Mehriban Əliyeva - Azərbaycanın
“mədəni diplomatiya”sının səlahiyyətli nümayəndəsi
Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin 22 avqust nömrəsində Azərbaycanın Əməkdar Jurnalisti, Respublika Dövlət Mükafatı Laureatı Elmira Axundovanın “Mehriban Əliyevanın mədəni ekspansiyası” adlı məqaləsi dərc edilib. Bundan əvvəl bu məqalə avqustun 21-də “Vestnik Kavkaza” saytında ingilis dilində yerləşdirilib. AzərTAc həmin məqaləni təqdim edir.
X X
X
Fransanın Kann şəhərində bu il iyul ayının ikinci yarısı Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi ilə əlamətdar olub. Dünya KİV-ləri bu hadisəni geniş işıqlandırıb, Fransa qəzetləri isə Lacivərd sahildə baş verənləri Avropanın mərkəzində Azərbaycan mədəniyyətinin zəfər yürüşü adlandırıb.
Mədəniyyət Günlərinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış proqramı zəngin və yaddaqalan oldu: klassik musiqi həvəskarları Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifaçılıq məharəti ilə tanış oldular, caz biliciləri istedadlı gənc musiqiçi İsfar Sarabskinin virtuoz improvizələrindən zövq aldılar, ağzının dadını bilənlər Azərbaycan mətbəxinin ləziz xörəklərini dadmaq imkanı, mənəvi qida həvəskarları isə “Azərbaycan – ənənələr və gələcək ölkəsi” adlı sərgi ilə tanış olmaq imkanı qazandılar. Bu sərgidə Azərbaycan xalqının həqiqətən zəngin maddi-mənəvi artefaktları təqdim olundu. Mədəniyyət Günləri çərçivəsində ən əlamətdar hadisə isə 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimat mərasimi oldu. Təqdimatda Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib. Yeri gəlmişkən, Mehriban xanım həmin günlərdə Lacivərd sahildə keçirilən digər mədəniyyət aksiyalarında da fəal iştirak edib.
Heydər Əliyev Fondunun çoxsaylı mədəni layihələri və onun prezidentinin xeyriyyəçilik aksiyaları dünyanın müxtəlif qitələrində qibtə doğuracaq bir ardıcıllıqla əks-səda doğurur. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyalarından birinin və Əbədi şəhərdə Roma katakombalarının bərpası, Pakistanın Müzəffərabad şəhərində qızlar üçün məktəbin yenidən qurulması, ən nüfuzlu beynəlxalq rəsm sərgisində - Venesiya biennalesində Azərbaycan pavilyonunun açılması, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Ulyanovsk şəhərində 78 nömrəli orta məktəbin əsaslı təmiri və abadlaşdırılması... Əslində Heydər Əliyev Fondunun gördüyü xeyirxah işlərin və xeyriyyəçilik təşəbbüslərinin siyahısını sadalamaq istəsək, bu məqalə üçün ayrılan yerin hamısı ona sərf edilərdi. Bir məqam göz qabağındadır: bu qeyri-hökumət təşkilatı xeyli vaxtdır ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə və ölkəmizin baş imicmeykerinə çevrilib.
Fondun prezidenti Mehriban Əliyeva öz kreativ komandası ilə birlikdə yorulmadan dünyanı gəzir, daim yeni obyektlərin açılışını həyata keçirir, təqdimat mərasimlərində çıxış edir. Onun şəxsən iştirakı keçirilən beynəlxalq tədbirləri lazımi səviyyəyə qaldırmağa, bu tədbirlərə gələn qonaqların ulduz statusunu, onların xarici mətbuatda geniş və hərtərəfli işıqlandırılmasını təmin etməyə imkan verir. Fondun Azərbaycan daxilində təşkil etdiyi aksiyaların – xarici ölkələrin birinci xanımlarının, BMT, UNESCO, İSESCO, Avropa Şurası kimi qurumların rəhbərlərinin iştirakı ilə mədəniyyətlərarası və dinlərarası dialoqa dair beynəlxalq konfransların və “dəyirmi masa”ların səviyyəsini və miqyasını da yuxarıda deyilənlərə əlavə etsək, sanballı bir nəticə alınır.
X X
X
...Heydər Əliyev Fondunun fəaliyyətini təhlil edəndə, əslində çox böyük olmayan bir kollektivin praktiki olaraq bütün ideya və layihələrinin çoxşaxəli, ambisiyalı və ən başlıcası - uğurlu olmasına heyrətlənir, bu nəticəyə gəlirsən ki, həmin komandanın əvəzsiz lideri problemlərin iyerarxiyasını düşünülmüş şəkildə qurmağı və cəmiyyətin tələbatına həssas münasibət bildirməyi bacarır.
