İmişlili şagirdlər Şəki-Qəbələ-İsmayıllı səfərindən zəngin təəssüratla qayıdıblar

 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Şəki-Qəbələ-İsmayıllı marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən imişlili şagirdlər avqustun 19-da İmişli şəhərinə qayıdıblar.

AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictiamaiyyətin nümayəndələri qarşılayıblar.

Qrupun rəhbəri, İmişli şəhər 1 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Şakirə Bədəlova səfər təəssüratlarını AzərTAc-a bölüşüb: “Təəssüratımız olduqza zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları, sosial-iqtisadi inkişafı ilə yaxından tanış oldular.

Azərbaycanın regionları ilə tanışlıq gənc nəslin Vətənə məhəbbət, ölkəmizin tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Aksiyada iştirak edən şagird və müəllimlər adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Tur-aksiyanın digər iştirakçıları-İmişli şəhər 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Samiq Abışov, şəhər 5 nömrəli məktəb-liseyin IX sinif şagirdi Fərid Əmirov və başqaları da səfərdən zəngin təəssüratla qayıtdılarını qeyd ediblər.

Onlar, məktəblilərin asudə vaxtlarının səmərəli keçməsinə göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısına minnətdarlıqlarını bildirdilər.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.