Milli maraqlara söykənən neft-qaz strategiyası

 

Son 20 ildə xalqımızın nail olduğu ən böyük uğurlardan biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının Azərbaycan dövlətinə verdiyi siyasi və iqtisadi dividendlərdir. 1993-cü ilin ortalarına qədər bir-birini əvəzləmiş iqtidarların neft-qaz siyasətindən kəskin fərqlənən bu strategiyanın əsas mahiyyəti onun Azərbaycan dövlətinin və xalqının milli maraqları ilə uzlaşması idi. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Bunun sayəsində indi Azərbaycan enerji təhlükəsizliyi məsələlərində etibarlı və strateji tərəfdaş kimi tanınır.

Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın yeni neft strategiyasından danışarkən dövlət müstəqilliyimizin bərpasından sonra neft sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1990-cı illərin əvvəllərində artıq hamıya aydın idi ki, ən müasir texnologiyalar və güclü maliyyə resursları olmadan Xəzərin Azərbaycan sektorunun dərin hissələrindəki karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi mümkün deyil. Bu məqsədlə 1993-cü ilədək çoxsaylı xarici şirkətlərlə görüşlər keçirildi, müxtəlif səviyyələrdə danışıqlar aparıldı. Hətta tenderlər keçirildi və onun qalibləri elan edildi. Ancaq ortada heç bir nəticə yox idi. Ona görə ki, o zamanlar iqtidarda olanlar maliyyə-kredit sisteminin, beynəlxalq siyasətin və konkret olaraq təbii ehtiyatların kəşfiyyatı və işlənməsində xarici şirkətlərin cəlb edilməsinin qanunvericilik, hüquqi, idarəetmə və s. əsaslarını bilmirdilər. Onların arasında böyük siyasi təcrübəsi, beynəlxalq dairələrdə nüfuzu olan, millətin ehtiramına, inam və dəstəyinə arxalanıb neft-qaz siyasətini və buna əsaslanaraq iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini və həyata keçirilməsini təmin və idarə edə bilən, bunlarla bağlı bütün məsuliyyəti öz üzərinə götürən siyasi lider yox idi.

Elə buna görə də aparılan danışıqların məzmunu və ortada olan razılaşmaların müddəaları Azərbaycan dövlətinin və xalqının milli iqtisadi maraqlarına qətiyyən cavab vermirdi. Hakimiyyətlərini qorumağa çalışan o dövrkü iqtidarlar dövlətin perspektiv iqtisadi mənfəətlərini qurban verməklə ayrı-ayrı dairələrin siyasi dəstəyini qazanacaqlarını güman edirdilər. 1993-cü ilin təlatümlü günlərində, Azərbaycan vətəndaş müharibəsinin astanasında, dövlət kimi parçalanma ərəfəsində olduğu, Ermənistanın hərbi təcavüzünün genişləndiyi, ölkədə siyasi, iqtisadi və maliyyə böhranının dərinləşdiyi vaxtlarda bəzi Qərb dairələri və neft şirkətləri belə hesab edirdilər ki, Azərbaycan iqtidarı istənilən razılaşmaya gedəcək. Hətta 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişindən və Azərbaycan Ali Sovetinə rəhbərliyə başlamasından sonra da düşünürdülər ki, Azərbaycan dövləti onların neft-qaz diktəsini qəbul edəcək. Gözləyirdilər ki, bu böhrandan çıxış kimi büdcəsi boş olan və təcili maliyyə yardımına kəskin ehtiyac duyan dövlətin yeni rəhbərliyi neft kontraktının imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək.

Amma yanılırdılar... Çünki Heydər Əliyev bu danışıqların məzmunu ilə tanış olandan sonra hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. Bu addımın nə qədər müdrik və uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi. Çünki bundan bir il sonra xarici şirkətlərlə aparılan danışıqlar və onun uğurlu nəticələri Heydər Əliyevin müəllifi olduğu yeni neft-qaz strategiyası Azərbaycan dövlətinin və xalqının milli maraqları üzərində qurulmuşdu. İndi Azərbaycan xalqı öz təbii sərvətlərinin əsl sahibi kimi çıxış edirdi. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən  dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.

Amma danışıqlar prosesi heç də rəvan getmirdi. Xarici şirkətlər tərəfindən bəzi tələblər ortaya qoyulurdu ki, bu da yekun müqavilənin imzalanmasından sonra işlərin ləngiməsinə səbəb ola bilərdi. Məsələn, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməməsinin bir risk olduğu iddia edilirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına, müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq xarici şirkətlərin tələblərinin əsassız olduğunu sübut etdi. Prezident İlham Əliyev həmin danışıqları belə xatırlayır: "Danışıqların gedişi zamanı bəzən böhran anları olurdu və Azərbaycan tərəfi danışıqları dayandırmağa yaxın idi. Çünki biz bəzi şərtləri ölkənin milli maraqları üçün qəbuledilməz hesab edərək onlarla razılaşa bilmirdik. Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını ifadə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Aparılan danışıqların və Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında ARDNŞ və dünyanın 11 aparıcı neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında" sazişin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu. Zaman göstərdi ki, Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həyata keçməsində ilk addım olan və "Əsrin müqaviləsi" adı alan bu əməkdaşlıq təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu. Ən əsası, bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək onun dünya birliyinə sıx inteqrasiyasını təmin etdi. Eyni zamanda, yeni neft strategiyasının reallaşması Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl oldu: genişmiqyaslı islahatlar aparıldı, sənayenin şaxələndirilməsi həyata keçirildi.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra qarşıda duran əsas məsələlərdən biri Xəzərin Azərbaycan sektorundan hasil olunacaq "qara qızıl"ın dünya bazarlarına hansı marşrutla çatdırılması idi. Yeni neft siyasətinin başlıca istiqamətlərindən birini müəyyənləşdirməli olan bu amil olduqca böyük əhəmiyyət daşıyırdı. İlk baxışdan bu, sadə bir məsələ kimi görünsə də, əslində, ən optimal neft marşrutunun seçilməsi onun tranzit ölkələrə gətirəcəyi dividenddən başqa Azərbaycanın milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