Heydər Əliyev Fondunun fəaliyyətinin ilk illərində uşaq evlərinin və internatların yenidən qurulması və modernləşdirilməsi, əhalinin sosial baxımdan imkansız təbəqələrinə yardım məsələləri prioritet sayılırdı. Mehriban Əliyeva düz on il ərzində qayğıdan məhrum, yetim uşaqların problemləri ilə məşğul oldu, eyni zamanda, respublikada valideyn qayğısından məhrum olan balaca vətəndaşların məişəti, sağlamlığı, psixoloji və sosial reabilitasiyası məsələlərini həll etdi.
Sonradan bu strateji məsələyə bütün respublikada köhnəlmiş orta məktəb binalarının əsaslı təmiri və yeni məktəblər tikintisi əlavə olundu. Bir müddət isə səhiyyə, ictimaiyyətin diqqətinin genetik xəstəliklərlə bağlı problemlərə cəlb edilməsi, diabet, talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək məsələləri prioritet oldu. Bununla bərabər, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk günlərdən mənəvi və mədəni xarakterli məsələləri – klassik musiqi və muğam irsinin təbliği, Azərbaycan xalqının son dərəcə qiymətli maddi-mədəniyyət abidələrini xaricdə tanıtmaq, dünya elitasında Azərbaycanda baş verən proseslər, o cümlədən Dağlıq Qarabağ problemi, Ermənistanla münaqişə və sair və ilaxır barədə düzgün təsəvvür formalaşması məsələlərini nəzərdən qaçırmayıb.
Bir daha təkrar edirəm, Fondun fəaliyyətində həmişə bir neçə istiqamət olub, lakin hər bir konkret anda bu istiqamətlərdən biri diqqət mərkəzində durub və prioritet elan edilib.
Mənim bildiyimə görə, bu gün Mehriban xanım Əliyeva və onun komandası əsas diqqəti Azərbaycanın imic problemlərinin həlli üzərində cəmləşdirib. Bu da tamamilə məntiqlidir. Ölkəmiz möhkəmlənir, inkişaf edir, daha zəngin və daha nüfuzlu olur, beynəlxalq arenada getdikcə daha çox hallarda müstəqil geosiyasi və geoiqtisadi aktor kimi çıxış edir. Bu, bir tərəfdən ölkəmizə maraq doğurur, digər tərəfdən - rəqib ölkələrin anlaşılan qısqanclığına səbəb olur. Buna görə də dünya isteblişmentində respublikamız haqqında, onun zəngin mədəniyyəti və ənənələri, keçmişi və bu günü barədə düzgün təsəvvür yaradılması son dərəcə vacib və aktual məsələdir. Heydər Əliyev Fondu və onun prezidenti hazırda bu məsələni böyük uğurla həll edir.
Bu gün Azərbaycanın sözü və Azərbaycanın musiqisi dünyanın ən nüfuzlu məkanlarında səslənir. Azərbaycan mədəniyyətinin korifeylərinin yubileyləri isə həsəd doğuracaq mütəmadiliklə Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilir. Bu gün Azərbaycan muğamı və aşıq sənəti, Azərbaycan xalçalarının hazırlanması metodları və tarda ifaçılıq sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Dünya irsi obyektlərinin sayı İçərişəhər və Qobustan kimi açıq səma altında muzeylər hesabına artıb. Şübhəsiz, bu da UNESCO-nun xoşməramlı səfiri, ən iri beynəlxalq təşkilatlarda haqlı olaraq yüksək nüfuz qazanmış Mehriban Əliyevanın xidmətidir.
Görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Süleymenov son müsahibələrinin birində Azərbaycanın Avropada mədəni “ekspansiyası” barədə fikirlərini belə ifadə edib: “İnamla deyə bilərəm ki, on il Parisdə olduğum müddətdə bütün türkdilli ölkələr arasında məhz Azərbaycan Avropanın bu mədəni mərkəzində daha çox nəzərə çarpır. Mənim “çox irəli getmiş” parisli tanışlarımdan biri Azərbaycanı “ən sivil müsəlman ölkəsi” adlandırıb. Əminəm ki, Şərqin və Qərbin ən mürəkkəb problemləri yalnız mədəni vasitələrlə həll edilə bilər. Dövlətlər mədəniyyətə sərmayə qoymaqla həm öz ölkəsinin, həm də dünyanın gələcəyinə sərmayə qoymuş olduqlarını anladıqda yaxşıdır. Yarım il, bahardan payızın sonuna qədər – turizm mövsümünün ən gur vaxtında Luvrda müsəlman ölkələrinin incəsənəti nümayiş etdirildi. Azərbaycanın sayəsində təşkil edilmiş bu möhtəşəm sərgiyə milyonlarla avropalı tamaşa etdi. Dünyada baş verən mədəni prosesdə sizin respublikanın iştirakı ilə bağlı bu cür misallar çoxdur. Hələ Parisdə, Eyfel qülləsinin yaxınlığında, ən nüfuzlu yerdə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi! Fransada akkreditə edilmiş heç bir səfirliyin bu cür mərkəzi yoxdur”.
