövlət Xalça muzeylərini də ziyarət etdilər.
Avqustun 19-da Türkiyə
Respublikası və Gürcüstanın müdafiə nazirlərinin
ölkəmizə səfəri başa
çatdı.
Azərbaycan. - 2014.- 20 avqust.- S. 2.