Muxtar respublikanın təhsil müəssisələrində
yeni mövsümə hazırlıq məsələləri
müzakirə olunub
Dünən
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində
muxtar respublikanın təhsil müəssisələrində
payız-qış mövsümünə
hazırlığın vəziyyəti və qarşıda
duran vəzifələrə həsr olunmuş kollegiya
iclası keçirilib.
Tədbirdə qeyd olunub ki, 2014-2015-ci tədris ilində muxtar respublikada payız-qış mövsümündə 182 təhsil müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaq. Payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə verilən tapşırıqlara uyğun olaraq, təhsil müəssisələri ağ neft, maye qaz yanacağı və soba ilə təmin olunublar. Verilən material və yanacaq birbaşa mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünmüş, onlardan səmərəli istifadə olunması nəzarətə götürülmüş, mal-materialın təyinatı üzrə düzgün istifadə edilməsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilmişdir. Yeni mövsümə hazırlıq çərçivəsində 2014-2015-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 216 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 2 orta ixtisas məktəbi, 2 peşə liseyi və 3 texniki-peşə məktəbi fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhəri üzrə 32, Şərur rayonu üzrə 44, Ordubad rayonu üzrə 25, Culfa rayonu üzrə 28, Babək rayonu üzrə 30, Şahbuz rayonu üzrə 23, Kəngərli rayonu üzrə 16, Sədərək rayonunda isə 9 təhsil müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaqdır. 2014-cü ildə aparılan tikinti-quruculuq işləri nəticəsində muxtar respublikada daha 19 təhsil müəssisəsi payız-qış mövsümündə müasir istilik sistemlərinə qoşulacaq, nəticədə, cari tədris ilində rayon (şəhər) təhsil şöbələri də daxil olmaqla, müasir istilik sistemləri ilə işləyən müəssisələrin sayı 207-yə çatacaq. Yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olmuşdur. Belə ki, 2014-2015-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 216 ümumtəhsil məktəbindən 204-ü (94,44 faizi) beş günlük, 12-si (5,56 faizi) isə altı günlük iş həftəsi ilə işləyəcək. Bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradacaq.
Elxan Məmmədov
Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.