Qədim və müasir
Qəbələ şəhəri Ağcabədi və Zərdab
məktəblilərini heyran etdi
İsmayıllı-Qəbələ-Şəki
marşrutu üzrə tur-aksiyada iştirak edən Ağcabədi
və Zərdab rayonlarının məktəblilərindən
ibarət iki qrup avqustun 20-də Qəbələnin tarixi abidələri,
turizm obyektləri, mənzərəli guşələri, eləcə
də son illər inşa edilən istehsal müəssisələri
və sosial obyektləri ilə tanış oldular.
AzərTAc xəbər verir ki, bu rayonların məktəblilərinin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başladı. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verildi. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr etdilər, xatirə şəkli çəkdirdilər.
Ekskursiyanın iştirakçıları rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə etdilər. Bildirildi ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış oldular.
“Beltmann” piano fabrikində istehsal prosesini yaxından izləyən tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırıldı ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” alban kilsəsinə böyük maraqla baxdılar. Məlumat verildi ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə maraqlandılar.
Qonaqlar Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış oldular.
Ağcabədi və Zərdab məktəbliləri
səfər zamanı qədim və müasir
Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildirdilər və xoş təəssüratlarla Şəki
şəhərinə yola
düşdülər.
Azərbaycan. - 2014.- 21 avqust.- S. 5.