Azərbaycanın hər bir
bölgəsində turizmin inkişafı
üçün əlverişli şərait
mövcuddur
”Ölkəmizi
tanıyaq” maarifləndirici tur-aksiyasının
iştirakçıları olan Sumqayıt və Xızı məktəbliləri
qədim Nizami yurdunun maddi-mədəniyyət abidələri
ilə tanışlıqdan sonra avqustun 18-də Şəmkir
və Göygöl rayonlarını ziyarət etdilər.
AzərTAc xəbər verir ki, Şəmkirdə mehribanlıqla qarşılanan qonaqlar əvvəlcə rayonun Muxtariyyə kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş orta əsr qədim Şəmkir qala şəhərinin qalıqlarına baxdılar. Məlumat verildi ki, şəhər 30 hektar ərazini əhatə edir. Kənar basqınlardan qorunmaq üçün tikilən bu qalanın 8 qülləsi və 4 qapısı olub. Bildirildi ki, yaxın vaxtlarda burada açıq səma altında muzeyin yaradılması nəzərdə tutulub. Bu da rayona gələn yerli və xarici turistlər üçün maraqlı olacaq.
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş şəhər qalıqlarının önündə xatirə şəkli çəkdirən şagirdlər rayonla tanışlığı Gənclər sarayında, Heydər Əliyev Mərkəzində, Bayraq muzeyində, Abidələr parkında və digər görməli yerlərdə davam etdirdilər.
Daha sonra Göygöl şəhərinə gələn qonaqlar əvvəlcə Heydər Əliyev parkında oldular. Şagirdlərə burada aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, parkda yerləşən Heydər Əliyev Mərkəzi bir çox tədbirlərin keçirildiyi məkana çevrilib. Qeyd edildi ki, son bir ildə Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Dövlət bayrağı meydanı, Dövlət rəmzləri muzeyi, Gənclər Mərkəzi, uşaq əyləncə park kompleksi istifadəyə verilib. Rayonun almanlar tərəfindən salınan 6 küçəsi təxminən iki əsrdən sonra əvvəlki görkəminə qaytarılıb.
Turizm üçün əlverişli imkanlara malik olan Göygöl rayonu şagirdlərdə böyük marağa səbəb oldu və onlar ölkəmizin bu səfalı guşəsinə təşkil edilən ekskursiyadan razı qaldıqlarını bildirdilər.
Qrupun bələdçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi Abbas Abbasov AzərTAc-a müsahibəsində dedi ki, respublikamızın hər bir bölgəsində turizmin inkişafı üçün əlverişli şərait mövcuddur.
Gəncədə, Şəmkirdə və
Göygöldə olarkən çoxlu sayda xarici turistlər gördük. Hər il
dünyanın müxtəlif ölkələrindən Azərbaycana
on minlərlə turist
gəlir. Bu amil
iqtisadiyyatımızın inkişafına müsbət təsir
göstərməklə yanaşı, müstəqil
respublikamızın turizm diyarı kimi tanınmasında müsbət rol oynayır. Bütün
bunları dövlətimizin başçısının turizmin inkişafına yüksək
qayğısı kimi qiymətləndiririk.
Azərbaycan. - 2014.- 20 avqust.- S. 4.