Yeniliklər göz
oxşayır
Şəhərin girəcəyində onlarca hektarı əhatə edən uşaq əyləncə mərkəzinə baxmaq kifayətdir ki, rayonda inkişafın sürəti barədə aydın təsəvvür yaransın. Göz işlədikcə uzanan yaşıllıqlar qoynunda müxtəlif istirahət guşələri, əyləncə yerləri, karusellər, yelləncəklər və s. göz oxşayır. Şəmkirlilər də yeniliyi, müasirliyi çox sevirlər. Özü də milli üslubda təqdim edilən yenilikləri.
İpək yolu boyunca düzülmüş bir-birindən yaraşıqlı Avropa tipli ticarət obyektləri görənləri valeh edir. Yol ötən hər kəs istər-istəməz ayaq saxlayır, dünyanın ən müxtəlif firmalarının brend mallarını təklif edən mağazalara baxır, xoş təəssüratla yolunu davam etdirir. Avropa üslublu, milli ornamentli bu satış mərkəzinin yanında yeni bir şəhər yaranır. Bir tərəfdə şadlıq sarayı, olimpiya idman kompleksi, üzbəüzdə Bayraq meydanı, Heydər Əliyev Muzeyi, "Zəka" İntellekt Mərkəzi. Şəhərə doğru uzanan yol boyu müxtəlif məramlı, müxtəlif görkəmli inzibati binalar yan-yana düzülüb.
Hara baxırsan, Şəmkir ürək açan yeni bir uğurdan xəbər verir. Bu barədə cari ilin altı ayının yekunları müzakirə olunarkən də geniş söhbət açıldı. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qarşıda duran vəzifələr haqqında ətraflı danışmış, müxtəlif idarə və müəssisə nümayəndələri çıxış etmişdilər. Yekdilliklə qeyd olunmuşdu ki, regionların sosial-iqtisadi inkişafı üzrə II Dövlət Proqramında irəli sürülmüş tapşırıqlara ümumən əməl edilmişdir. Təkcə cari ilin ilk altı ayı ərzində ümumi məhsul buraxılışının həcmi 241 milyon 365 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən xeyli çoxdur. Digər sahələrdə də irəliləyiş göz qabağındadır.
Toplantıda əsas diqqət qarşıda duran vəzifələrin icrasına yönəldildi. Qeyd olundu ki, III Dövlət Proqramında Şəmkir rayonu üzrə 20 mühüm tədbirin icrası nəzərdə tutulmuşdur. Onların bir neçəsinin həyata keçirilməsinə artıq başlanılmışdır. Qərb bölgəsində ən böyük obyektlərdən biri olacaq müasir çörək və nişasta istehsalı müəssisəsinin təməli qoyulmuşdur.
Ölkəmizin ən mühüm layihələrindən biri sayılan Şəmkirçay su anbarının inşası davam etdirilir. Mühüm işlərin bir hissəsi başa çatmış, hazırda nəhəng bəndin tikintisi, Gəncə, Şəmkir və Samux şəhərlərinə su xətlərinin çəkilişi davam edir. Əsas kanallardan əlavə, uzunluğu 800 kilometr olan kəndarası və təsərrüfatlararası kanalların çəkilişinə başlanılmışdır.
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda demişdi ki, bu il Şəmkirçay su anbarı istifadəyə veriləcək. Hazırda bu mühüm vəzifənin icrası uğurla davam etdirilir.
İlin arxada qalan ayları ərzində digər sahələrdə də çox mühüm işlər görülüb. Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən 42 kilometrlik hissəsi, Şəmkir-Gədəbəy avtomobil magistralı, Kür qəsəbəsi-Qaracəmirli-Təzəkənd avtomobil yolları istifadəyə verilmişdir. Yeni Göyçə, Günəşli, Varlı Həyat, Dağ Cəyir, Yuxarı və Aşağı Çaykənd kəndlərinin əhalisi yolların narahatlığından əziyyət çəkirdi. Bu il iyun ayının 13-də dövlət başçısı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə- Dağ-Cəyir avtomobil yolunun inşası üçün 3 milyon manat vəsait ayırıb.
