Passiv həyata «yox» deyək
Müasir
elm-texnologiya əsrində
insan çox az hərəkət
edir. Fiziki fəallığa bəlkə də imkanı olmur, gününün çox
hissəsini yazı masası arxasında, evdə televizorun qarşısında keçirir.
Kompüter, internet həyatımıza daxil olandan sonra
isə monitorun qarşısından əl
çəkə bilmirik.
Gəzməyə halımız, taqətimiz
olmur. Evdən işə, görüşlərə,
tədbirlərə, qonaqlıqlara
avtomobillə gedib-gəlirik.
Bütün bunlarsa insanın
öz qamətinə işgəncə verməkdən
başqa bir şey deyil.
Tibbi statistikaya görə, onurğa və oynaq xəstəliklərinin
70 faizinin yaranma səbəbi insanların az hərəkətli
həyat tərzi keçirməsi ilə bağlıdır. Bu baxımdan osteoxondroz - fəqərə sütunu
xəstəliyi son zamanlar
əhali arasında çox geniş yayılmışdır. Hazırda müxtəlif
dərəcəli osteoxondrozdan
şikayət etməyən
az-az adama rast gələrik. Araşdırmalara görə, dünya
əhalisinin 80 faizi bu və digər
formada çoxlarının
təhlükəsiz saydığı
bu bəladan əziyyət çəkir.
Özü də Yer kürəsində yaşayan
insanların yarıdan
çoxu bu xəstəliyə tutulduqlarının
heç fərqində
də deyil. Ən acınacaqlısı odur ki, xəstələr tibbi yardım üçün həkimlərə
o qədər gec müraciət edirlər ki, bu da
son məqamda cərrahi
əməliyyatlarla nəticələnir.
Vaxtında və düzgün
müalicə edilməyən
osteoxondroz, sadəcə,
ciddi narahatlıq, ağrı demək deyil, həm də əlilliklə nəticələnə bilir.
Tibb alimlərimizin fikrincə,
30 yaşdan sonra osteoxondrozun hər kəsdə olma ehtimalı var. Hazırda uşaqlarda müşahidə
olunan onurğa sütunu problemləri - skolioz, kifoz, lordoz osteoxondroza apara bilər. Oğlanlara nisbətən qızlarda bu xəstəlik daha çox baş verir. Əsasən
də 11-12 yaşlarında
özünü göstərir.
Azərbaycan Respublikası Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunun böyüklərin ortopediyası
şöbəsinin elmi
işçisi Toğrul
Cəlilovla osteoxondrozun
risk amilləri, əmələgəlmə
səbəbləri, profilaktikası,
müalicəsi haqqında
xeyli söhbət etdik. T.Cəlilov öncə bildirdi
ki, onurğa sütunu 32 fəqərədən
ibarətdir. Müxtəlif
formalı və ölçülü 7 boyun,
12 döş və 5 bel fəqərəsinin hər biri yuxarıdakı
və aşağıdakı
fəqərələrlə oynaq çıxıntıları
vasitəsilə hərəkətli
şəkildə birləşir
və onların arasında amortizator rolunu oynayan elastik qığırdaqlar
- fəqərəarası disklər
yerləşir. Disklərin bu
xüsusiyyəti onların
quruluşu ilə bağlıdır - hər
diskin mərkəzində
jeleyəbənzər maddədən
ibarət pulpoz nüvə yerləşir.
Fəqərə sütununun
belə quruluşu bədəni müxtəlif
tərəflərə çevirməyə
- qarşıya, arxaya
əyməyə və
s. imkan verir. 5 oma fəqərəsi
isə biri digərinə birləşərək
üzərinə böyük
ağırlıq qəbul
etməyə qadir olan vahid sümük
təşkil edir.
Fəqərə sütununun son hissəsi
üç birləşmiş
kiçik fəqərədən
ibarət olan büzdümdür.
Fəqərəarası diskin jileyəbənzər
nüvəsinin amortizasiya
funksiyasını itirməsi,
diskin özünün
isə nazilərək
tədricən dağılması
prosesləri osteoxondroz
xəstəliyinin əsasını
təşkil edir. Osteoxondrozun inkişafı
ilə bu proseslər dərinləşir
və hətta fəqərələrin özü
də deformasiyaya uğrayır.
Fəqərə sütununun daha
bir əhəmiyyətli
funksiyası üst-üstə
yerləşən fəqərə
dəliklərinin fəqərə
sütunu boyunca təşkil etdiyi fəqərə kanalında
olduqca mühüm bir orqanın - onurğa beyninin olmasıdır. Onurğa beynindən çıxan,
fəqərələrin aralarından
keçərək daxili
orqanlara, əzələlərə
və sairədək uzanan sinirlər onların fəaliyyətində,
hissiyyat funksiyalarında
mühüm rol oynayır. Fəqərəarası diskin elastikliyinin
itməsi, nazilməsi
və ya dağılması səbəbi
ilə jeleyəbənzər
nüvənin yırtıq
şəklində çıxması
həmin sinirlərdən
birinin və ya bir neçəsinin
sıxılmasına və
nəticədə bədənin
müxtəlif nahiyələrində
və orqanlarında ağrılara, orqanların
fəaliyyətinin pozulmasına
gətirib çıxarır.
Ağrı osteoxondrozun əsas əlamətidir. O, bəzən çox əziyyətverici,
uzunmüddətli (günlərlə
və aylarla davam edən) olur, çətinliklə
aradan qaldırılır.
