Bu yurdun maddi-mədəni sərvətləri ermənilər tərəfindən məhv edilib

 

Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı bu gün dəqiq hesablamaq mümkün deyildir. Eyni zamanda hazırda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur.

 

Cəbrayıl da Azərbaycanın işğal altında qalan digər rayonlarından biri kimi tarixi-memarlıq abidələri ilə zəngindir. Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli türbələr (XIX əsr), Şıxlar kəndindəki Dairəvi türbə (XIV əsr), Xudafərin körpüsü (erkən orta əsrlər), Diri Dağındakı Qız qalası, Dağtumasdakı Başıkəsik günbəz, Gordubaba dağındakı məzar, dini təyinatlı abidələrdən “Hacı Qaraman”, “Cəbrayıl ata”, “Dül-dül”, “Mazannənə” ziyarətgahlarının hər biri qədim tariximizin, minilliklərin yadigarlarıdır.

Rayon ərazisində arxeoloji abidələr də

 mövcud idi. Dağtumas kəndi yaxınlığındakı “Divlər sarayı”, Mahmudlu yaxınlığındakı “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Siklop tikililəri, Cəbrayıl şəhəri yaxınlığındakı “Ağoğlan”, Dağtumas kəndi yaxınlığındakı “Tumas ata” və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələr idi. Bu məbədgahlara, ocaq və pirlərə, ziyarətgahlara gələnlərin sayı-hesabı bilinməzdi. İnsanlar burada niyyət tutub, şəfa tapırdılar.

Onlardan biri Hacı Qaraman ziyarətgahı idi. Çələbilərin (“Çələbi” sözü dini və dünyəvi termin olub, hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıçı, şair, bilici mənalarını verir) XIII əsrin birinci yarısında - monqol yürüşləri dövründə Kiçik Asiyadan, əsasən də Türkiyə ərazilərindən məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yarəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə köç etmiş, əvvəlcə Niftalılar və Nusus kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndində yerləşmişdir. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralarOcaqkimi müqəddəsləşdirilmişdir. Çələbilər kəndindəki məscid isə Məhəmməd ibn hacı Qaraman Əhmədli tərəfindən hicri tarixilə 1088-ci ildə (miladi 1678) inşa edilmişdir. O, ömrünün sonunadək həmin kənddə ağsaqqallıq etmiş, xeyirxah işlərin duaçısı, hüzuruna pənah gətirənlərin yardımçısı olmuşdur.

Cəbrayıl ata ziyarətgahı - Cəbrayıl kəndinin şimalında Ata adlı məqbərə (uzunluğu 4,5 m, eni 2,4 m, hündürlüyü 1,8 m) ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus torpaqların tam yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı yerində tikilmişdi.

Qara daş ziyarətgahı Cəbrayılın mərkəzində olanQara daş” səmadan gələn daş olduğu üçün, əhali tərəfindən ziyarətgah kimi qəbul edilirdi.

Ağoğlan, Qurbantəpə ziyarətgahları Cəbrayıl rayonunun yaxınlığında Ağoğlan abidəsi bütpərəstlik dövründən qalma abidədir. Mənbələrdə göstərilir ki, burada qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra Ağoğlan abidəsi müsəlman ziyarətgahına çevrilmişdir. Ağoğlan kimi sonralardan pirə çevrilmiş yerlərə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, Cəbrayıl rayonunun cənubunda Qurbantəpə adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Günəşə, Aya sitayiş etdikləri ilk Tunc dövrünün sonlarının nişanəsidir. Yerli əhali təzə il gəlsin və məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsir, bişirdiyi xörəyin suyundan gündoğan tərəfə səpir, sonra xörəyi yeyir və Günəşə sitayiş etməklə kütləvi şadlıq edirdilər. Sonralar bu köhnə inam saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşmışdı. Onların saldıqları kənd Qurbantəpə adlandırılmışdı.

Mazannənə, Mərmərnənə ziyarətgahı ilə bağlı professor Mirəli Seyidov deyir ki, “Nənə” qədim türkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z.İ.Yampolski Mazannənə abidəsi barədə yazır ki, o, sinfi cəmiyyətə keçid dövründə qadınların ictimai istehsalda birinci dərəcəli rol oynadığı madərşahlıq zamanının yadigarıdır və sonralar İslam dininə uyğunlaşdırılaraq ocaq hesab edilmişdir. Həmin abidənin yaxınlığında indiyə qədər nişanələri qalan köhnə yaşayış məskəni Mazannənə kəndi adlanmışdır. Bu kəndin ətrafında qədim qəbiristanlıqda “Əziz ibn Seyid Əl-Məhəmməd” sözləri olan qəbrin sinə daşında və başqa qəbirlərin üstündə hicri 750, 760 və 809-cu illərin yazılması təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar. Yerli əhali Həsənli kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadını Mazannənənin anası hesab edir.

Tumas-ata abidəsi - Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas-ata abidəsi də bütpərəstlik dövrünün yadigarıdır. Dağtumas kəndinin sakinləri Tumas-atanı öz əcdadları hesab edir və müqəddəs ocaq kimi tanıyırlar.

11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi), Ağoğlan nekropolu  (ilk orta əsrlər),  Karxulu kurqanları və yaşayış yeri - Tunc dövrü - (Karxulu kəndi), Canqulu kurqanı (Tunc dövrü, Mahmudlu kəndi), Qustəpə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şıxlar kəndi), Şıxlar mağarası (Daş dövrü, Şıxlar kəndi), Şıxlı kurqanları (son Tunc dövrü), İmanqazan təpə kurqanları (son Tunc dövrü, Şıxlı kəndi), Qaladağ qalaçası və yaşayış yeri (ilk orta əsrlər, Qalacıq kəndi), Məscidtəpə kurqanı (Tunc dövrü, Qalacıq kəndi), Naftalı kurqanları (son Tuncilk Dəmir dövrü, Naftahlar kəndi) və s. kimi  tarixin yadigarları, şəksizdir ki, erməni vandalizminin qurbanlarına çevrilmiş maddi-mədəniyyət və dini abidələrimizdəndir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 5.