Oxucu qıtlığı nədən yaranır?..

 

Görkəmli alimlər, yazıçılar, sözə dəyər verənlər mütaliə mədəniyyətini hər kəsin vərdişinə çevirmək uçun yollar arayır, təkliflər verir, kitab təqdimatları keçirirlər. Amma nədənsə oxucunun kitabla ünsiyyəti ildən-ilə öləziyir. Hətta o həddə çatıb ki, həftə ərzində kitabxanalara üz tutanları asanlıqla sayıb hesablamaq da olur. İnkişaf etmiş Avropa ölkələrində də bu sarıdan vəziyyət yaxşı deyil. Bunu aparılan araşdırmalar, təsdiq olunan faktlar da sübut edir. Əgər həftə ərzində Rusiyada mütaliəyə cəmi 7,1 saat vaxt ayrılırsa, Yaponiya və Türkiyədə həmin vaxt həftədə cəmi dörd-beş saata bərabərdir. Keçmiş SSRİ məkanında kitabla ünsiyyət o qədər də yaxşı olmayıb. Belarusda həftə ərzində hər min nəfərdən 392-si kitabxana ilə əlaqə saxlayıb. Ukraynada bu rəqəm xeyli aşağı düşüb. Hesablamalara görə, Azərbaycanda həftə ərzində hər min nəfərdən 283-ü mütaliəyə ehtiyac duyur. Bütün bunlar sübut edir ki, ayrı-ayrı ölkələrdə mütaliənin səviyyəsi nəinki yetərli deyil, heç orta həddi də təmin etmir. Biz ona cəhd edirik ki, hər bir vətəndaş özünü kitabsız, mütaliəsiz təsəvvür edə bilməsin. Axı bizim gələcəyimiz bu tendensiyanın necə davam edəcəyindən asılıdır. Kitab oxumağın klassik anlamını yüksək dəyərləndirənlər də az deyil. Belə adamları mütaliə vərdişindən ayırmaq o qədər çətindir ki... Deyirlər ki, əsl kitab həvəskarı vərəqlərin çevrilməsindən, o səsin yaratdığı xışıltıdan, hətta kağızın qoxusundan həzz alır. Belə oxucu kitaba o qədər meyilli olur ki, hətta şəxsi kitabxana yaratmaq həvəsinə düşür. Bu praktika Azərbaycanda da geniş yayılıb. İçərişəhərdə dünyanın ən nadir kitab muzeylərindən olan Miniatür Kitab Muzeyi belə yaradılıb və burada 5500 kitab saxlanılır. Özü də 71 ölkənin nəşrinin siyahısı toplanıb. Muzeyin yaradıcısı respublika "Kitab" Cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahovadır. 2002-ci ilin aprel ayında UNESCO-nun qərarı ilə bu muzeyin açılışı olub. Muzeyin açılışında Zərifə xanımın iki min nüsxədən artıq kitab kolleksiyası nümayiş olunub. Onu da qeyd edək ki, Azərbaycanda yaradılan bu kitab muzeyi dünyada ilk özəl Miniatür Kitab Muzeyi sayılır. Muzeyin ekspozisiyası 40 vitrində yerləşdirilib. Burada toplanan kitabların çoxunun yaşı bir əsrdən artıqdır. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilib. Bütün bunları ona görə xatırladırıq ki, Azərbaycanda kitab mədəniyyətinin inkişafı uzun illərdir ki, dövlət siyasəti səviyyəsində davam etdirilir. Ona görə də şəxsi kitabxanaların sayına görə ölkəmiz dünyada öncül yerlərdən birini tutur.

Bir maraqlı mülahizə də diqqətimizdən yayınmadı. Hesablamalara görə, ölkəmizdə yerli müəlliflərdən çox xarici yazarların kitabları oxunur. Oxucular fərqinə varmadan Nobel mükafatçılarının əsərlərinə daha çox meyilmaraq göstərirlər. Belə ənənə yerli kitab bazarını xeyli sıxışdırsa da, oxucunun zövqü ilə hesablaşmalı oluruq. Etiraf etməliyik ki, bugünün yazarları sovet dövrünün 60-70-ci illərinin nəsrinə, poeziyasına çata bilmir. Ona görə də oxucu yeni nəsildən çox ötən onilliklərdə ərsəyə gələn ədəbiyyatla daha çox maraqlanır. Hələ də Azərbaycan ədəbiyyatı sovet dövrünün 70-ci illərinin yazıçı və şairlərinin poetik təfəkkürü səviyyəsinə yüksələ bilmir. Ona görə də oxucu o illərin ədəbiyyatı ilə daha çox maraqlanır. Bu o deməkdir ki, yeni nəsil ədəbiyyatı boy atmır, geriyə inkişaf var. Amma o əsərlərin çoxunda cəmiyyətin qəbul etmədiyi çılpaq təsvirlərə o qədər yer verilir ki, oxucu əsəri axıra qədər oxumağı əxlaqına rəva bilmir.

