İlanlardan qorunmaqla
yanaşı, onları qorumaq da lazımdır
Vaxtilə SSRİ-nin ilan zəhərinə
olan ehtiyacının 80 faizini
təmin edən Azərbaycanda indi bu sahə tamamilə unudulub
Azərbaycanda, xüsusilə Abşeron yarımadasında son illər ilan sancmalarının sayı artmaqdadır. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəbi insanların ehtiyatsızlığından və ilanlar haqda məlumatsızlığından irəli gəlir. Nəticədə ölkəmizdə hər il təxminən 150-180 nəfəri ilan sancır və bunların 80-90 faizi zəhərli gürzə sancmalarıdır. Bu hadisələrin 0,2-0,4 faizi isə ölümlə nəticələnir. Ona görə də ilanların fəal olduqları yaz-yay mövsümlərində insanların təhlükəsizliyini təmin edən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranır. Hazırda bu tədbirlər istənilən səviyyədə deyil.
Bu haqda danışmazdan əvvəl qeyd edək ki, bir neçə il əvvəllə müqayisədə bu gün ölkəmizdə ilanların bəslənməsi üçün hansısa bir şərait və onlardan zəhər alınması üçün laboratoriyalar yoxdur. Səbəbini öyrənmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna getdik.
8 hektar torpaq sahəsi ayrılıb, amma...
İnstitutun aparıcı elmi
işçisi, biologiya
elmləri namizədi Təvəkkül İsgəndərov
dedi ki, SSRİ dövründə ilan zəhərinə böyük
ehtiyac vardı. Bu zəhərin əldə
olunması üçün
Azərbaycanda da xüsusi serpentariya - "Zootoksinlər" İstehsal
Elmi Araşdırmalar
Mərkəzi yaradılmışdı.
Çünki Azərbaycan
zəhərli ilan növlərinin geniş yayıldığı ölkələrdəndir:
"1969-cu ildə yaradılan
həmin mərkəzdə
əldə olunan ilan zəhəri SSRİ-nin dərman preparatlarının hazırlandığı
zavodlara satılırdı.
1989-cu ilin axırına
qədər bu laboratoriyada hər il 1200-1500 baş
ilan süni şəkildə yemlənirdi.
Aybaay onlardan zəhər alınıb dövlətə
təhvil verirdilər.
Hər il 3,5, bəzi hallarda
4 kiloqram ilan zəhəri istehsal edilirdi. Bu, az
miqdar deyildi".
Bu mərkəz SSRİ-nin ilan zəhərinə olan ehtiyacının 80 faizini təmin edirmiş, ittifaq miqyasında aparıcı
mövqe tutmağı
bacarmışdı. Elə ki,
SSRİ dağıldı, ilan
zəhəri bu bazardan çıxarıldı,
xarici bazarlara üz tutuldu. İqtisadi məkan pozulduqdan və əlaqələr kəsildikdən sonra ilan zəhərinin satışı da dayandırıldı. Bu mərkəz dövlət
vəsaiti hesabına yalnız 1993-cü ilin axırlarına kimi fəaliyyət göstərə
bildi. Lakin belə bir mərkəzi təkcə
büdcə hesabına
saxlamaq mümkün deyildi, məhsulun da satılması vacib idi. Məhsul satılmadığından mərkəzin
dövlət tərəfindən
maaliyyələşməsi dayandırıldı və
nəticədə müflisləşərək
1995-ci ildə fəaliyyətini
tamamilə dayandırdı.