Bakı-Tbilisi-Ceyhan ideyasının ortaya çıxması da məhz neftin bir neçə kəmər vasitəsilə nəql olunması arzusundan doğmuşdu. Layihədə iştirak edən dövlətlərin bir çoxu bu məsələnin həllində Azərbaycana yaxından dəstək verdi. Çünki  Xəzərin neft və qaz yataqlarının istismarı ilə bağlı layihələrin gerçəkləşməsində Azərbaycan nə qədər maraqlı idisə, iştirakçı dövlətlər də bir o qədər maraqlı idilər. Başqa cür desək, bu ölkələrin hər birini sözügedən prosesdə həyati əhəmiyyətli iqtisadi mənafelər birləşdirirdi. Həm də yalnız iqtisadi yox, eyni zamanda siyasi gözləntilər də var idi.

BTC-nin reallığa çevrilməsi həqiqətən də çox çətin mərhələlərdən keçməli oldu və nəhayət, bu məsələyə də Heydər Əliyev dühası son qoydu. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində 2002-ci il sentyabrın 18-də Azərbaycanın və Türkiyənin milli maraqlarına cavab verən, ermənipərəst siyasi dairələrin qərəzli cəhdlərinin əksinə olaraq Ermənistandan yan keçən BTC neft kəmərinin təməli qoyuldu. Hələ BTC-nin təməli qoyulmazdan əvvəl və sonralar həm Azərbaycanda, həm də xarici ölkələrdə bəziləri layihənin reallaşmayacağını və hətta kəmərin inşası başa çatdıqdan sonra rentabelli olacağına inanmır, Heydər Əliyevin Azərbaycan dövlətinin milli maraqlarına və ölkənin inkişafına yönəlik qətiyyətinə şübhə ilə yanaşırdılar. Onlar hər vəchlə BTC ilə bağlı ümidlərin heç vaxt doğrulmayacağını iddia edirdilər. Amma tezliklə proseslərin gedişatı sübut etdi ki, bütün bu iddialar heç bir real əsası olmayan və qərəzli məqsəd daşıyan mülahizələrdən, bir sözlə, su bulandırmaqdan başqa bir şey deyil.

BTC 2006-cı il iyulun 13-də keçirilən açılış mərasimindən sonra həyata rəsmən vəsiqə aldı. Beləliklə, bu böyük enerji layihəsinin reallaşdırılması ilə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə düşünülərək həyata keçirilən neft strategiyası özünün ən uca zirvəsinə çatdı. Bütün dünyada "əsrin layihəsi" kimi dəyərləndirilən və üç ölkəni birləşdirən BTC-nin əfsanədən reallığa çevrilməsinin müəllifi ümummilli lider olan Azərbaycanın neft strategiyasının, Heydər Əliyev qətiyyətinin təntənəsini və eləcə də ölkəmizin dünyanın və regionun söz sahibi olan ölkələrindən birinə çevrildiyini bariz şəkildə ortaya qoydu. Məhz Azərbaycanın təşəbbüsü ilə BTC və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Başqa sözlə, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin həm də müstəqil olmasından xəbər verdi.

Ötən ilin sonlarında Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan daha bir möhtəşəm hadisə baş verdi. Bakıda "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalandı. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə bugünə qədər kəşf edilmiş 3 trilyon kubmetrə yaxın Azərbaycan qazının ən az 100 il birbaşa satışı üçün Avropada vasitəçisiz bazar yaradır, bununla da Azərbaycan dünyada həm neft, həm də qlobal qaz ixracatçısına çevrilir. Bu isə uzun illər Azərbaycanın milli gəlirlərinin formalaşmasının diversifikasiyası deməkdir. "Əsrin müqaviləsi" ilə müqayisə olunan "Şahdəniz-2" üzrə yekun investisiya qərarı Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradan çox mühüm amillərdən biri olmaqla yanaşı, ölkəmizin dünyadakı mövqelərini, regional və qlobal miqyasda rolunu və yerini daha da gücləndirəcək.

Azərbaycanın son 20 ildə neft-qaz sahəsində qazandığı hər bir uğur ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin enerji siyasətinin məntiqi nəticəsidir. Bu uğurlar Heydər Əliyevin müdrik siyasətinin təntənəsi səviyyəsində ümumiləşən möhtəşəm hadisələr, müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz qələbələrdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 3.