ARDNŞ-in nümayəndə heyəti İranda səfərdə olub
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik
etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat
və Hasilat Şirkəti rəhbərliyinin dəvəti ilə
İran İslam Respublikasında səfərdə olub.
Azərbaycan neftçiləri İranın Neft Nazirliyində, bu ölkənin neft və qaz şirkətlərində görüşlər keçiriblər. Akademik X.Yusifzadənin İranın neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi, neft nazirinin beynəlxalq məsələlər və ticarət üzrə müavini Əli Məcidi və İran Milli Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini, şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani ilə görüşlərində neft və qaz sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz hasilatı, nəqli və ixracı sahəsində imkanları, iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətində keçirilən görüşdə şirkətin baş direktoru Əli Osuli rəhbərlik etdiyi qurumun ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz layihələrində Azərbaycan-İran əməkdaşlığının ölkələrimizin mənafeyi naminə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra tərəflər arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
ARDNŞ-in nümayəndə heyəti Tehranda elmi-tədqiqat neft sənayesi institutuna da dəvət edilib, iranlı alimlərin neft-qaz və nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran
Azərbaycan. - 2014.- 22 avqust.- S. 3.