Gəncə ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssürat oyatdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın qərb bölgəsinə tur-aksiyaya gələn Sumqayıt və Xızı məktəbliləri avqustun 17-də Gəncənin maddi-mədəniyyət abidələri ilə yanaşı, burada həyata keçirilən abadlıq və quruculuq işləri ilə də yaxından tanış oldular.

AzərTAc xəbər verir ki, şəhərlə tanışlığa dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsindən başlayan tur iştirakçılarına Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində görülən genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verildi. Sonra şagirdlər şairin məqbərəsini ziyarət edərək, qarşısında xatirə şəkli çəkdirdilər.

Məqbərəni əhatə edən ərazidə inşa edilmiş Nizami muzeyində olan məktəblilər muzeyin salonlarını gəzərək şairin dövrünü əks etdirən eksponatlara baxdılar. Qalaarxeologiyaetnoqrafiya muzeyində davam etdirilən ekskursiya zamanı şagirdlərə məlumat verildi ki, uzunluğu 47, hündürlüyü 15, eni isə 10 metrə yaxın olan qalada ümumilikdə 4 sərgi salonu varbu salonlarda arxeoloji qazıntılar zamanı aşkar edilmiş qiymətli eksponatlar nümayiş etdirilir.

Sonra Sumqayıt və Xızı məktəblilərinin Gəncə ilə tanışlığı şəhər mərkəzində yerləşən Cavad xan türbəsi, Şah Abbas məscidi, Çökək hamam tarixi memarlıq abidəsində davam etdirildi. Şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri Xan bağı Sumqayıt və Xızı məktəblilərində xoş təəssürat oyatdı. Onlar bir neçə saat bağda dincələrək, özlərinə çoxlu dostlar qazandılar.

Sumqayıt texniki və təbiət elmləri liseyinin XI sini şagirdi Nərmin Quluzadə təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşərək dedi: “Mən Gəncənin bu qədər gözəl olduğunu təsəvvür etmirdim. Ancaq gəlib gördükdən sonra anladım ki, yanılmışam. Azərbaycanımızın ikinci böyük şəhəri olan Gəncə həqiqətən dahi şairimiz Nizami Gəncəvinin adına layiq səviyyədədir. Əgər ölkə başçımızın tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiya təşkil olunmasaydı, bəlkə də bu qədim şəhər haqqında tam təsəvvürüm olmayacaqdı. Buna görə ölkə başçımız İlham Əliyevə minnətdaram”.

Avqustun 18-də tur-aksiya çərçivəsində Sumqayıt və Xızı məktəbliləri Şəmkir və Göygöl rayonlarının maddi-mədəniyyət abidələri, eləcə də burada aparılan sosial-iqtisadi yeniliklərlə tanış olacaqlar.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.