Məktəblilər
bölgələri gəzdikcə Vətənimizə daha
ürəkdən bağlanırlar
“Ölkəmizi
tanıyaq” maarifləndirici tur-aksiyasının
iştirakçıları olan Astara və Lerik məktəbliləri
avqustun 20-də Gəncə ilə tanışlığı
dahi söz ustası Nizami Gəncəvinin məqbərəsində
davam etdirdilər.
AzərTAc
xəbər verir ki, məqbərəni ziyarət edən
şagirdlər burada bələdçi ilə dialoqa girərək
onları maraqlandıran suallarla müraciət etdilər. Hər
bir sualın cavabından razı qalan ekskursiya
iştirakçıları qeydlər də apardılar. Sonra
məqbərəni əhatə edən ərazini gəzən
məktəblilər görkəmli söz ustadının 870
illik yubileyi ərəfəsində aparılan abadlıq və
yenidənqurma işləri ilə tanış oldular. Nizami
muzeyində şairin yaşadığı dövrü əks
etdirən eksponatlara baxan Astara və Lerik rayonlarının
şagirdləri məqbərə qarşısında xatirə
şəkli çəkdirdilər.
Günortadan
sonra şəhər mərkəzindəki Şah Abbas məscidində,
Cavad xan türbəsində, “Çökək hamam” və
Karvansarayda olan şagirdlərə bu tarixi-memarlıq abidələri
haqqında ətraflı məlumat verildi.
Avqustun
21-də Astara və Lerik məktəbliləri Şəmkir və
Göygöl rayonlarına ekskursiyalarını davam etdirəcəklər.
Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.