Bura Səngəçaldır...
Regionun neft-qaz ixracı mərkəzi
Bakının 55 kilometrliyindədir
Dünyada böyük neft terminalları çoxdur. Nəhəng qaz
terminalları da az deyil. Eyni
zamanda həm neft, həm qaz ixrac edən möhtəşəm
terminallar isə tək-tükdür. Onlardan
biri, bəlkə də birincisi Səngəçal
terminalıdır.
Səngəçal terminalı Bakıdan 55 kilometr cənubda,
Xəzərin sahilinə yaxın ərazidə yerləşir. Dünya
bazarlarına neft ixrac edən üç və qaz
daşıyan bir nəhəng kəmər
başlanğıcını buradan götürür. “Azəri-Çıraq-Günəşli” (AÇG)
yataqlarından hasil olunan və Azərbaycana təmənnasız
olaraq verilən səmt qazını “Azəriqaz”ın mavi
yanacağı paylayan sisteminə qoşan xətlər də
terminalın ərazisindən başlanır. Hazırda
terminal gündə 1,2 milyon barel nefti və
41,5 milyon standart kubmetrə yaxın qazı texniki emaldan
keçirməyə və ixrac etməyə qadirdir.
Səngəçal terminalı “Əsrin müqaviləsi”
imzalandıqdan sonra İlkin Neft Layihəsi çərçivəsində
inşa edildi.
Əvvəlcə o, yalnız “Çıraq”
neftini ixrac etmək gücündə idi. Növbəti
yataqlardan gözlənilən yüksək hasilat isə
obyektin xeyli genişləndirilməsi zərurətini meydana
çıxardı.
Səngəçal
terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı. Soyuq bir gün idi. Yarımsəhra
zonada yerləşən Səngəçalın
şaxta-sazağı daha sərt idi. Təməlqoyma
mərasimi çölün düzündə qurulmuş
çadırda keçirilirdi. Buraya əməliyyatçı
şirkətin və tərəfdaşlarının,
podratçıların, medianın nümayəndələri
toplaşmışdılar. İndi cəsarətlə
demək olar ki, bu, neft sənayemizin, ümumiyyətlə, Azərbaycanın
tarixində əlamətdar bir gün idi.
Doğrusu, o zaman təsəvvürə gətirmək
belə çətin idi ki, cəmi bir neçə ildən
sonra bu çovğunlu-küləkli,
qumlu-palçıqlı ərazi dünyanın ən
böyük terminallarından birinin ünvanına çevriləcək.
Həmin
gün hamının gözü qarşısında Səngəçalda
torpağa basdırılan “Zaman kapsulu”nda gələcək nəsillərə
ünvanlanmış, inam və qətiyyət dolu bu sözlər
yazılmışdı: “İndi
başladığımız bu layihə Azərbaycanın
Şərq-Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə
əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir...
Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal
neftin və qazın nəqli üzrə bir neçə nəhəng
boru kəmərini birləşdirən enerji
daşıyıcılarının nəqli sisteminin dünya
miqyaslı regional mərkəzi və Xəzərlə
dünya bazarı arasında körpü olan bir obyektə
çevriləcək”.
İndi Səngəçal terminalının regionun
neft-qaz ixracı mərkəzinə çevrildiyi bir vaxtda onun
necə tikildiyi mərhələ-mərhələ göz
önünə gəlir.
Genişləndirmə işlərinə başlanmazdan əvvəl
Səngəçalda İlkin Neft Terminalı fəaliyyət
göstərirdi. O, 1996-1997-ci illərdə tikilmişdi. 1997-ci il noyabrın 12-də “Çıraq” platformasından
alınan ilkin neft buraya həmin ilin sonunda
çatmışdı.
Səngəçalda texnoloji emaldan keçirilən neft
Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə
dünya bazarlarına ixrac edilirdi. İlkin Neft
Terminalı ildə 6 milyon tondan çox xam neftin texnoloji
emalına, saxlanmasına və nəqlinə imkan verirdi.
Bu obyekt indi də fəaliyyət göstərir.
Hazırkı
nəhəng terminal da 12-13 il əvvəl
məhz bu obyektin yaxınlığında ucalmağa
başladı. Yeni terminalın yaranması bir zərurət
idi. Çünki AÇG yataqlarından
çıxarılan neftin getdikcə artacağı və onu
qəbul, emal və nəql etməyə köhnə
terminalın gücünün çatmayacağı şəksiz
idi.
