Dünyanın ən qədim abidələrindən
biri bu rayondadır
Cəbrayılla bir gündə işğal olunan Füzulidən danışarkən təkcə bir faktı demək kifayətdir: yalnız Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik abidələrindən biri - Azıx mağarası Füzuli rayonu ərazisindədir. Azıx mağarası indinin özündə də analoqu olmayan ilk insan məskəni kimi bəşər sivilizasiyasını heyrətləndirməkdədir.
Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər düzənlik sahələri əhatə edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə qonşu olan Füzulinin tarixi çox qədimlərə gedib çıxır.
Qarabulağın
qara baxtı
Rusiya imperiyasının həyata keçirdiyi siyasət Azərbaycanın qədim tarixi torpaqlarında ermənilərə dövlət yaratmaq məqsədi daşıyırdı. Bu mənfur siyasəti rus müəlliflərinin özləri də etiraf edirdilər. O torpaqlar haqda S.Qlinka yazırdı: "Bu ərazilər... yer üzünə səpələnmiş erməni tayfalarını başına toplayacaq və I Nikolayın xoşbəxt dövləti himayəsində erməni çarlığı öz şöhrəti və bütün xatirələri ilə dirçələcək".
Qafqazda, xüsusilə Qarabağda, İrəvanda, Naxçıvanda erməni əhalisinin süni artımına nail olduqdan sonra XIX əsrin əvvəllərindən başlayaraq bu ərazilərin idarəçiliyi əldən-ələ keçir, süni şəkildə yaşayış yerlərinin adları dəyişdirilir, bir növ, "təmizləmə" işləri aparılırdı. 1867-ci il 9 dekabr tarixində çar fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı və Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi və bu ad uzun illər qara ləkə kimi Qarabulağın üzərində qaldı. Qafqaz təqviminin (1917) məlumatına görə, Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza - Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa var idi. Əhalinin etnik tərkibi isə belə idi: azərbaycanlılar 783065 nəfər (61,41 faiz), ruslar 36957 (2,90 faiz) və s.
Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905-1907-ci illər inqilabı dövründən genişlənməyə başlanan milli-siyasi təşkilatlanma işləri davam edir, azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev kimi ziyalılar böyük iş aparırdılar. Oktyabr çevrilişindən (1917) sonra Bakıda sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetpol quberniyasının mövqeyini daha da möhkəmləndirdi. 5 (18) noyabrda Yelizavetpolda keçirilən Qafqaz müsəlmanlarının hərbi qurultayı azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı və tezliklə knyaz Maqalov başda olmaqla, müsəlman süvari polku yaradıldı.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan torpaqlarının bütünlüklə işğaldan azad edilməsinin mərkəzinə çevrildi. İyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Yelizavetpola (Gəncəyə) köçdü. Azərbaycana hərbi yardım üçün dəvət olunmuş türk qoşunları da mayın axırı - iyunun əvvəllərində burada toplanmağa başladı. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabineti təşkil edildi. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpolun tarixi adı - Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək dövlətin paytaxtı oldu.
Sovetlər dönəmində qədim yaşayış məskənlərinin adları dəyişdirilməyə, bu yurda və onun şərəfli tarixinə dəxli olmayan müxtəlif insanların adları ilə adlandırılmağa başlandı. Bu dəfə də Qarabulağın adı "yaddan çıxmadı". 1930-cu ildə onun adı "Qaryagin" oldu. Bu qondarma adı isə Qarabağın müqəddəs torpaqları 1959-cu ilə qədər daşımalı oldu.
İndiki adı isə böyük söz ustadı, Azərbaycan türk poeziyasının korifeyi Məhəmməd Füzuli ilə bağlıdır. Məhz M.Füzulinin anadan olmasının 400 illiyi şərəfinə onun adı dəyişdirilərək Füzuli rayonu adlandırıldı.
Rayon ərazisindəki Qaraköpəktəpə, Qarabulaq, Günəştəpə kurqanlarında, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, bu yerlər Azərbaycanın ulu, qədim tarixini öz sinəsində qoruyub saxlayan və dərin köklərə malik bir ərazidir.
Vətənimdir,
Vətənimdir,
Vətənimdir,
Vətənim...
İşğalacan rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi 105 min nəfər idi. Rayonda iki şəhər, 75 kənd və digər yaşayış məntəqələri vardı. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan çayı Araza tökülür.
İşğala qədər, yəni 23 avqust 1993-cü ilədək rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Ümumilikdə 190 mədəni-maarif müəssisəsi, 94 kənd və qəsəbə, 40-dan çox tarixi abidə işğala məruz qalıb.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli sakinlərinin doğma torpaq uğrunda verdiyi itkilər çoxdur. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib.
1994-cü ildə aparılan uğurlu əməliyyatlar nəticəsində rayonun işğaldan azad olunmuş ərazisində hazırda 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. İndi həmin ərazidə 51 min məcburi köçkün məskunlaşıb. Füzuli rayonunun qərbindəki ümumi sahəsi 139 393 hektar olan 50 kənd isə hələ də erməni işğalı altındadır.
Araşdırmalara görə, Füzuli rayonunda ümumi ehtiyatları 58 858 min kubmetr mişar daşı istehsalına yararlı iki - Dövlətyarlı və Dilağar əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11 211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13 053 min kubmetr olan Quruçay qum-cınqıl qarışığı yataqları var.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılaraq işğala qədər mühafizə olunurdu.
Vaxtilə məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələri olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Bu gün işğaldan azad olan ərazilərdə yenə təsərrüfat və quruculuq işləri davam edir. Uçurulan evlər, dağılan yollar bərpa edilib qaydaya salınır. Amma Füzulinin sağalmayan yaraları da var. Onun bu savaşlarda 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155-i yetim qalıb. Yetimin ah-naləsi isə heç vaxt yerdə qalmaz.
Vətənimizin bu dilbər guşələrinin azadlıq günü qabaqdadır. O günə olan ümidi, inamı isə bu yurdun adını daşıdığı böyük Füzulinin gələcəyə hesablanmış dahiyanə misralarından da tapırıq:
Edəmən tərk,
Füzuli, səri-kuyin yarın,
Vətənimdir,
Vətənimdir, Vətənimdir, Vətənim.
Bəxtiyar QARACA
Azərbaycan. - 2014.- 23 avqust.- S. 6.