Sosial ədalətə söykənən humanist missiya

 

Heydər Əliyev Fondu son 10 ildə ölkəmizin sosialyönümlü siyasətinin uğurla reallaşdırılmasına sanballı töhfələrini vermişdir

 

Tarixdən yaxşı məlumdur ki, hər bir xalq taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması bu mənada xüsusi aktuallıq kəsb edir.

Yarandığı gündən bu ali məqsədi qarşıya qoyan, ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 10 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə respublikamızda oxşarı olmayan nüfuzlu qurumdur.

Məlumdur ki, dövlət özünün müəyyən inkişaf mərhələsində bəzi funksiyalarını vətəndaş cəmiyyətinin institutlarına ötürməklə demokratik təsisatların və cəmiyyətin inkişafına təkan vermiş olur. Azərbaycanda bu gün vətəndaş cəmiyyətinin ən nümunəvi elementinə çevrilmiş Heydər Əliyev Fondu da məhz ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunun həyata keçirilməsində mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir.

İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanında təsbit edilmiş, bununla qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond ilk növbədə ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyəti ilə yaradılmışdır. Təşkilat ilk gündən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də fondun ötən 10 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum uşaq müəssisələrinin infrastrukturlarının, tibbi təsisatların inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın, multikulturalizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu nəcib və xoşməramlı missiyaya əlavə oluna bilər.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev fondun fəxri qonaqlar kitabında ürək sözünü belə ifadə etmişdir: "Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan fondun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatlar və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəliyə, yeni qələbələrə doğru inamla gedəcəkdir".

Son 10 ildə həyata keçirilən layihələr ölkə başçısının bu fikirlərinin tam mənada doğrulduğunu, Heydər Əliyev Fondunun sosial və humanitar sahədə fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Bunun nəticəsidir ki, ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparan Heydər Əliyev Fondu reallaşdırdığı xeyirxah və nəcib layihələrlə ölkəmizdən kənarda da insanların hədsiz inam və etimadını qazanmışdır.

Fondun keçdiyi yola nəzər saldıqda daim mütərəqqi yeniliklərin təşəbbüskarı, milli və mədəni irsin hamisi olan, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən humanist dəyərlərin inkişafına çalışan, ümummilli liderin ideyalarına sadiq qalaraq onu daha da inkişaf etdirən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə, habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində səmərəli layihələrin həyata keçirilməsinə, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdir. Azərbaycanın birinci xanımının əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun işinə yaradıcı münasibəti ulu öndərin adını daşıyan bu təşkilatın  fəaliyyətində kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən ən mühüm amillərdən biridir.

Məlumdur ki, ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət başçısı kimi həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən birini cəmiyyətin sosial sahəsi təşkil etmişdir. Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas istiqamətini ulu öndərin sosial siyasət kursunun həyata keçirilməsi təşkil edir və bu sahədə reallaşdırdığı uğurlu sosial layihələr bunu əyani şəkildə sübut edir. Fond 10 illik fəaliyyəti ilə ölkəmizdə sosial siyasətin uğurla reallaşdırılmasına layiqli töhfələrini vermişdir.

Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqəyə rast gəlinir. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqət çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən investisiyalar xüsusi çəkiyə malikdir.

Prezident İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə tam aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Minimum əməkhaqqı ilbəil yüksəlir, pensiyalar və müxtəlif sosial müavinətlər müntəzəm olaraq artırılır, sosial obyektlərin tikintisi genişlənir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq düzgün yanaşma olmazdı. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək sayıla bilər.

Azərbaycanın birinci xanımının bu fikri xüsusi maraq doğurur ki, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər: "Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır".

Azərbaycan cəmiyyəti son illər məhz Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən nəcib və xeyirxah əməllərin nə qədər müstəcəb olduğunu dərindən dərk edir, özünün yaşam fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışır. Şübhəsiz, Azərbaycanın birinci xanımının yüksək mənəvi aləmindən, nəcibliyindən, insanpərvərliyindən irəli gələn bu fəaliyyət bütövlükdə cəmiyyətdə xoş ovqatın, nəcib duyğuların, xeyriyyəçilik meyillərinin güclənməsinə səbəb olur. Dünyanın xilası naminə çalışan yüksək amallı insanlarla eyni sırada dayanan UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir.

Fəaliyyəti yalnız xeyriyyəçiliklə məhdudlaşmayan Heydər Əliyev Fondu cəmiyyət üçün son dərəcə gərəkli olan sosial sahələrin inkişafına xüsusi diqqət yetirir. Fondun humanitar və sosialyönümlü fəaliyyətində cəmiyyətin mənəvi və mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən isə ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramı ön plandadır. Azərbaycanın birinci xanımı bütün bu məqsədlərin həyata keçirilməsi, eləcə də ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsil problemlərinin həllini də xüsusilə vacib sayır.

Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəblərin tikintisi, mövcud ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər də son dərəcə təqdirəlayiqdir. Bunu nəzərə alan fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparmış, Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Fondun xətti ilə son 10 ildə 400-dək yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir. Yüksək  tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur. Heydər Əliyev Fondu belə uğurlu göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Fondun "Təhsilə dəstək" layihəsi də sosialyönümlü layihələr sırasında mühüm yer tutur. Layihə çərçivəsində fond 2013-2014-cü dərs ili ərəfəsində respublikanın müxtəlif məktəblərinə 15 minə yaxın çantanın və dərs ləvazimatının paylanılmasını təmin etmişdir. Aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə etmişdir.

Heydər Əliyev Fondu təhsillə bağlı layihələrini ölkə hüdudlarından kənarda da uğurla davam etdirir. 2013-cü ildə fond Fransanın Aşağı Normandiya regionunun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım etmişdir. Məktəbin direktoru Filip Andres Heydər Əliyev Fondunun zalın bərpasına göstərdiyi yardımı yüksək qiymətləndirərək minnətdarlığını bildirmişdir. Təmirdən sonra bu zala Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin adının veriləcəyi bildirilir.

2013-cü il iyunun 8-də isə fondun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz açılmışdır. Mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.

2014-cü ilin aprelində isə fondun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində yeni uşaq bağçasının tikintisinə başlanılmışdır. Layihəyə əsasən 240 yerlik uşaq bağçasının 120 yerlik birinci hissəsi 2014-cü ilin sentyabrınadək hazır olmalıdır.

Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, Romada Müqəddəs Pyotr və Marsellina sərdabasının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, hazırda fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə dəstək verir.

Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının böyük hamisi, müdafiəçisi statusunda çıxış edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə Azərbaycanın hərtərəfli inkişafı və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfəsini verməyə çalışır. Bəzən müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən insanlar sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rəsmi müraciət etməklə nicat tapırlar. Özünün də qeyd etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə böyük diqqət və həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu həm də fondun vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən sanballı və nüfuzlu ictimai təşkilat olduğunu göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın işğalı nəticəsində tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstərilməsi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Mehriban xanım Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini həssaslıqla duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli verməyə çalışır. Azərbaycanın birinci xanımı xarici mətbuat orqanlarından birinə verdiyi müsahibə zamanı qaçqın və məcburi köçkünlərimizin ağır vəziyyətindən söhbət açmış, onların ilk növbədə köməyə və həyanlığa ehtiyacının olduğunu vurğulamışdır.

Təşkilatın UNESCO ilə əməkdaşlığının mühüm hədəflərindən biri də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının ölkə təhsilində yaratdığı ağır problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bütün dünyada təhsil, maarifçilik hərəkatının geniş vüsət aldığı bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyəti, miqyası barədə beynəlxalq aləmdə obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da təbliğat baxımdan böyük əhəmiyyətə malikdir.

Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi də təsadüfi olmayaraq, konkret siyasi məzmun daşıyır. Bununla da Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilir. Ümumiyyətlə, Azərbaycanın birinci xanımının milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti də qürur doğurur. Hələ 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə son illərdə keçirilən, Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan muğamın təbliğinə layiqli töfhə olmuşdur. Bakıda - Dənizkənarı bulvar ərazisində Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi fondun qlobal mədəniyyət layihələri sırasında mühüm yer tutur.

BMT-nin uşaq hüquqlarının qorunması ilə bağlı ixtisaslaşmış UNICEF təşkilatı ilə qurulmuş əlaqələrin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Fondun həmin təşkilatla birgə həyata keçirdiyi müştərək sosial layihələr sırasında de-institutlaşma proqramının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi - de-institutlaşma ilə bağlı dövlət proqramı hazırlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın məqsədi uşaq müəssisələrindəki onların ailələrə verilməsini təmin etmək və bunun üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Proqram xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur.

Bütün bunlarla yanaşı, ötən illərdə Heydər Əliyev Fondu təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görmüşdür. BMT İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan böyük əhəmiyyət kəsb etmişdir. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Məlumat üçün bildirək ki, Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini isə kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu qəbildən olan gənclərin də cəmiyyətə qovuşmasına, onların informasiya- kommunikasiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına, ümumən yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət etmişdir.

Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilmiş, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilmişdir. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətlərindən birini onların təhsil hüquqlarının reallaşdırılması ilə bağlı tədbirlər təşkil edir. Bu sahədə əsas istiqamət kimi üstünlük inklüziv təhsilə, yəni əlillərin ümumi təyinatlı təhsil müəssisələrində digər şəxslərlə birgə təhsil almasına verilir. Qanunvericilik dövlət ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün normal təhsil almaq imkanının yaradılmasını, onların tələbatlarının nəzərə alınmasını tələb edir. Bu zaman dövlət məktəbləri xüsusi müəyyən olunmuş qaydada hər bir əlil uşaq üçün fərdi tədris proqramı hazırlamağa borcludur. Hazırda inklüziv yanaşma ali təhsil sistemində də geniş tətbiq olunur.