Osteoxondroz ağrıları
fəqərə sütununun
zədələnmə yerinə
müvafiq olaraq fərqli xarakter daşıyır. Boyun osteoxondrozuna
baş ağrıları,
başgicəllənmə, döş qəfəsi, boyun, yuxarı ətraf ağrıları
xasdır. Bəzən əllərin
və hətta dilin keyləşməsi və soyuq olması
hissi, səsin yoğunlaşması qeyd edilir. Döş nahiyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salına bilər. Fəqərə sütununun döş
hissəsinin osteoxondrozu
zamanı ürək,
qaraciyər, mədə
nahiyəsində güclü
ağrılar qeyd olunur. Ən çox yayılmış
bel hissəsinin osteoxondrozu zamanı isə bel nahiyəsində
və aşağı
ətraflarda güclü
ağrılar, keyləşmə,
soyuma hissi, bəzən hətta ayağın arıqlaması,
cinsi zəiflik (kişilərdə impotensiya)
müşahidə olunur.
Vaxtında müalicə olunmadıqda
osteoxondroz ətrafların
parez və iflicinə gətirib çıxara bilir.
Osteoxondrozun əsas risk amilləri
və əmələ
gəlmə səbəblərindən
danışan həkim
Toğrul Cəlilov ilk
növbədə irsiyyət
faktorunu qeyd etdi. Onu da vurğuladı
ki, osteoxondroza meyillilik irsi xarakter daşısa da, nəslində osteoxondroz halları olan insanlarda bu xəstəliyin əmələ gəlməsi
mütləq deyil.
Burada profilaktika da əhəmiyyətli yer tutur.
İkinci amil fəqərə sütununda yaşla bağlı dəyişikliklərlə
bağlıdır. Fiziki fəallığın
azlığı isə
mühüm səbəblərdən
biri kimi göstərilir. T.Cəlilov qeyd
etdi ki, fəqərəarası disklərdə
qan damarları olmur. Disk qidalandırıcı
maddələri və
oksigeni ətraf toxumalardan alır. Buna görə fiziki
fəal insanlarda həmin toxumalarda qan dövranı və nəticə olaraq disklərin qidalanma prosesi daha güclü gedir. Hərəkət azlığının daha bir mənfi
nəticəsi kürək
və bel əzələlərinin zəifləməsidir.
Belə halda bir sıra
hərəkətlər, məsələn,
ağır əşyaların
qaldırılması zamanı
əsas yük fəqərə sütununun
üzərinə düşür.
Həddən artıq fiziki gərginlik də əsas risk amillərindən
hesab olunur. Hərəkət azlığı kimi bu amil
də zərərlidir
- ağır əşyaları
qaldırmaq və ya daşımaq, kəskin hərəkətlər,
cəld və ya tez-tez edilən
əyilmələr, idmançılara
xas olan artıq fiziki gərginlik də onurğa sütununa mənfi təsir göstərir.
Uzun müddət
oturaq vəziyyətdə
və ya ayaqüstə qalmaq, məsələn, idarə
işçilərinin, satıcıların
əmək şəraiti
kimi vəziyyətlər,
tez-tez soyuqlamalar, soyuq və rütubətli
otaqlarda qalmaq və ya işləmək
də osteoxondrozun yaranma səbəbləri kimi qeyd edilir.
Artıq çəki fəqərə
sütununa düşən
yükü çoxaldır. Bud, bel, qarın nahiyələrində olan
artıq piy xüsusən zərərlidir.
Osteoxondrozun profilaktikasına gəldikdə
isə, ən vacib amillərdən biri düzgün qamətdir. Buna ciddi
diqqət yetirmək, onurğanı düz tutmaq, çiyinləri irəliyə doğru bükməmək, əksinə,
arxaya doğru açmaq lazımdır.
Digər
vacib amillərdən biri də mütəmadi
fiziki aktivlikdir. Lakin ifrat dərəcədə
fiziki gərginlik, ağır məşqlər,
o cümlədən əzələ
kütləsinin artırılmasına
yönəlmiş bir
sıra çalışmalar
fəqərə sütunu
üçün olduqca
ziyanlıdır.
"Ağır yükləri
qaldırmaq və daşımaq fəqərə
sütununa mənfi təsir göstərir. Əgər hər
hansı ağır əşyanı qaldırmaq
tələb olunursa, onu əyilərək yerdən götürmək
olmaz, dizləri bükərək oturmaq və beli düz
tutaraq qaldırmaq lazımdır. Belə halda
fəqərə sütunu
daha az yüklənir"
- deyə Toğrul Cəlilov qeyd etdi. Daha sonra bildirdi ki, ev işləri görərkən
qadınlar mümkün
qədər az əyilməli və bu vəziyyətdə imkan daxilində az işləməlidirlər.
Yelçəkəndən və soyuqlamadan
qorunmaq lazımdır.
Orqanizmin
susuzlaşmasına yol
vermək olmaz. Fəqərəarası disklərin sağlamlığı
üçün maye olduqca vacibdir.
Yazı
stolu arxasında və ya kompüterdə
iş zamanı hər 30-45 dəqiqədən
bir qalxaraq yüngül çalışmalar
etmək - gəzişmək,
bədənin açılması
üçün hərəkətlər
vacibdir. Osteoxondrozun ilk əlamətləri baş verdikdə dərhal həkimə müraciət edilməlidir.
Osteoxondrozun müalicəsi haqqında
danışan T.Cəlilov
bildirdi ki, son illər xondroprotektorlardan daha geniş istifadə olunur. Ümumiyyətlə, tərəfimizdən problemə
dair yeni baxışlar işlənib
və burada ortopedik rejimə, qidalanmaya və hərəkət qiqiyenasına
mühüm yer ayrılır.
Bir sözlə,
osteoxrondroza tutulmamaq üçün passiv həyatla vidalaşmaq lazımdır.
İradə
ƏLİYEVA
Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.