Ağcabədi məktəblilərinin İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyası başlandı

 

Avqustun 19-da Ağcabədi şəhərinin mərkəzi meydanında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə bu rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etmək üçün yola salınması mərasimi keçirildi.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsini arzuladılar.

Qrupun rəhbəri, Ağcabədi şəhərindəki 8 nömrəli tam orta məktəbin müəllimi Ramil Ağayev AzərTAc-a müsahibəsində dedi: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında, onların Vətənimizi daha yaxşı tanımasında və sevməsində böyük əhəmiyyət kəsb edir. Bu gün İsmayıllı, Qəbələ və Şəki rayonlarına yola düşən ağcabədili məktəblilər 4 gün ərzində tarix və mədəniyyət abidələri ilə, bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla, Vətənimizin səfalı yerləri ilə yaxından tanış olacaqlar. Uşaqların sevincinin həddi-hüdudu yoxdur. İnanıram ki, onlar bu səfərdən ən xoşunudulmaz təəssüratlarla dönəcəklər.”

Yuxarı Qiyamədinli kənd tam orta məktəbinin IX sinif şagirdi Qəmər Hacıyeva tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirdi: “Qədim tarixə malik Şəki şəhərini görmək, tarixi abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Eyni zamanda, İsmayıllı və Qəbələ rayonlarının gözəlliklərini, səfalı yerlərini görəcəyəm”.

Ağcabədi şəhərindəki 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kərəm İsmayılov isə fikirlərini belə ifadə etdi: “Şagird dostlarımla ölkəmizin gözəl yerlərini gəzməyə gedirik. Vətənimizin gözəllikləri, tarixi abidələri barədə televiziyada gördüklərimizi, kitablardan oxuduqlarımızı və eşitdiklərimizi özümüz görəcəyik. Bu səfər bizim üçün çox şey verəcək. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşdülər.

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 4.