Həmin uşaqlara münasibətdə dövlət və qeyri-dövlət yardımının yeni formaları fəal surətdə həyata keçirilir. Son dövrlər uşaqlara qeyri-dövlət yardımları daha fəal şəkildə özünü büruzə verir və bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Uşaq evlərinin, mədəniyyət, sağlamlıq, təhsil mərkəzlərinin və tibbi təsisatların inkişaf etdirilməsini özünün başlıca fəaliyyət məqsədlərindən biri sayan  Heydər Əliyev Fondu əlil uşaqlarla əlaqədar irimiqyaslı proqramlar həyata keçirir. Fond tərəfindən əlil uşaqlarla yanaşı, kimsəsiz, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara yardım göstərilir. Uşaq evləri və internat  məktəblərində təmir-bərpa işləri aparılmaqla onların sosial şəraiti əsaslı şəkildə yaxşılaşdırılır.

Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti əlillərə bərabər imkanların yaradılması üçün təminatın verilməsi ilə bağlıdır. Lakin belə bir təminatın yaradılması, hər şeydən əvvəl, əlillərin fiziki və xəstəlikdən doğan qüsurlarının aradan qaldırılması yolu ilə normal həyat fəaliyyətinin bərpa edilməsi, əlillərin tibbi bərpası, onların tərbiyəsi, təhsili, peşə hazırlığı, məşğulluğu, sosial infrastruktur obyektlərində onlara münasib şərait və şərtlərin təmin edilməsi, maddi, sosial-məişət və tibbi təminatın bütün növlərinin tətbiqi, habelə bütün vətəndaşlar kimi, onların da ictimai təşkilatlarda birləşmək hüququnun realizəsi üçün lazımi şərtlərin yerinə yetirilməsini zəruri edir. Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial reabilitasiyası sahəsində həyata keçirdiyi sosial layihələr əsasında onların cəmiyyətə inteqrasiyası istiqamətində əsaslı işlərin görülməsinə nail olunmuşdur.

Xüsusi vurğulamaq istərdik ki, Heydər Əliyev Fondunun sosial sahədəki fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir.

Son illər həyata keçirilən uğurlu islahatlar milli səhiyyə sisteminin sürətli inkişafına təkan verir, insanların, o cümlədən də gənclərin sağlamlıq imkanlarını genişləndirir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. 2004-cü ildən bəri Heydər Əliyev Fondu belə bir durumla üzləşmiş insanların üz tutduqları son pənah ünvanıdır. Hər gün fonda ünvanlanan yüzlərlə məktubun bir çoxu insanların sağlamlıqla bağlı problemlərindən bəhs edir. Fond hər müraciətə müsbət cavab vermək imkanında olmasa da, vətəndaşların sağlamlıqla bağlı problemlərinə diqqətlə yanaşır. Şəhid, məcburi köçkün ailələrinə, aztəminatlı ailələrin, gənclərin problemlərinə həssaslıqla yanaşır, ilk növbədə bu kateqoriyadan olan insanlara köməyi əsirgəmir.

Fondun həyata keçirdiyi səhiyyə layihələri səhhətindəki problemlər üzündən əziyyət çəkən yüzlərlə uşaq və gənci yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə çalışır, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşır.

Fondun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi də xüsusi aktuallıq kəsb etmişdir. Layihə fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

Heydər Əliyev Fondunun uşaq və yeniyetmələrin mənafeyini əsas tutmaqla həyata keçirdiyi mühüm layihələrdən biri də "Talassemiyasız həyat naminə" olmuşdur. Bu layihə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmini üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi də fondun ölkə səhiyyəsinə böyük töhfəsi olmuşdur.

2009-cu ildə Bakı şəhərində Psixonevroloji Uşaq Mərkəzinin inşa edilməsi də uşaqların müayinə və müalicəsi üçün geniş imkanlar açmışdır. Bundan başqa, son illər fondun xətti ilə Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuşdur. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Bundan başqa, Fransanın "Servye" şirkəti tərəfindən fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Azərbaycanın birinci xanımı eyni zamanda Milli Məclisin fəal deputatı kimi seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur, sosial layihələrin reallaşmasına dəstək verir. 2007-ci, 2009-cu və 2013-cü illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və sosial məzmun kəsb etmişdir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş hər üç amnistiya aktı cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur.

Bütün bunlar Heydər Əliyev Fondunun dövlətimizin sosial siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak etdiyini bir daha təsdiqləyir. Fondun fəaliyyət fəlsəfəsində də insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim ön plandadır. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, bu missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən qlobal layihələr, şübhəsiz, həm də Prezident cənab İlham Əliyevin vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə əməli dəstəkdir.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 3.