Həmsöhbətimizin dediyinə görə, indiki dövrdə ilan zəhəri istehsal etmək üçün standartlara
uyğun sənədləşmə
yoxdur. Sənədləşməni
aparmaq üçün
də gərək mərkəzin özü fəaliyyət göstərsin:
"Bu gün ilan zəhərinin istehsalı
üçün müasir
dövrün tələblərinə
uyğun sənədləşmələr
aparılmalı, yeni satış bazarı formalaşdırılmalı və
bu bazarın tələblərinə uyğun
miqdarda istehsalı qurmaq lazımdır. Əslində istehsalın özünü
qurmaq problem deyil, belə bir texnologiyamız
olub, mütəxəssislərimiz
də var. Bu qüvvəmizə
əsaslanıb istehsal
qurmaq üçün
məhsulumuzun yerini təyin etməli və alıcı tapmalıyıq. Bundan sonra
alıcının tələbləri
miqdarında ilan zəhərindən hazırlanmış
dərman preparatlarının
istehsalı mümkün
olacaq. Bütün bunların həlli
ilk növbədə tələb
edir ki, həmin mərkəz bərpa olunsun və onun hüquqi
bazası olsun, Avropa standartlarına uyğun öz məhsullarının sənədləşməsini
aparsın. Bu problemin
həlli üçün
Nazirlər Kabinetinin
2009-cu il 29 iyul tarixli sərəncamı
var. Bu sərəncama əsasən
Səhiyyə Nazirliyinin
nəzdində olan və fəaliyyəti dayandırılmış "Zootoksinlər"
İstehsal Elmi Araşdırmalar Mərkəzi
Milli Elmlər Akademiyasının balansına
verildi. Hətta Nazirlər Kabineti
bunun üçün
Abşeron rayonunun Güzdək kəndi ətrafında 8 hektar torpaq sahəsi də ayırdı. İndi belə bir mərkəzin
fəaliyyətini bərpa
etmək üçün
akademiyanın maddi vəsaiti çatmır.
Dövlət tərəfindən hər hansı bir maliyyə dəstəyi olmasa mərkəzin fəaliyyətini
bərpa etmək müşküldür. Bu sahənin bərpası üçün əgər maliyyə
vəsaiti nəzərdə
tutularsa, problem olmaz".
Onu da deyək ki,
zərdabı hazırlamaq
üçün az miqdarda ilan zəhəri kifayət edir. İlan zəhərindən müxtəlif
ənənəvi xəstəliklər
əleyhinə olan dərmanlarda da istifadə olunur. Həmçinin, ilan sancmaları
zamanı təkcə
zərdabdan deyil, daha ucuz başa
gələn digər preparatlardan da yararlanmaq mümkündür.
Amma bütün bunlar elmi araşdırmalardan, təcrübələrdən keçməlidir.
Əldə olunmuş ilan
zəhərinin tərkibinin
öyrənilməsi və
onun yeni tətbiq sahələrinin
tapılması istiqamətində
çox uğurlu tədqiqatlar da aparmaq mümkündür.
Bu, o halda reallaşar
ki, sahə üzrə müvafiq qurum, mərkəz olsun.
İlan
zəhərinin əldə
edilməsi, tətbiqi,
o cümlədən zərdabın
istehsalı əsasən
Cənub Şərqi Asiya ölkələri, Cənubi Amerika və Latın Amerikası ölkələrində
üstünlük təşkil
edir. Avropanın özündə də müasir standartlı laborotoriyalar var ki, bu
sahədə böyük
tədqiqatlar aparılır.
Amma zərdab çıxış
yolu deyil. Zərdab ona görə vurulur ki, zərərçəkən
xəstəxanaya çatdırılanadək
kritik vəziyyətə
düşməsin. Yəni zərdab
müalicəyə görə
deyil, ilan sancmış şəxsin
orqanizminin dözümünü
artırmaq üçündür.
İlanların Bakıya "hücumunun" səbəbi
nədir?
Təkcə ötən ay paytaxt Bakıda 11 nəfəri ilan sancıb. T.İsgəndərov Bakıda peyda olan ilanların əsl səbəbindən
söz açaraq bildirdi ki, əsasən
şəhər landşaftı
təbii xüsusiyyətlərini
itirdiyindən ilanların
yaşayışı üçün
yaramır. İlanlar
təbii olaraq yaşayışları
üçün əlverişli
ekoloji şəraiti olan ərazi axtarırlar. Onların şəhər mühitində
artıb törəməsi
mümkün deyil.
Buna baxmayaraq, ilanların müxtəlif
yollarla, məsələn,
şəhərətrafı ərazilərdən, karxanalardan,
üstü açıq
anbarlardan müxtəlif
yüklər daşıyan
nəqliyyat vasitələri
ilə təsadüfən
gəlib düşməsi
mümkündür. Həmçinin, həvəskar ilansevərlər
tərəfindən də
onlar müxtəlif ərazilərə atıla
bilər. Hazırda
Zoologiya İnstitutunun,
ANS televiziyasının yerləşdiyi
ərazinin ətrafı
da ilanlarla doludur. Buna səbəb
isə Badamdar qəsəbəsində aparılan
tikinti-quruculuq işləridir.
