Səyyar “ASAN xidmət” İsmayıllıda

 

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildiriblər ki, avqustun 21-dən 31-dək İsmayıllı, Şamaxı və Qəbələ rayonlarının 275 mindən artıq sakini səyyar “ASAN xidmət”dən İsmayıllı rayonunda yararlana biləcəkdir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeniinnovativ üsullarla təqdim edilməsi, əhali üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bu ilin dekabr ayınadək səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 2.