2002-ci ilin iyul ayında Səngəçal terminalının genişləndirilməsi layihəsinin bir hissəsi olan İlkin Mülki Tikinti İşləri tamamlandı. Əvvəlcə sahə təmizləndi və hamarlandı. Yağışın və dağlardan axan qar sularının əraziyə tökülməməsi üçün ətrafda drenaj kanalları qazıldı. Giriş yolları çəkildi, su qurğuları inşa edildi, fəhlələrin yaşaması üçün evlər tikildi.
Sonra əsas tikinti işlərinə başlandı. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri və “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihələrinə sanksiya veriləndən sonra obyektdə aparılan işlər Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) adını aldı.
2003-cü ilin ortalarında “Azəri” yatağından ilkin neftin qəbulu üçün lazımi işlərin yarısı artıq görülmüşdü. Getdikcə sahədə işlər şaxələnirdi. AÇG-nin birinci fazası (“Mərkəzi Azəri”) və ikinci fazası (“Qərbi Azəri” və “Şərqi Azəri”) üçün qurğular tikilirdi.
BTC-nin baş nasos stansiyasında, neft borularının çəkilişində, digər tikinti sahələrində işlər davam edirdi. 2003-cü ilin oktyabrında “Şahdəniz” hissəsinin də inşasına başlandı.
2005-ci ilin fevralında “Mərkəzi Azəri” qurğuları istismar əməliyyatlarına təhvil verildi. Martın 3-də sistem işə salındı. Bu zaman tutumu 880 min barel olan üç neft çəni də artıq istifadəyə verilmişdi.
2006-cı ilin martında ikinci faza qurğularının istismar sınaqları uğurla tamamlandı. Bu zaman artıq üçüncü fazanın da (“Dərinsulu Günəşli”) işlərinə xüsusi diqqət yönəldilmişdi. Həmin ilin ortalarında BTC baş nasos stansiyası “Azəri” yatağından gələcək neftin hamısını qəbul etmək üçün artıq yetərli gücə malik idi.
2005-ci ilin sonlarında ərazidə “Şahdəniz” qazı üçün iri texnoloji emal obyektinin inşası davam edirdi. Tikintinin 84 faizi artıq tamamlanmışdı. “Şahdəniz” obyektlərinin bir hissəsini də kompressor stansiyasının tikintisi təşkil edirdi. Qazın Azərbaycana, Gürcüstana və Türkiyəyə ötürülməsi üçün istifadə ediləcək bu kompressor və ölçmə stansiyası Cənubi Qafqaz Boru Kəməri layihəsinin tərkib hissəsi idi. Obyektlər 2006-cı ilin ortalarında hazır olmaq üçün qrafikə uyğun inşa edilirdi.
2007-ci il Səngəçal terminalının genişləndirilməsinin axırıncı ili idi. May ayının sonunda “Dərinsulu Günəşli” hissəsinin tikinti işlərinin mexaniki başa çatmasına nail olundu. Oktyabr ayında burada beşinci və altıncı texnoloji xətlər istismara verildi. Bununla da STGP uğurla sona çatdı. Bütün bunlar terminalda neftin texnoloji emal gücünün gün ərzində 1 milyon bareldən yuxarı səviyyədə olmasına imkan yaratdı.
2007-ci il iyulun 7-də Səngəçal terminalı özünün həmin günə qədərki tarixində rekord həcmdə (999700 barel) nefti emaldan keçirərək ixrac etmişdi.
Yüksək rəqabətli tenderdə qalib gələrək terminalın genişləndirilməsi proqramının podratçısı olmaq hüququnu “Azfen-Tekfen” alyansı qazanmışdı.
“Tekfen” Türkiyənin 1956-cı ildə təsis edilmiş şirkətlər qrupudur. “Azfen” isə “Tekfen”in ARDNŞ ilə birgə yaratdığı müəssisədir.
“Azfen-Tekfen” Azərbaycan-Türkiyə alyansı ölkəmizin neft sektorunda bir sıra layihələri uğurla yerinə yetirib. Bununla belə, onun həyata keçirdiyi ən böyük layihənin STGP olduğunu desək, yanılmarıq.
Səngəçalda yalnız BTC-nin baş nasos stansiyasını “Spi Kapaq-Petrofak” (Fransa-ABŞ) birgə müəssisəsi tikib. Bundan əlavə, terminalın araya-ərsəyə gəlməsində onlarla yerli subpodratçı şirkət, təchizat və xidmətlə məşğul olan müəssisə iştirak edib.