Oradakı səs-küydən, narahatlıqdan qaçan ilanlar şəhərə
"hücum" ediblər.
Bütün sancmalar zamanı həkim müdaxiləsinə ehtiyac var. İlan sancmış adamda zəhəri bədəndən çıxaran onun böyrəkləridir, ifrazat sistemidir. Ona görə də ilan sancmış adama çoxlu su içirdirlər ki, böyrək intensiv işləsin, tez süzsün ki, orqanizm zəhərdən azad olsun. Böyrəyin qana düşmüş zəhəri təmizləməsi isə 2-3 gün çəkir. Sonra şiş də çəkilib gedir, ürək-damar sistemi normal şəkildə fəaliyyətə başlayır, yeganə olaraq, ilanın dişləri batmış nahiyədə yara əmələ gəlir. Yara dərin olsa qanqrena verə bilər. Qanqrena vermiş hissə isə mütləq kəsilməlidir. Çünki çürümə getdikcə böyüyür. İlan zəhəri ancaq qan vasitəsilə bədənə yayıla bilir. Əgər ağızda və onun qıraqlarında yara yoxdursa, hətta ilan zəhərinin dadına da baxmaq olar. Ona görə də ilanlarla bağlı bütün zərərlərdən qorunmaq üçün onlar haqqında daha çox məlumatlı olmaq lazımdır.
Zəhərsiz
ilanları necə tanıyaq?
Azərbaycan ərazisində 30 növ ilan yayılıb. Bu növlərdən yalnız 9-u zəhərlidir və insanlar üçün çox təhlükəlidir. Bunlar Azərbaycanın bütün dağətəyi və aran ərazilərində, habelə Abşeron yarımadasında geniş yayılmış Levantiya irigürzəsi, yalnız Talış-Lənkəran zonasında rast gəlinən Adi qalxansifət, yalnız Naxçıvan MR-da yaşayan Radde dağgürzəsi və Böyük Qafqazın dağ çəmənliklərində yayılmış Şamaxı başıqalxanlısı və ya Şamaxı şərqi-çölgürzəsidir. Zəhərli ilanlardan ən təhlükəlisi gürzələrdir. Bu ilanı tanımaq üçün başının üstündəki pulcuqlara və üst çənəsindəki iki ədəd uzun dişə diqqət etmək lazımdır. Onun başı gəldikcə kiçilən pulcuqlarla əhatə olunur. Zəhərsiz ilanların isə başının üstü yastı, malalanmış şəkildə olur, sanki qaysaqlamış torpağa bənzəyir. Zəhərsiz ilanlar sadəcə dişləyə bilir, bunun isə insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. İlanın zəhərli olub-olmadığını həm də onun uzunluğuna görə bilmək olur. Nazik, amma uzun olan bütün növ ilanlar zəhərsizdir. Həddən artıq uzun quyruğu olan ilanların da zəhəri olmur. Yoğun və uzun olmayan, quyruq hissəsi qısa olan ilanlar isə zəhərli və insanlar üçün təhlükəlidir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev də bizimlə söhbətində ilanlar və onların xüsusiyyətləri barədə insanların məlumatlı olmağının vacibliyini qeyd etdi. Bildirdi ki, cari ildə Bakıda 22 ilan sancma hadisəsi qeydə alınıb. 10-u kişi, 10-u qadın, 2-si isə uşaqdır. Bunlardan 20-si xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi olmayıb. İlan sancma hadisələri isə əsasən Bakıətrafı qəsəbələrdə baş verib.
Həm baş verən hadisələr, həm də ekspert rəyləri deməyə əsas verir ki, insanlarımız ilanlar barədə məlumatsızdırlar. Unutmaq lazım deyil ki, ilan insanları təqib etmir, əksinə onlardan qaçır. Ancaq özü üçün təhlükə hiss etdikdə dişlərini "işə salır". Ona görə ilanlara qarşı elə özləri qədər də həssas yanaşmaq lazımdır.
Elgün MƏNSİMOV
Azərbaycan. - 2014.- 17 avqust.- S. 6.