Kəngərlidə tikilən məktəb
binası müasirliyi ilə seçilir
Son illər Kəngərli rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində bölgənin siması tanınmaz dərəcədə dəyişib. 11 yaşayış məskənini əhatə edən rayonda genişmiqyaslı sosial infrastruktur layihələri həyata keçirilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, məktəb binaları inşa edilib və ya yenidən qurulub, gözəl yollar salınıb.
Rayonun ən böyük kəndi olan Qarabağlarda bu günlərdə yeni məktəb binasının tikintisi aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsi tərəfindən inşa edilən təhsil müəssisəsində hazırda qızğın iş gedir. Əsaslı yenidənqurma işlərinin həyata keçirildiyi obyekt haqqında məlumat almaq üçün idarə rəisi Vəzir Əliyevlə görüşdük.
Öyrəndik ki, zirzəmi və 3 mərtəbədən ibarət olan binada işlərə mart ayından başlanılıb. İlk olaraq binanın arxasındakı tamamilə yararsız vəziyyətdə olan idman zalı sökülüb, binanın kənar divarları saxlanılmaqla digər arakəsmələr çapılaraq götürülüb.
468 şagird yerlik tam orta məktəb binası kənd əhalisinin, müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Belə ki, əvvəllər buradakı orta məktəb binası öz istismar müddətini başa vurmuş, məktəbin qızdırılmasında ciddi problemlər meydana gəlmişdi. İndi isə şagirdlər gözəl və səliqəli, müasir avadanlıqlarla təchiz olunmuş yeni təhsil ocağında dərs keçəcək, fərdi qazanxana vasitəsiylə payız-qış mövsümündə soyuqdan əziyyət çəkməyəcəklər.
Məktəbdə hər biri 18 nəfərlik olan 26 sinif, müdir və qəbul otağı, tədris hissə, təsərrüfat müdirləri, psixoloq, təşkilatçı və gənclər təşkilatı sədri üçün kabinet, iki müəllimlər və 2 kompüter otağı, fizika, kimya, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana, müəllim və şagirdlər üçün ayrılıqda bufetlər, idman zalı, idman müəllimi üçün ayrıca otaq, iki qarderob və iki soyunub-geyinmə otağı var. Ayrıca 4 elektron lövhəli sinif, həmçinin 6 yarımqrup üçün sinif fəaliyyət göstərəcək.
Binada tikinti işləri sürətlə
davam edir. Artıq dam örtüyü
vurulub, istilik və elektrik xətləri çəkilib,
pəncərələr salınıb,
qara suvaq üzərində ağlama
işləri görülüb.
Mərtəbələrdə döşəmə işləri yekunlaşıb,
asma tavanlar vurulub. Usta və fəhlələr
binanın daxili boyama işlərinə hazırlıq görürlər.
Binanın istilik sistemi ilə təchiz olunması üçün
mavi qazdan istifadə edilərək kalorifer sistemi işə salınacaq. Qeyd edək
ki, bir vaxtlar
xarici ölkələrdən
alınıb gətirilən
istilik qazanı indi muxtar respublikanın
özündə istehsal
olunur. Alınması,
gətirilməsi böyük
məbləğdə pul
tutan elektrik qazanı Gəmiqaya MMC-nin Sənaye Kompleksinin məhsuludur.
Ümumiyyətlə, tikinti işlərində yerli materiallardan istifadə olunmasına xüsusi diqqət yetirilir. Belə ki, binanın
döşəməsində istifadə edilən daşlar məktəbin bir neçə yüz metrliyində yerləşən Qarabağlar
daş ocaqlarından çıxarılan xammaldan
alınan travertinlərdir.
Həmin
daşlardan binanın
fasadındakı pəncərə
kənarlıqlarında da
istifadə edilib.
Pəncərə və şüşələr
də muxtar respublikanın istehsal müəssisələrindən alınıb.
Məktəb binasının yeni dərs ilinə kimi istifadəyə verilməsi üçün
rayon tikinti idarəsinin
kollektivi bütün səy və bacarıqlarından istifadə
edir.
Məktəbin direktoru, əməkdar müəllim Mənsim Məmmədovla da söhbət etdik. Ötən dərs
ilinin yekunları ilə maraqlandıq, yeni və müasir
üslublu binanın tikilməsi barədə təəssüratlarını öyrəndik. Direktor bildirdi
ki, yeni dərs ilində məktəbdə 252 şagird
təhsil alacaq. Ötən dərs ilində isə məktəbi 41 şagird bitirib. Onlardan 31 nəfəri ali məktəblərə
sənəd verib və 13 şagird ayrı-ayrı universitetlərin
tələbəsi adını
qazanıb. Məzunlardan
3 nəfəri Heydər
Əliyev adına
Hərbi Liseyə qəbul olunub.
Dərs ilinin yekunlarına əsasən, məktəbin
yetirməsi Xanım Mehdiyeva qızıl medala layiq görülüb. Ötən
dərs ilinin uğurları sırasında
məktəbin ədəbiyyat
müəllimi Rəsmiyyə
Seyidovanın "İlin
ən yaxşı müəllimi" müsabiqəsinin
qalibi olması, həmçinin fransız
dili müəllimi Gültəkin Hüseynovanın
Naxçıvan Muxtar
Respublikasının "Əməkdar
müəllimi" adına
layiq görülməsi
də var.
Mənsim
müəllim dərs
ilindən müasir üslublu yeni binada fəaliyyət göstərəcəklərinin sevincini yaşadıqlarını
da xüsusi vurğuladı:
- 51 müəllimin çalışdığı
məktəbimizin uğurları
bundan sonra daha çox olacaq. Uzun illər idi
ki, yarı yararsız vəziyyətdə
olan məktəb binasında fəalliyyət
göstərirdik. Siniflərin qızdırılmasındakı
çətinliklər payız-qış
mövsümündə tədrisin
keyfiyyətinə xeyli
təsir edirdi. Amma bundan sonra hər
cür şəraitlə
təmin olunmuş siniflərdə uşaqlar
da, müəllimlər
də soyuq dərdi çəkməyəcəklər.
Bu da istər-istəməz
həm dərslərin
keyfiyyətinin artırılmasına
səbəb olacaq, həm də şagirdlər dərslərə
rahat hazırlaşacaqlar.
Dövlətin bu diqqəti və qayğısı qarşılığında bizim
bircə borcumuz var: məsuliyyətlə çalışmaq və
ölkəmiz üçün
layiqli, savadlı və yüksək mənəviyyatlı gənclər
yetişdirmək. Bütün müəllim
kollektivimiz adından deyə bilərəm ki, növbəti dərs ilinin yekunlarında məktəbin
uğurları daha çox olacaq.
Elxan MƏMMƏDOV
Azərbaycan. - 2014.- 20 avqust.- S. 2.