Gəncədə aqrolizinq
yolu ilə alınmış 59 ədəd
traktorun sənədləri sahibkarlara təqdim edildi
Avqustun 22-də “Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyətinin Gəncə
rayonlararası təchizat bazasında yeni alınmış
“MTZ” markalı mini traktorların təqdimat mərasimi
keçirildi.
AzərTAc xəbər verir ki, mərasimdə iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov fermer və sahibkarlar qarşısında çıxış edərək son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, yeni texnikalar fermerlərə 40 faizli güzəştlə satılır. Bundan əlavə, torpaq sahiblərinə yardım etmək məqsədilə gübrələrin satışında da güzəştlər artırılaraq 50 faizdən 70 faizə yüksəldilib.
Hazırda kənd təsərrüfatının digər sahələrində- toxumun, dərman preparatlarının güzəştli satışı üzərində iş aparıldığını bildirən nazir Heydər Əsədov onu da vurğuladı ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı məsələləri geniş müzakirə mövzusudur. Nazir diqqətə çatdırdı ki, bu gün aqrar sektorda istehsal olunan məhsulların çox hissəsi Rusiya bazarlarına çıxarılır. Bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək məqsədilə bu yaxınlarda Azərbaycan və Rusiya hökumətləri səviyyəsində danışıqlar aparılıb.
Bu il yay mövsümünün isti və quraq keçməsi, əkin sahələrinin ziyanvericilərdən qorunması, eləcə də mal-qara arasında xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində işlər aparıldığını diqqətə çatdıran nazir Heydər Əsədov fermerləri əmin etdi ki, dövlətimiz bundan sonra da kənd təsərrüfatının inkişafı istiqamətində islahatları davam etdirəcək, torpaq sahiblərinə hər cür yardım göstərəcək.
Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncə avtomobil zavodunun Belarus avtomobil zavodu ilə birgə istehsal etdiyi 59 ədəd traktorun sənədlərini sahibkarlara təqdim etdi.
Aqrolizinq yolu
ilə güzəştli qiymətə traktor
alan sahibkarlar bu qayğıya görə dövlətimizin
başçısına minnətdarlıqlarını bildirdilər.
Azərbaycan. - 2014.- 23 avqust.- S. 5.