Ulduzlar içində seçilən ulduz
“Bu aktrisanı verin mənə, mən də onunla bütün dünyanı gəzib dolaşaram”. Şahidlərin dediyinə görə, Rusiyanın məşhur teatr rejissoru və aktyoru Nikolay Oxlopkov azərbaycanlı aktrisa Hökümə Qurbanovanı Şekspirin “Qış nağılı” pyesində Germiona rolunda görəndən sonra onun populyarlığının dərəcəsini belə təyin etmişdir.
Dünya şöhrətli ingilis rejissoru Piter Bruk isə Hökümə xanımın sənətini belə qiymətləndirmişdir: “Mən belə Kleopatranı hələ görməmişəm”.
Bu sözlərdə heç bir mübaliğə yox idi. Çünki Hökümə Qurbanovanı böyükdən tutmuş kiçiyə kimi hamı sevir, iştirak etdiyi tamaşalara gedir, peşəkarlar onun sənətini yüksək qiymətləndirirdilər.
Hökümə Qurbanova 1913-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Anası Malikat Maqomayeva bəstəkar Müslüm Maqomayevin doğma bacısıdır. Atası Abbasəli Qurbanov bakılı, bacarıqlı tacir idi. O, Müslüm Maqomayevlə dostluq edirdi. 1910-cu ildə işlə bağlı Şimali Qafqazda olarkən dostunu görmək üçün Qroznıya gedir və orada Malikat xanımı görüb ona vurulur. Çox az müddətdən sonra evlənirlər. Qurbanovlar ailəsinin üç uşağı olur: Hökümə, Qəmər və Ağası.
Hökümə xanım əvvəlcə Bakı Pedaqoji Texnikumunu bitirir. Bundan sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində iki il təhsil alır. Maraqlıdır ki, Hökümə Qurbanova yaradıcılıq fəaliyyətinə teatrda deyil, 1933-cü ildə “Azərfilm” kinostudiyasında başlayır. O vaxt dramaturq C.Cabbarlı rejissor kimi “Almaz” filmini çəkməyə hazırlaşırdı. Yaxşı roluna qardaşı qızı Mələk xanımı təsdiq etmişdi. Dramaturqun qəfil ölümü işləri yarımçıq qoyur. Bir müddətdən sonra rejissorlardan A.Quliyev və Q.Braginski filmin çəkilişlərinə başlayırlar. Mələk xanım əmisinin ölümündən sonra filmə çəkilmək istəmədiyi üçün Yaxşı roluna Hökümə Qurbanova təsdiq olunur.
İstər mövzu aktuallığına, istərsə də əsərdə qaldırılan məsələlərin düzgün kinematoqrafik həllinə görə “Almaz” filmi 1936-cı ildə ekranlara buraxılandan sonra respublikamızın mədəni həyatında əlamətdar hadisəyə çevrilir. Filmin ayrı-ayrı səhnə və epizodları müəlliflər tərəfindən sənətkarlıqla işlənir, rejissorların aktyorlarla birgə fəaliyyəti kino əsərinin müvəffəqiyyətini təmin edir.
Yaxşı rolunu realistik planda oynayan Hökümə xanım filmin əvvəlindən sonuna kimi Almazla yaxınlıq etsə də, qorxu içərisində yaşayır. Bir tərəfdən Almazın evinə gəlib-getdiyinə görə qardaşı onu öldürəcəyi ilə hədələyir. Digər tərəfdən, kənd soveti katibinin təcavüzünə məruz qaldığı üçün bu biabırçılığın nə vaxtsa üzə çıxacağından ehtiyat edir. Belə bir psixoloji obrazı yaratmaq gənc aktrisa üçün heç də asan olmur. Buna baxmayaraq, filmin sonunda rayon mərkəzindən gəlmiş komissiyanın iclasında gözlənilmədən cəsarət tapıb Almazla bağlı məsələlərə aydınlıq gətirən bu dilsiz-ağızsız, aciz kənd qızının hünərinə heyran qalırsan. Film səssiz olduğu üçün aktrisa bütün film boyu keçirdiyi iztirablarını, daxili təlatümlərini, hiss və həyəcanlarını ifadəli mimikası və jestləri vasitəsilə tamaşaçıya çatdırmağa müvəffəq olmuşdur.
“Almaz” filmindəki uğurlu işindən sonra Hökümə Qurbanova Azərbaycan Dövlət Dram Teatrına dəvət alır. 1939-cu il fevralın 1-də ilk dəfə səhnəyə çıxaraq “Vaqif” tamaşasında gürcü qızı Tamara rolunu oynayır.
