Beynəlxalq təşkilatlar ikili standartlardan
uzaqlaşmalıdır
Son vaxtlar bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin əleyhinə hazırlanan qərəzli hesabatların, bəyanatların artması erməni lobbisi və antiazərbaycançı şəbəkənin fəallaşdığını göstərir. Görünən odur ki, Azərbaycanın regionda potensial güc mərkəzi kimi çıxış etməsi və beynəlxalq müstəvidə nüfuz qazanması ermənipərəst dairələri, o cümlədən Avropanın bir sıra dövlətlərini razı salmır.
Bu hal özünü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daha qabarıq göstərir. Bəllidir ki, Ermənistan iyirmi ildən çoxdur Azərbaycanın dünya ölkələri tərəfindən tanınan ərazilərini işğal altında saxlayır. Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi təəssüf ki, icra edilməmiş qalır. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə əməl edilmir. Etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmur. Məsələyə ikili standartlardan yanaşılaraq Azərbaycanın haqlı mövqeyi dəstəklənmir. Əksinə, işğalçı ölkəni hər hansı bir formada cəzalandırmaq əvəzinə, quru bəyanatlar verərək məsələnin həll prosesi uzadılır.
Ermənistan isə bundan istifadə edib status-kvonu saxlamağa çalışır. Düşmənin kəşfiyyat-təxribat qrupları son günlərdə atəşkəs rejimini pozaraq cəbhənin müxtəlif istiqamətlərində təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstərməsi də ermənilərin bu problemin həllinə maraqlı olmadığını təsdiqləyir. Bu, cəbhə xətti boyunca gərginliyin xeyli artmasına, insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub və onların təhlükəsizliyini şübhə altına alıb. Bununla Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında əks olunmuş hərbi əməliyyatlardan çəkinilməsinə və münaqişənin sülh yolu ilə həllinə məhəl qoymadığını bir daha sübut edir. Əslində bu, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradırdı. Amma, nədənsə, regionda və dünyada təhlükəsizliyi təhdid edən bu münaqişənin həllindən yayınan, beynəlxalq hüquq və normaları çox kobud şəkildə pozan Ermənistana qarşı sanksiyalar tətbiq olunmur. Sual olunur, nə üçün beynəlxalq ictimaiyyət bu haqsızlıqlara hələ də göz yumur? Nəyə görə qərblilər konkret cinayət əməllərinə görə həbs olunan vətən xainlərini "mələk" donunda görərək ölkəmizdə "siyasi məhbus" şouları düzəldir, qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı qanunlar qəbul edir, ancaq bir sıra dövlətlər tərəfindən də tanınan əsrin faciəsi-Xocalı soyqırımı barədə hələ də susurlar? Nə vaxta qədər onlar işğala və təcavüzə məruz qalan Azərbaycana münasibətdə "ikili standartlar" üzrə hərəkət edəcəklər?
ATƏT-in Minsk qrupunun dəyişən həmsədrlərinin bölgəyə səfərləri və onların əliboş qayıtması da göz önündədir. Prezident İlham Əliyev də dəfələrlə beynəlxalq təşkilatların Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını bildirib: "BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var".
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə bağlı cari ilin iyununda Strasburqa səfər edən Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı demişdir: "...Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona görə də fikirləşirlər ki, Minsk qrupu onlar üçün ən yaxşı formatdır. Biz başa düşürük ki, münaqişənin həlli üçün Minsk qrupundan başqa alternativ yoxdur. Amma onlar heç bir nəticə vermirlər. Fikirləşirəm ki, Avropa Şurası bu məsələyə daha aktiv yanaşmalıdır. Həmin Dağlıq Qarabağ münaqişəsilə bağlı komitənin bərpa olunması bu yolda vacib addım ola bilər. Vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır. Biz bu mexanizmləri birlikdə hazırlamağı təklif edirik. Ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır. Biz ikili standartlardan uzaqlaşmalıyıq".
Biz hələ ki münaqişənin həlli istiqamətində yenilik hiss etmirik. Belə bir halda təbii ki, Azərbaycan xalqı ABŞ və Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeni ikili standartların bariz nümunəsi, ədalətsiz yanaşma hesab etməkdə haqlıdır. Bir sıra ölkələrə ciddi sanksiyalar tətbiq edən Qərb dövlətləri BMT və dünyanın digər nüfuzlu təşkilatlarının qərar və qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı heç bir tədbir görmürlər. Məhz bu cəzasızlıq mühitinə görə Ermənistan hələ də yeni işğalçılıq planlarını reallaşdırmaqdan, 1994-cü ildə əldə olunmuş atəşkəsi kobud şəkildə pozmaqdan, çoxsaylı insan tələfatına səbəb olan təxribatlardan çəkinmir.
Elgün MƏNSİMOV
Azərbaycan. - 2014.- 20 avqust.- S. 3.