Göygöl şəhərində növbəti vətəndaş qəbulu

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.

AzərTAc xəbər verir ki, növbəti belə bir qəbul avqustun 21-də Göygöl şəhərində keçirilib. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu şəhərdəki Heydər Əliyev Mərkəzində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edib.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbul zamanı ətraf mühitinekoloji tarazlığın mühafizəsi, monitorinqi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik və s. məsələlərlə bağlı 50-dən artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 3.