Əgər biz mütaliə mədəniyyətinin aşağı səviyyədə olmasından gileyləniriksə, satışa çıxarılan kitabları da müzakirə etməliyik. Bəzən nəşriyyatlar ucuz yazarların böyük tirajına meydan yaradır. Oxucu istər-istəməz belə ədəbiyyatı qəbul etmir. Ona görə də bu gün tələbkar oxucunun zövqünü, bədii təfəkkürünü, bir sözlə, bütün tələblərini nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, çap bolluğu hələ hər şeyi həll etmir. Təkcə azad vətəndaşda yox, heç məhkumluqda olanlarda da zorla, hökmlə mütaliə vərdişi yaratmaq olmaz. Gərək hər şeyin bir bazası, stimulu, maraq doğuran tərəfi olsun. Dünya mətbuatının yazdığına görə, Braziliyada ağır cinayət törətmiş məhkumlar nəzərdə tutulan cəzalarını kitab oxumaqla yüngülləşdirə bilərlər. Tələb belədir ki, hər oxunan kitaba görə çəkilən cəza dörd gün azaldılır. Bu şərtlə ki, oxunan kitabın məzmunu, qayəsi barədə məhbus xüsusi məlumat hazırlasın. Bütün bunlar cəza çəkən məhkumların daha çox savadlanmasına, dünyagörüşünün genişlənməsinə imkan yaradır. Deməli, hər şey cəmiyyət üçün hazırlıqlı, hərtərəfli vətəndaş yetişdirməyə xidmət edir.

"Dünyada ən böyük tirajla çap olunan kitab hansıdır?" adlı sorğu keçirilib. Məlum olub ki, "Ginnesin rekordlar kitabı" dünyada ən böyük tirajla çap olunan kommersiya nəşridir. Hər il yüz milyon tirajla 37 dildə çap olunub dünyaya yayılır. Bu kitaba azərbaycanlıların da adı düşüb. Məsələn, həmyerlimiz, Cəbrayıl rayonunda anadan olmuş Fəxrəddin beş dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə birincilik qazanıb. Lənkəran rayonundakı Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə də "Ginnesin rekordlar kitabı"na düşüb. O, bir saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə üç min dəfə qalxıb-enib. Belə misalların sayını çoxaltmaq da olar. Əsas məsələ odur ki, ayrı-ayrı ölkələrdə bu kitaba oxucu marağı daha böyükdür. Mütəxəssislərin məlumatına görə, bu kitab hazırda 40 ölkədə satılır. Kitab ticarəti tarixində bu nəticə ən uğurlu kommersiya işidir. Onu da qeyd edək ki, bu kitabın ilk variantı 1954-cü ildə hazırlanıb və min nüsxəsi pulsuz paylanıb. İlk dəfə 1956-cı ildə "Ginnesin rekordlar kitabı" ABŞ-da 70 min nüsxə ilə satışa buraxılıb. Bu uğurlu nəticədən sonra kitaba maraq birə-beş artıb. Bu kitabın albom variantı da satış yarmarkalarında birincilik qazanıb.

Azərbaycanda satışa çıxarılan həm xarici, həm də yerli müəlliflərin kitablarında qiymət həddi ciddi mübahisə doğurur. Oxucular satış yarmarkalarında kitabın baha olmasından çox gileylənirlər. Bu məsələnin ciddi müzakirə mövzusu olduğunu nəzərə alaraq dünya təcrübəsinə üz tutmaq məcburiyyətində qaldıq. Dünyanın əksər ölkələrində, hətta MDB-də də kitab üzərində əlavə dəyər vergisini ləğv etməklə çıxış yolu axtarıblar. Özübu vergi ən azı 18 faiz təşkil edir. Təbii ki, belədə qiymət şişirtməsinə yol verilmir, oxucu ilə kitab bazarı arasında əlaqə zəifləmir. Azərbaycanda da kitabın əlavə dəyər vergisi ləğv olunarsa, bütün bunlar kitabsevərlərə böyük dəstək olar. Belə olan halda kitabın qiyməti də bir qədər ucuzlaşar, alıcıların sayı çoxalar. Bu məsələ dövlət tərəfindən tənzimlənərsə, kitab ticarəti sahəsində uğurlu nəticələr qazanmaq olar. Ümid edirik ki, əhalinin mütaliə mədəniyyətini yüksəltmək üçün həyata keçirilən tədbirlərin sayı və şəbəkəsi daha da genişlənəcək, satışa çıxarılan kitablara maraq artırılacaq.

Bir məsələ də təəssüf doğurur. Kitabların sosial reklamına çox az yer ayrılır. Odur ki, yeni çap məhsullarını oxucuya tanıtmaq xeyli çətinləşir. Bəzən ayrı-ayrı ara müğənnilərinin təbliği kitabın reklamını üstələyir. Ona görə cəmiyyət öz yazıçısını, əsər müəllifini o qədər yaxşı tanımır. Bütün bu problemləri kompleks həll etmək üçün münasib yollar axtarılır, mütəxəssis rəyləri nəzərə alınır, lakin istənilən nəticə hələ ki yoxdur...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan. - 2014.- 21 avqust.- S.5.