Mingəçevir məktəbliləri QubaQusara yola düşdülər

 

Bu günlərdə  Mingəçevirdəki Heydər Əliyev Mərkəzinin qarşısında məktəblilərin bir qrupunun Quba-Qusar marşrutu üzrə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak etmək üçün yolasalma mərasimi keçirilmişdir. Şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirak etdikləri tədbirdə məlumat verilmişdir ki, məktəblilər 4 gün ərzində QubaQusar rayonlarının tarixi, coğrafiturizm məkanları ilə tanış olacaqlar.

Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad etdilər. Mingəçevir Şəhər İcra Hakimiyyəti  başçısının müavini Ramiz Əliyev yolasalma  mərasimində çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin həyatda möhkəmləndirilməsində mühüm rol oynayır. Mingəçevirli məktəblilər avqust ayının 22-nə kimi QubaQusar rayonlarının tarixi abidələri, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər Azərbaycan gəncliyinin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açdılar. Mingəçevir şəhər 6 saylı tam orta məktəbin direktoru Xurşud Qarayeva bu ideyanı razılıqla qarşıladıqlarını bildirdi: "Mən bütün müəllimlər adından deyirəm ki, bu çox gözəl bir aksiyadır. Övladlarımız həm Azərbaycanın görməli, gəzməli yerləri ilə tanış olacaqlar. Eyni zamanda, bu gəzinti yeni tədris ilində şagirdlərimizə yüksək əhval- ruhiyyə yaradacaqbu da gələcəkdə onların yüksək nailiyyət əldə etməsinə bir stimul verəcəkdir".

Təbiət, riyaziyyat, humanitar elmlər təmayüllü liseyin X sinif şagirdi Tuncay Əliyev öz ürək sözlərini bölüşdü: "İlk dəfədir ki, biz Quba-Qusar rayonlarına gedirik,  düşünürəm ki, Quba bizim şəhər kimi gözəldir. Hər bir məktəbli üçün yaxşıdır ki, görmədiyi yerləri görsün, ölkəmizin tarixi, maddi mədəniyyəti ilə yaxından tanış olsun. Belə aksiyaların təşkilinə görə Prezidentə dərin minnətdarlığımızı bildiririk. Biz ümid edirik ki, Qubada azərbaycanlılara qarşı törədilən soyqırımı abidəsini də görəcəyik".

Valideyn Rza İsmayılov da fərəhlənir. Övladı Məlahət İsmayılova 12 saylı məktəbin məzunudur. Bu il 653 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. Rza İsmayılovun dedikləri: "Valideyn kimi övladımın uğurlarına çox sevinirəm və bu gəzintinin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Cənab Prezidentə minnətdarlıq edirəm ki, gənclərimizə bu cür diqqət və qayğı göstərir. Səfər iştirakçılarına uğurlar arzulayıram".

40 nəfər mingəçevirli məktəbli yüksək komfort avtobusla marşrut üzrə yola düşdü. Onlar təşkilatçılıq qabiliyyətinə malik nəzarətçi müəllimlərlə və həkimlə təmin olunublar.

 

Esmira HİDAYƏTOVA

 

Azərbaycan. - 2014.- 21 avqust.- S. 5.