X X
X
Heydər Əliyev Fondunun yarandığı ilk illərdə qarşısına qoyduğu bütün məsələlər bu gün artıq başqa səviyyədə - qeyri-hökumət, ictimai və dövlət təşkilatlarının köməyi ilə həll edilir: məktəb və texnikumların, ali məktəb və akademiyaların binalarının yenidən qurulması və modernləşdirilməsi üzrə dövlət proqramının həyata keçirilməsi davam edir, deinstitusionallaşma (kimsəsiz uşaqların uşaq evlərindən və internatlardan bioloji və alternativ ailələrə verilməsi) proqramının icrası başlanıb, bir sıra qeyri-hökumət təşkilatları uşaq müəssisələri üçün xeyriyyəçiliklə məşğul olur, onlara himayədarlıq edir. Yəni, Fond və onun lideri eyni vaxtda daha bir mühüm məsələni – vətəndaş təşəbbüskarlığının və ictimai fəallığın stimullaşdırılması məsələsini həll edir. Mehriban Əliyeva və onun komandasının generasiya etdiyi qabaqcıl ideyalar sonradan cəmiyyətimizin fəal hissəsinin ağlına və hissinə hakim kəsilir, nəticə etibarilə ümummilli həmrəyliyə və daha sıx birləşməyə şərait yaradır. Yeni ideyalar yaratmaq və insanları öz arxasınca aparmaq həqiqi liderə xas olan ikinci keyfiyyətdir. Məhz bu səbəbdən, həm Fond, həm də onun prezidenti bu cür parlaq şəkildə təmsil etdikləri böyük ada layiqdirlər. Məhz bu səbəbdən, birinci xanımlar, nazir qadınlar, siyasətçi qadınlar ölkəmizə gəlməyi bu qədər xoşlayırlar. Bu qadınlar gizlətmirlər ki, onların səfərlərinin əsas məqsədi Mehriban Əliyeva ilə görüşməkdir, həqiqətən ondan öyrənməli, həm şəxsi təcrübə, həm də gələcəkdə öz ölkələrində tətbiq etmək üçün əxz olunmalı məziyyətlər çoxdur.
Heydər Əliyev Fondunun prezidenti tədricən və çox incə şəkildə Azərbaycanda zərif cinsin fəal nümayəndələri üçün nümunəyə çevrilib. Bu gün Azərbaycanda qadınların siyasətçi, biznesmen, xeyriyyəçi, ictimai xadim olması ölkəmiz üçün yetərincə kütləvi və əlamətdar haldır. Bütün bu qadınlar üçün “Görəsən, kimdən nümunə götürək” dilemması yoxdur, çünki Mehriban Əliyevanın parlaq nümunəsi göz qabağındadır.
X X
X
Heyrətamiz dərəcədə nəcib və gözəl sifət cizgilərinə malik olan bu incə qadının ən nüfuzlu mükafatları və adları çoxdur: UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Mükafatı laureatı, Fransanın Fəxri Legion ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xacı ordeni və bir sıra başqaları. Lakin mənim fikrimcə, Mehriban Əliyeva özü bütün xalqın sevimlisi adını hər şeydən qiymətli sayır. Hərçənd, Allah şahiddir ki, o, heç vaxt öz uğurlarına və nailiyyətlərinə görə qürrələnmir, onları nümayiş etdirmir. Çox danışmağı da xoşlamır. Camaat arasında hədsiz tez-tez çıxış etmir. Amma onun dediyi sözlərə qeyd-şərtsiz inanırsan. Ona görə ki, bu sözlərin hər birinin arxasında real işlər dayanır. Ona görə ki, iyirmi ilə yaxın müddətdə onun inadkarlıqla becərdiyi xeyirxahlıq və mərhəmət zəmisi bu gün bol bəhrə verir. Axı bu gün biz çox cəhətdən məhz Heydər Əliyev Fondunun prezidentinin və onun təşəbbüslərinin sayəsində keyfiyyətcə fərqli ölkədə yaşayırıq. Məncə, bu, Mehriban Əliyevanın həyatında ilk ciddi yubileyi ərəfəsində başlıca nikbin nəticədir.
Hərçənd, bunlar
dayanıb dincəlmək üçün
əsas vermir, çünki
qarşıda yeni zirvələr, yeni hüdudlar vardır. Mehriban Əliyevaya xas olan lider keyfiyyətləri
sayəsində o, çox
şeyə qadirdir. Belə şəxsiyyətlərdən
isə, məlum olduğu kimi,
tələb də başqadır.
Azərbaycan. - 2014.- 23 avqust.- S. 2.