Zirvələrə söykənən kənd
- Havuş
Havuş Naxçıvan MR-in ucqar kəndlərindən biridir. Bu kənd öz bənzərsiz və nadir
gözəlliyi ilə
sanki Tanrı möcüzəsidir. Şərur rayonunun
inzibati ərazisinə
daxil olan və dəniz səviyyəsindən 2016 metr
yüksəklikdə yerləşən
Havuş, muxtar respublikanın əksər
dağ kəndləri
kimi, düşmənlə
üz-üzədir. Boz və
sərt zirvələrin
ovcunda bir boşqab səməni kimi görünür.
Bəlkə elə buna görə kəndin adının etimologiyası
"ovuc" mənasını
ifadə edir. Ovuc-avuc-avuş söz dəyişmələrindən
sonra kənd indiki Havuş adını alıb.
Havuş kəndi rayon mərkəzindən
35 kilometr şərqdə,
Dərələyəz silsiləsinin
yamacında, Ermənistanla
sərhəddə yerləşir. 1992-ci ilin mayında Ermənistanın quldur dəstələrinin aramsız
hücumları nəticəsində
kənddəki bir çox evlər, eyni zamanda məktəb,
klub, kitabxana tamamilə dağıdılmışdı.
O zaman erməni silahlıları muxtar respublikaya bütün sərhəd boyu hücuma keçmişdi və ən ağır döyüşlər
Sədərək və
Şərur istiqamətində
gedirdi. Amma ulu öndər
Heydər Əliyevin məharəti nəticəsində
erməni həmlələrinin
qarşısı alındı.
Türkiyə ilə Azərbaycan
arasında körpünün
açılışı da təyin olunmuş
vaxtda baş tutdu.
Havuşlular da öz ev-eşiklərini, yurd-yuvalarını
mərdliklə qoruyub
saxladılar: nə bir addım geri çəkildilər,
nə də kəndi tərk etdilər. Əslinə qalsa, bu kənd
zirvələrin əhatəsində
bir az
da qalaya bənzəyir. Bu "qala"da doğulmusansa, bu zirvələrin arasında böyümüsənsə,
buraları atıb getmək sakinlərin ağlına belə gəlməz. Muxtar respublikanın
ayrı-ayrı rayon və
kəndlərindən köməyə
gələnlər də
havuşlularla çiyin-çiyinə
verərək düşmənə
qarşı qətiyyətlə
vuruşdular.
Artıq
o qanlı döyüşlərdən
22 il keçib.
Şərur rayonundan Havuşa
doğru irəlilədikcə
Şərur-Dərələyəz silsiləsinin özünəməxsus
gözəllikləri, uca
dağları, xoş
təbiəti, təravətli
havası səni sanki sehrli bir
aləmə aparır.
Çünki bu müddət ərzində kənd xeyli dəyişilib. Hazırda 200-ə yaxın əhalinin yaşadığı Havuşda
hələ 2001-ci ildə
inzibati ərazi dairəsi üzrə nümayəndəlik və
məktəb tikilərək
istifadəyə verilib.
Nümayəndəlik binasında kənd
bələdiyyəsi və
tibb məntəqəsi
də fəaliyyət
göstərir. Kənd
icra nümayəndəsi
Mehbalı Məmmədov
söhbət əsnasında
dedi ki, sovetlər dönəmində
bizimlə üz-üzə
olan Ermənistanın
kəndlərində yaşayış
Havuşdakından yaxşı
idi. O vaxtlar onların evlərində mavi yanacaq alovlanarkən
biz təzək və
odun yandırırdıq.
Amma müstəqilliyimizin bərpasından
sonrakı ilk illərdəki
erməni təcavüzünü
nəzərə almasaq,
bu gün Allahımıza şükür
edirik. İndi qapımıza qədər
yollarımız asfaltlanıb,
yeni məktəb, Kənd mərkəzi tikilib, tibb məntəqəsi
istifadəyə verilib.
Muxtar respublikanın yenidən qazlaşdırılması zamanı
ilk olaraq ucqar dağ və sərhəd kəndləri
mavi yanacaqla təmin olundu. Havuşlular da bu sevinci
ilk yaşayanlardandır. Bu gün eşidirik
ki, bir vaxtlar
həsədlə baxdığımız
qonşu düşmən
kəndlərində vəziyyət
acınacaqlıdır, əhali
köçür. Bir zamanlar
bizim yaşadıqlarımızı
bu gün onlar yaşayırlar.
Müstəqilliyin biz havuşlulara ən
böyük töhfələrindən
biri elə bu həsədə son qoyulmasıdır.
Bu gün havuşlular
əsasən heyvandarlıq
və arıçılıqla
məşğul olurlar. Həmin sahələrin
inkişaf etdirilməsi
üçün kənd
sakinlərinə dövlət
tərəfindən güzəştli
kreditlər verilir.
İndiyədək 10 ailənin hər
biri 2000 manat belə kredit alıb.
Havuş
kənd tam orta məktəbinin direktoru Mehman Həsənov isə bildirdi ki, yeni dərs
ilində bu tədris ocağında 22
şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə
10 müəllim məşğul
olacaq. Bəzi ixtisas müəllimlərinin
çatışmadığını xatırladan məktəb direktoru bu il həmin fənlər üzrə də ixtisaslı müəllimlərlə təmin
olunacaqlarına ümid
etdiklərini bildirdi. Tədrisin keyfiyyətini artırmaq üçün
məktəbdə elektron
lövhəli sinif, kompüter otağı, yüzlərlə bədii
ədəbiyyat və
dərsliklə təmin
edilən kitabxana var. Bunun nəticəsidir ki, ötənilki dərs ilində məktəbi bitirən 4 məzunun 4-ü də ali məktəblərə
qəbul olunub. Bu il isə
məktəbi bitirən
3 şagirddən 1-i ali
məktəbə sənəd
verib və indi o, Naxçıvan Dövlət Universitetinin tələbəsidir.
Beləcə, Havuş insanlarının
mərdliyi, qorxmazlığı,
çalışqanlığı sayəsində əhatəsində
olduğu dağlardan da böyük görünür.
Elxan MƏMMƏDOV
Azərbaycan. - 2014.- 21 avqust.- S.4.