Terminalı beynəlmiləl bir işçi qrupu
inşa edib. Lakin onun inşaatçılarının 70-80 faizi
Azərbaycan vətəndaşlarından ibarət idi. Bunlar da əsasən Qaradağ rayonunun terminalətrafı
yaşayış məntəqələrinin, o cümlədən
qaçqın və məcburi köçkünlərin məskunlaşdığı
“Ümid” qəsəbəsinin sakinləri idi. Tikintinin ən qızğın çağında
işlərin həcmindən asılı olaraq burada 3500-4000,
bəzən daha çox insan çalışırdı.
Qeyd edək ki, işə götürülən
vətəndaşlar əvvəlcədən peşə təlimi
keçir, Azərbaycanda ən iri neft-qaz və ixrac, eləcə
də terminaldakı genişləndirmə layihələrinin əməliyyatçısı
olan BP-nin SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi,
Ətraf Mühitin Mühafizəsi) qaydalarını əxz
edirdi. Onların hər biri
özünü intizamı, məsuliyyəti, keyfiyyətli
işi ilə doğrultdu.
SƏTƏMM-in şərtlərinə əraziyə gələn
qonaqlar, o cümlədən BP-nin təşkilatçılığı
ilə vaxtaşırı burada səfərdə olan jurnalistlər
də əməl etməli idilər. Belə ki, sahəyə
daxil olarkən onlar da kombinezon və çəkmə geyinir,
gözlərinə qoruyucu eynək taxır, başlarına dəbilqə
qoymalı olurdular. Ərazini tərk edərkən
həmin əşyalar təhvil verilirdi. Lakin bu qeydlərin
müəllifinə müstəsna hal kimi, yadigar olaraq bir
neftçi kombinezonu bağışlayıblar... Bunlar əziz, kövrək və qürur doğuran
xatirələrdir.
Hazırda
Səngəçal terminalı İlkin Neft Layihəsi,
AÇG çərçivəsində çıxarılan
nefti texnoloji emal edən avadanlıqları, BTC-nin baş nasos
stansiyasını, Cənubi Qafqaz Boru Kəməri və
“Şahdəniz” qurğularını özündə birləşdirən
bir obyektdir. O, dünyadakı ən böyük terminallardan
biri olmaqla yanaşı, həm də bu tipli obyektlər
sırasında bənzərsizliyi ilə fərqlənir. Belə ki, bir neçə nəhəng kəmər
buradan şaxələnib dünyaya yol başlayır.
Səngəçal terminalının hər
qurğusunun, hər çəninin istifadəyə verilməsi
bir hadisə idi. Burada xalqımızın tarixində
özünə yer tutan mühüm hadisələr, əlamətdar
günlər də çox olub.
2002-ci il sentyabrın 18-də bütün
dünyanın nəzərləri Xəzərin sahilindəki
bu məkana dikilmişdi. Burada
üçüncü minilliyin nəhəng mühəndis
qurğusu olan BTC əsas ixrac neft kəmərinin təməlqoyma
mərasimi keçirilirdi. Mərasimdə
üç ölkənin - Azərbaycanın, Gürcüstanın
və Türkiyənin dövlət başçıları,
ABŞ-ın energetika naziri, digər hörmətli qonaqlar
iştirak edirdilər. Ulu öndər Heydər
Əliyev müəllifi olduğu digər qlobal layihələr
kimi, BTC-yə də böyük inam bəslədiyini həmin
gün bir daha göstərdi. Buradakı
çıxışını böyük nikbinliklə səslənən
“Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək,
gedəcəkdir!” sözləri ilə bitirdi.
Zaman ulu öndərin nə qədər uzaqgörən
olduğunu sübuta yetirdi. 2005-ci ilin fevral
ayında “Azəri” yatağının mərkəzi hissəsindən
ilkin neft hasil olundu. Sualtı kəmərlər
bu nefti mart ayında Səngəçala çatdırdı.
Mayın 25-də terminalda böyük bir təntənə
quruldu. Bu dəfə dörd ölkənin - Azərbaycanın,
Gürcüstanın, Türkiyənin və Qazaxıstanın
prezidentlərinin iştirakı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə
ilk neft vuruldu.
Həmin
tədbirdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yeni neft strategiyasının həyata
keçirilməsi uğrunda görülən işlərin
hamısını yüksək dəyərləndirərək
demişdir: “Bütün bu işləri görmək
üçün, əlbəttə ki, möhkəm iradə
lazım idi, müdriklik lazım idi. İqtisadi
və siyasi islahatlar aparmaq lazım idi. Amma onu da bilirik
ki, həlledici rolu neft amili, “Əsrin müqaviləsi”nin imzalanması oynamışdır. Həmin müqavilə, ondan sonrakı dövr ərzində
görülən işlər Azərbaycanın inkişafına
böyük təkan vermişdir və biz bunu bu gün də
hiss edirik”.