Professor M.Məmmədov “Onun sənət ulduzu” kitabında xatırladır ki, düz 40 il əvvəl o və Hökümə xanım “Azərbaycanfilm”in köhnə binasında (təxminən 1938-ci ildə) “Geniş üfüq” filminin (sonralar filmin adı dəyişdirilərək “Yeni horizont” olmuşdur) sınaq-kino çəkilişində tanış olmuşlar. Hökümə Qurbanova Dram Teatrına yeni qəbul olunmuşdu. Sınaq kadrları üçün Hökümə xanım royal arxasında oturub nə isə çalır, Mehdi müəllim royala söykənib dinləyirdi. Təəssüf ki, onlar bu sınaq çəkilişindən çıxa bilmədilər. Amma 20 ildən sonra bu iki sənətkar “Onu bağışlamaq olarmı?” detektiv melodramında yenidən görüşdülər və filmə çəkildilər: M.Məmmədov Qaya, H.Qurbanova Kəmalə rollarında.
“Vaqif” tamaşasındakı Tamara rolu kiçik olsa da, Azərbaycan səhnəsinə istedadlı və gözəl bir aktrisanın gəlişindən xəbər verirdi.
Teatrşünas A.İsmayılova “Azərbaycan qadınları səhnədə” kitabında yazmışdır: “H.Qurbanovanın teatrı özünə peşə seçməsi bir təsadüflə bağlı olsa da, bir həqiqətdir ki, o, səhnəyə gəlməyə özündə daxili ehtiyac hiss etmiş, bu yolu şüurlu olaraq seçmişdir. Bəlkə də Hökümə xanım öz fikrini, həyata, hadisələrə münasibətini aydın demək, bir sənətkar kimi dövrün aktual məsələlərini, Azərbaycan qadınının ağıl və zəkasının nəyə qadir olduğunu isbat etmək üçün bu formanı, bu yolu, bu sənəti seçmişdir”.
Təsadüfi deyil ki, Hökümə xanımın səhnədə ilk uğurlu çıxışından sonra ona “Müsibəti-Fəxrəddin” tamaşasında Gülbahar rolu tapşırılır. Gənc olmasına baxmayaraq, bu dramatik surəti inandırıcı şəkildə və məharətlə yaradan Hökümə Qurbanova az bir zamanda teatrın aparıcı aktrisaları sırasına çıxır. Teatrın rəhbərliyi ona daha mürəkkəb və məsuliyyətli rollar tapşırır. O, “Fərhad və Şirin” tamaşasında Şirini, “Nizami”də Afaqı, “Xoşbəxtlər”də İncini, “Vəfa”da Vəfanı, “Almaz”da Yaxşını oynayır.
Professor İ.Rəhimli aktrisanın teatr yaradıcılığından bəhs edərkən belə bir fikir söyləmişdir: “Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və səs variatsiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirlər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, Şekspirin “Qış nağılı”nda Germiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla “doldururdu”.
Bu sözlərə aid əlavə etmək lazımdır ki, Hökümə Qurbanovanın teatr səhnəsində hər bir çıxışı od parçası kimi hərarətli olurdu. Müxtəlif janrda yazılmış pyeslərdəki - “Şeyx Sənan” (Xumar), “Antoni və Kleopatra” (Kleopatra), “Od gəlini” (Solmaz), “İnsan” (Səhər) faciələrini, Xuraman (“Vaqif”), Olibiya (“On ikinci gecə”), Həyat (“Həyat”), Gülarə (“İşıqlı yollar”), Reyhan (“Qardaşlar”), Vasantasena (“Hind gözəli”), Həcər (“Qaçaq Nəbi”), Sevinc (“Sənsiz”), Şəfəq (“Bahar suları”), Nazlı (“Əliqulu evlənir”), Xanuma (“Xanuma”) və s. romantik-dramatik, psixoloji-dramatik, tarixi-dramatik, lirik-psixoloji, yumorlu-dramatik rollarını buna misal göstərmək olar. Bu pyeslərdə ona həvalə edilmiş obrazları eyni sənət yanğısı, eyni coşqunluqla yaradır, öz ehtiraslı oyunu ilə tamaşaçıların diqqətini cəlb edə bilirdi. Çox təəssüf ki, bu gün biz Hökümə Qurbanovanın oynadığı tamaşalara baxa bilmirik. Çünki bu tamaşalar ekran üçün çəkilməyib. Bununla bağlı V.Belinski “Estetika və ədəbi tənqid” kitabında yazmışdır: “Səhnə sənəti anidir və bu mənada vəfasızdır. O, ancaq yaradıcılıq anlarında, qəlblərə güclü, dərin təsir göstərərkən, ancaq hazırkı zamanda yaşayır. Ötüb keçəndə, keçmişə çevriləndə isə ilğıma dönür, görünməz olur. Aktyorun oyunu bir xatirə kimi yalnız onu görənlər, özü bilavasitə mütəəssir olanlar üçün mövcuddur. Görməyənlərə onu nağıl etmək, başqalarında təsəvvür yaratmaq üçün yox...”
