Gəncədə Azərbaycan və Avropa gənclərinin birgə forumu
işə başlayıb
Avqustun
21-də Gəncədə “ASAN könüllüləri” Gənclər
Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan
nümayəndəliyinin birgə təşkilatçılığı
ilə “Arzuladığımız dünyanı innovativ gələcəklə
quraq” gənclər forumu öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, 15 ölkə daxil olmaqla, ümumilikdə, 70 nəfərədək gəncin qatıldığı forumun əsas məqsədi Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai fəallığını və sosial layihələrdə iştirakının inkişaf etdirilməsinə təşəbbüs göstərməkdir.
Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, gəncləri müzakirə ediləcək mövzular ətrafında daha fəal olmağa çağırıb, eyni zamanda, 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə gənclərin fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə “Avropa cəmiyyətlərinin mədəni və sosial-iqtisadi müxtəlifliyini nəzərə alaraq Avropa ölkələri hansı yollarla hər kəsə bərabər təhsil imkanlarını təmin edə bilər?”, “Əqli mülkiyyət hüquqlarını təmin və müdafiə olunması üçün Avropa ölkələri hansı tədbirləri görməlidir?”, “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrdə sosial xidmət sahəsindəki nöqsanlar və bu qüsurların aradan qaldırılması üçün üzv ölkələrdə hansı mümkün həll yolları irəli sürülməli və modellər qəbul olunmalıdır?” və s. mövzularda məruzələr dinlənilərək müzakirə edilib
Forum avqustun 24-dək davam
edəcək. Bu müddət
ərzində iştirakçıların
Gəncənin maddi-mədəni
abidələrinə, eləcə
də tarixi yerlərinə ekskursiyaları
təşkil olunacaqdır.
Azərbaycan. - 2014.- 22 avqust.- S. 2.