Küveyt Xəbərlər Agentliyinin əməkdaşları Qubada
Azərbaycanda
səfərdə olan Küveyt Xəbərlər Agentliyinin
(KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları
Suha əl-Zənki və Dana əl-Əbdülcəlil avqustun
21-də Quba rayonuna gəldilər.
AzərTAc xəbər verir ki, qonaqları səmimiyyətlə qarşılayan rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova Qubanın təbiəti, əhalisi, burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verdi.
Sonra qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular. Burada Ulu Öndərin zəngin siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri haqqında zəngin məlumatlar Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarının diqqətinə çatdırıldı.
Qonaqlar Mərkəz ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdılar.
Qonaqlar Cümə məscidini ziyarət etdikdən sonra “Qədim Quba” xalçaçılıq müəssisəsinə baş çəkdilər. Xalça toxunması prosesini izləyən qonaqlar Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumatlandırıldılar. Müəssisədə xalça toxuyan 9 yaşlı qızın peşəkarlığı Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarını təəccübləndirdi. Onlar “balaca xalçaçı” ilə xatirə şəkli çəkdirdilər. Küveytli qonaqlara məlumat verildi ki, bir çox Azərbaycan ailələrində xalça toxumaq ənənəsi vardır. Belə ailələrdə qızlar kiçik yaşlarından bu sənətin sirlərini öyrənirlər.
Daha sonra KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etdilər.
Qonaqların diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial
Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini
yazdılar.
Azərbaycan. - 2014.- 22 avqust.- S. 2.