Teatrdan fərqli olaraq film kinematoqrafçıların - rejissorun, kinodramaturqun, operatorun, rəssamın, aktyorların və digərlərinin sənətkarlığını vizual olaraq gələcək nəsillər üçün qoruyub saxlayır. Bu gün biz görkəmli sənətkarımız Hökümə Qurbanovanın çəkildiyi filmlərə baxır, onun yaratdığı obrazlarla tanış ola bilirik.
C.Cabbarlının eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Almaz”, o cümlədən Hökümə xanımın iştirakı ilə lentə alınmış “Bir ailə” (1943), “Onu bağışlamaq olarmı?” (1959), “Əmək və qızılgül” (1962), “İnsan məskən salır” (1967) bədii filmləri Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
Böyük Vətən müharibəsi başlanandan sonra Bakı kinostudiyasında əsasən hərbi vətənpərvərlik mövzusunda filmlər istehsal olunurdu. Belə filmlərdən biri də “Bir ailə” kinoalmanaxıdır (rejissor Q.Aleksandrov, M.Mikayılov, R.Təhmasib). 1943-cü ildə çəkilmiş bu film ümumi bir süjet xətti ilə bir-birinə bağlı üç novelladan ibarətdir. Burada müharibənin ağır günlərində müxtəlif millətlərdən olan adamların - tankçı Nəcəfin, Nəcəfin anasının, Katyanın, dalğıc Məmmədin, dalğıcın arvadı Leylanın (bu rolu H.Qurbanova icra edir), Əhməd əminin, Katyanın anasının, atasının, habelə digər insanların vətənpərvərliyindən və dostluğundan danışılır. Bu filmdə dalğıcın arvadı ərinin qeydinə qalan, onun nigarançılığını çəkən xoşsifət gözəl bir qadındır. Burada aktrisa üçün elə bir imkan yoxdur ki, o, personajı ilə bağlı nə isə edə bilsin. Personajın sözü də olduqca azdır. Hiss olunur ki, ssenari yazılarkən bu rola lazımi diqqət yetirilməyib. Lakin gənc aktrisa Hökümə Qurbanovanın daxili və xarici cazibədarlığı personajı baxımlı etmişdir.
M.Təhmasibin “Bahar” pyesi əsasında rejissor R.Təhmasibin ekranlaşdırdığı “Onu bağışlamaq olarmı?” bədii filmində H.Qurbanova məşhur göz həkimi Kəmalənin obrazını yaratmışdır. Filmdə cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşən gənc Tərlanın dramatik taleyi təşkil edir.
Aparılan təhqiqat nəticəsində məlum olur ki, Kamal (Tərlanın əsl adıdır) Kəmalə xanımın müharibə başladığı gün itkin düşmüş qardaşıdır. Bunu eşidən Kəmalə xanım - Hökümə Qurbanova yerində donub qalır, sanki heykələ dönür. Lakin onun gözlərindəki dəhşəti görüb unutmaq olmur. Bu gözlənilməz xəbərdən sarsılan Hökümə xanım həmin an həqiqətən qəhrəmanının faciəsini yaşayır. Birdən yuxu görürmüş kimi ayılır və “mənim cani qardaşım” deyərək hönkürür. Aktrisa həmin səhnədə o qədər təbii və inandırıcı oynayır ki, sanki qarşısında baş vermiş dəhşətli bir hadisənin şahidi olursan.
Hökümə Qurbanovanın yaradıcılıq diapazonu olduqca geniş idi: o, kölə vəziyyətinə salınmış, hüquqsuz kəndli qızını, ərinə sədaqətli gənc həyat yoldaşını, ziyalı xanımı, övladlarını canından artıq sevən, bütün həyatını onların xoşbəxtliyinə həsr edən anaları, bir-birindən fərqlənən surətləri eyni inandırıcı və səmimi şəkildə yaratmış, ana və bacılarımızın xarakterini özünəməxsus sənətkarlıqla aça bilmişdir.
Son iki filmdə - “Əmək və qızılgül” və “İnsan məskən salır”da Hökümə Qurbanova ana obrazlarını yaratmışdır. “Əmək və qızılgül” musiqili filmi (rejissor T.Tağızadə) SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esambayevin həyat və yaradıcılığına həsr olunmuşdur.
Keçən əsrin 30-cu illəri. Uzaq çeçen auluna konsert briqadası gəlir.