STGP çərçivəsində Qaradağ rayonunda
geniş bir sosial sərmayə proqramı da həyata
keçirildi.
Proqrama daxil olan tədbirləri saymaqla qurtarmaz.
Məsələn, onların birinə əsasən
Lökbatanda doğum evi yenidən quruldu.
Digər bir layihə “Davamlı gəlirin
yaradılması” adlanırdı. “Ümid” qəsəbəsində
yaşayan məcburi köçkün qadınlar elə evlərindəcə
işlə təmin olundular. Onlara evdə
uşaqlarına nəzarət edə-edə işləmək
və pul qazanmaq imkanı yaradılmışdı. Belə
ki, qadınların hər birinə tikiş maşını,
parça, sap və s. verildi. Onlar neft-qaz obyektlərində
çalışanlar üçün iş əlcəkləri
tikməyə başladılar. Əvvəlcə təlimlərin
keçirilməsi onların öz işlərini yüksək
keyfiyyətlə yerinə yetirməsinə təminat verdi.
Sosial sərmayə layihələrinin biri Səngəçaldakı
222 nömrəli orta məktəbin yeni idman kompleksinin
açılmasına səbəb oldu. İdman
kompleksi, demək olar ki, təzədən tikildi. Oraya yeni hasar çəkildi, voleybol və basketbol
meydançaları quruldu, futbol meydançası bərpa olundu.
“Ümid” qəsəbəsində İcma
İnkişafı Mərkəzi açıldı. Bu mərkəzi
qəsəbədə “Xeyir-şər evi” də
adlandırırlar. Onun 240 kvadratmetrlik
zalı, mətbəxi, dörd iclas otağı, sanitariya
şəbəkəsi var. Qəsəbədə növbəti
yeni obyekt məktəb binası oldu. Məcburi
köçkün uşaqları üçün tikilən
bu məktəbin 290 kvadratmetr sahəsi var. Məktəb 230
şagirdin təhsil alması üçün nəzərdə
tutulmuşdu. O, yeddi sinif otağı və sanitariya
qovşağı, 200 kvadratmetrlik oyun sahəsindən ibarətdir.
Daha bir layihənin icrası “Ümid” və Səngəçal
əhalisi üçün kanalizasiya sisteminin modernləşdirilməsini
mümkün etdi.
STGP
çərçivəsində neçə il
dalbadal Qaradağ məktəbliləri üçün futbol
turniri təşkil edildi. Şagirdlərin
Bakı zooparkına dəfələrlə səfərləri
təşkil olundu. Onların təhsilinə,
dünyagörüşünün genişlənməsinə
dəstək verən neçə-neçə digər tədbirlər
keçirildi.
Səngəçalda aparılan inşaat işləri
böyük miqyaslı idi. Ona görə də əvvəlcədən
ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin
Qiymətləndirilməsi) sənədləri
hazırlanmışdı. Tikinti işləri
zamanı bir sıra yerli və qlobal əhəmiyyətli
canlı növləri təsirə məruz qala bilərdi.
“Qırmızı kitab”a düşmüş
Aralıq dənizi tısbağaları xüsusilə həssas
idi. Ona görə də tısbağalar
qış yuxusunda ikən ayrı-ayrı qutulara
yığıldı. Terminalın ərazisində
qeyri-adi bir ferma - tısbağa ferması yaradıldı.
Beləliklə, bu canlılar təhlükədən qorundu,
böyüdü, artdı... Fürsətdən
istifadə edib tısbağalara alimlər, mütəxəssislər
baş çəkdilər, onları müşahidə edərək
yeni bilgilər qazandılar. Məktəblilər
ekskursiyaya gələrək maraq dünyalarını zənginləşdirdilər.
Səngəçal terminalı yenə də genişləndirilir. Çünki
“Şahdəniz” yatağının işlənməsinin
ikinci mərhələsi çərçivəsində hasil
olunan qaz sualtı xətlərlə buraya gələcək.
Buradan isə genişləndirilmiş Cənubi
Qafqaz Boru Kəmərinə vurularaq TANAP-a, sonra da TAP-a
qovuşacaq. Səngəçaldan
başlanan yollar Azərbaycanı getdikcə dünyanın
daha uzaq ünvanları ilə birləşdirir.
Flora SADIQLI
Azərbaycan. - 2014.- 22 avqust.- S. 3.