Rayonda sosial problemlərin həllinə də xüsusi
diqqət yetirilir. Şəhər üzrə su
və kanalizasiyanın
çəkilişi sistemli
surətdə davam edir. Bəlli olduğu kimi, Nazirlər
Kabinetinin yığıncağında
Prezident İlham Əliyev ölkədə
qazlaşdırma prosesinin
bir qədər ləng getdiyini vurğulamışdı. Şəmkir rayonunda bu sahədə
işlər ümumən
yaxşı gedir.
Yalnız üç yaşayış
məntəqəsinin - Bayramlı,
Muxtariyyət və Qaralar kəndlərinin qazlaşdırılması bir
qədər ləngiyir.
Bu barədə "Azəriqaz"
İstehsalat Birliyi qarşısında məsələ
qaldırılmış və yaxın vaxtlarda hər üç kəndin qaz təchizatı başa çatdırılacaqdır.
Şəmkir rayonu həm də qərb bölgəsi üzrə təhsil-maarif sahəsinin mərkəzinə çevrilir.
Son on ildə 27 məktəb binası tikilib. 26 bina
əsaslı təmir
olunub. Nizami Gəncəvi adına orta məktəb üçün 640 yerlik binanın inşasına, habelə Düyərli
kənd məktəbinin
əsaslı təmirinə
hazırlıq görülür.
Rayon üçün ən
xoş işlərdən
biri də budur ki, xəstəxana
kompleksinin inşası
məsələsi həll olunub. Bu məqsədlə dövlət
başçısının sərəncamına uyğun
olaraq səfalı guşədə
geniş sahə ayrılıb.
Ötən müddət ərzində
Bakı Oksford məktəbi üçün
yataqxana və uşaq bağçası
inşa olunub. Bu genişmiqyaslı təhsil
ocağı hamının
diqqətini cəlb edir. Şəmkir öz orijinal iş üslubu, şəhərsalma mədəniyyəti
ilə müasirliyə
doğru inamla irəliləyir. Bütün küçələr başdan-başa yenidən
qurulub. Asfalt döşənib, səkilər, su keçidi yerləri düzəldilib, evlərin
fasadları, darvaza, qapı və pəncərələri, habelə
dam örtükləri milli
üslubda təzələnib.
Küçələr boyu dibçəklərdə
gül-çiçək düzülüb.
Demək
olar, bütün şəhər üzrə
müasir və bənzərsiz işıqlandırma
sistemi qurulub. Bağlarda, bağçalarda yaraşıqlı
bulaqlar inşa olunub. Bir sözlə, qədim Şəmkir öz sürətli tərəqqisi,
bir-birindən maraqlı müasir memarlıq üslubunda ucaldılan tikililəri ilə gələnləri
heyrətləndirir. Belə
obyektlərdən biri
"Zəka" Gənclərin
İntellektual İnkişaf
və Yaradıcılıq Mərkəzidir.
"Zəka" mərkəzində məktəblilər
arasında rəsm, əl işləri və heykəltəraşlıq
eksponatlarından ibarət
sərgilər təşkil
edilir, məşhur yazıçı və şairlərin kitablarının təqdimatları,
intellektual oyunlar və digər tədbirlər keçirilir.
Mərkəzdə kompüter,
şahmat, rəsm və təsviri incəsənət,
dekorativ tətbiqi sənət, ingilis, alman, rus dilləri
üzrə kurslar fəaliyyət göstərir.
Şəmkir respublika tədbirlərinə
önəm verir. Hər həftənin bazar
günləri "Zəka"
mərkəzində ölkə
üzrə
ali məktəb tələbələrinin iştirakı ilə "Parlaq zəka" intellektual oyunları keçirilir və həmin oyunlar "AzTV1" televiziya kanalında nümayiş etdirilir.
Axşamüstü Yasamal dağından
Şəmkirə baxanda
qarşında əsrarəngiz mənzərə
açılır. Şəhərin əlvan işıqları
sayrışır. Bu yerlərin gündüzü
də gözəldir,
gecəsi də.
Ruhumu oxşayan qənirsiz gözəlliklərdən böyük
zövq alırsan.
Qürur
hissi keçirirsən,
şəhərinin, ölkənin
uğurlarına sevinirsən.
Əhməd
İSAYEV
Azərbaycan. - 2014.- 21 avqust.- S.4.