Klubda verilən konsertə balaca
çoban Mahmud da tamaşa edir. Tamaşaçıların kəskin
etirazına səbəb olan bu konsert Mahmuda
xoş təsir bağışlayır. O gündən
etibarən artist olmaq həvəsi bir an belə Mahmudu
tərk etmir. Onun atası Əlisultan isə oğlunun balet artisti olmasını
qətiyyən istəmir.
Bunu özü və nəsli üçün
alçaqlıq hesab edir.
Belə bir məqamda ata ilə oğul
arasında Bikətu ana - Hökümə Qurbanova həm barışdırıcı mövqedə
durur, həm də oğlunu zərbələrdən qoruyur. Köhnə adət-ənənəyə
görə qadın nə ərinin sözündən çıxa,
nə də ərinin evdə qoyduğu qayda-qanunların
əksinə gedə bilər. Bütün bu çətinliklərə
baxmayaraq, ana sinəsini irəli verib oğlunun müdafiəsinə qalxır.
Bu filmdə Hökümə
Qurbanovanın yaratdığı
Bikətu ana əsas qəhrəman olmasa da, kino
əsərinin ideyasının
düzgün səsləndirilməsində,
milli mədəniyyətin
inkişafı, köhnə
ənənələrlə bağlı çətinliklərin
aradan qaldırılması,
incəsənətin xalqa
çatdırılması və gənclərdə istedadlarının təşəkkül
tapması kimi vacib məsələlərin
yüksək səviyyədə
əks etdirilməsində
onun da fəal
iştirakı və zəhməti şəksizdir.
Rejissor A.Babayevin
çəkdiyi “İnsan
məskən salır”
filmində Hökümə
Qurbanova Şamama ana rolunda çıxış
etmişdir. Xəzər neftçilərinə həsr olunmuş bu film təkcə dənizin dərinliklərini
fəth edən qəhrəmanlığı əks
etdirmir, həm də zəmanənin gənc adamlarının daxili dünyasını göstərməyi qarşısına
əsas vəzifə kimi qoyur, dövrün
mühüm problemlərini
qaldırır və həyata yenicə başlamağın heç
də asan olmadığını söyləyir.
Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndis Ramiz Şamama ananın oğludur. Briqada üzvləri ona etimadsızlıq göstərirlər. Ramiz briqada üzvləri ilə necə rəftar edəcəyini bilmir, əsəbiləşir, adamlarla kobud rəftar edir. Oğlunun bu vəziyyəti ananı çox narahat edir. Şamamanın əri müharibədə həlak olmuş, ərə getməyib övladını tək böyütmüşdür. Ona savad vermiş və cəmiyyətimizə layiq vətəndaş kimi yetişdirmişdir. İndi Ramiz iş yerində problemlərlə üz-üzə gəldiyi üçün Şamama - Hökümə Qurbanova narahatlıq keçirsə də, hər şeyin qaydaya düşəcəyinə oğlunu inandırmağa çalışır. Ananın və bu ailənin dostu neftçi Morozun söhbətləri Ramizə düzgün qərar qəbul etməyə imkan verir. O, briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanır və dəniz mədənində həmişəlik məskən salır. Övladın həyatda öz yerini axtarıb tapması, xoşbəxt olması valideyn üçün böyük səadətə çevrilir.
Çox təəssüf ki, belə bir səadət görkəmli sənətkar Hökümə Qurbanovaya qismət olmadı. Aktrisanın ailə qurduğu teatrın baş rəssamı Nüsrət Fətullayevdən olan qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından idi. Hökümə xanım qızının adını eyniadlı tamaşada oynadığı Vəfa obrazının şərəfinə qoymuşdu.
Vəfanın ağır xəstəliyə düçar olub yatağa düşməsi və 42 yaşında vəfat etməsi valideynlərini bərk sarsıdır. Sevimli qızları Vəfanın ölümündən iki ay sonra N.Fətullayev dünyasını dəyişir. Bir ildən sonra Hökümə xanım da gözlərini əbədi olaraq yumur.
Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktrisası Hökümə Qurbanova 1988-ci ildə 75 yaşında cismani olaraq dünyasını dəyişsə də, onun sənət ulduzu, professor M.Məmmədovun təbirincə desək, Hökümə Qurbanovanın sənət ulduzu tez şölələnmiş, sürətlə yüksəlmiş, gur işıqla parlamışdır. Ulduzlar içində onun ulduzu asan seçilir, aşkar görünür!..
Aydın
KAZIMZADƏ,
əməkdar incəsənət
xadimi,
Prezident təqaüdçüsü
Azərbaycan. - 2014.- 22 avqust.- S. 6.