Sülh və iman
carçısı
Cəmiyyət
həyatı dalğalanan dəniz kimidir. Coşqun dalğalar
dənizin qoynundakı gərəksiz əşyaları sahilə
tullayır. Amma dəniz onun hüsnünə gözəllik
verən, onu sevindirən gərəkli nemətlərə
özünün su dünyasında əbədi yer verir.
Əgər
bu nemətləri dəniz üçün dəyərli edən
onların mövcud olduqları aləmə
bağlılıqları bu aləmin bir parçasına
çevrilmələridirsə, insanı da cəmiyyət
üçün doğmalaşdıran, ona dəyər
qazandıran şəxsiyyətidir, nəcib əməlləridir,
xoş sorağıdır.
Uşaqlıqdan
üzübəri həyatımızdan çox insanlar
keçir. Çox insanlarla rastlaşırıq, tanış
oluruq, ülfət qururuq, hətta bir-birimizə dost deyirik. Fəqət
illər münasibətlərə sığal çəkdikcə
bu insanların bir qismi yaddaşımızda heç bir iz
qoymadan unudulur, bəziləri isə davranışı,
işgüzarlığı, vətənpərvərliyi, comərdliyi,
bir sözlə, insani keyfiyyətləri ilə qəlbimizdə
əbədi yer tutur...
Şeyxülislam
Hacı Allahşükür Paşazadə həyatımdakı
belə şəxsiyyətlərdəndir...
Həzrəti
Məhəmməd (ə.s) buyurur ki, "Kamil ağlın ən
böyük xəzinəsi dindir. Buna görə də
insanın dini ağıldır. Ağılı olmayanın
dini də yoxdur".
Bu kəlamdan
da anlaşıldığı kimi insanın inancı
şüurla, şəxsiyyətlə, "mən"lə
bağlı bir məqamdır. İnsan yer üzünün
yeganə şüurlu varlığı olduğu kimi, yer
üzünün həm də yeganə inanclı
varlığıdır. O, maddi dünyanı
özünün yeni-yeni kəşfləri ilə ram edir,
şüurunun, zəkasının qüdrəti ilə ətraf
aləm üzərində hakimliyə can atır.
İbtidai
icma quruluşundan başlamış ta bugünə qədər
insanın dünyada ərsəyə gətirdiyi bütün
yeniliklər, elmi-texniki kəşflər onun
varlığının fiziki tərəflərinə üz
tutur, maddi dünyasını əks etdirir.
İnsanın
ruhi dünyasında sahman yaradan, insanı tərbiyələndirən,
şüurunun gücünü pis məqsədlərə,
dağıdıcı niyyətlərə deyil, xeyir əməllərə
yönəltməsini təlqin edənsə dindir, bu
anlayışda mərkəzləşmiş mənəvi-əxlaqi
normalardır.
***
Din
elə bir sosial mühitdir ki, ictimai statusundan,
dünyagörüşündən, savadından asılı
olmayaraq cəmiyyətin ən müxtəlif qütblərində
dayanan insanları bir araya gətirir, onlar arasında ortaq bir dəyərə
çevrilir, dünyanı gözəlləşdirən, məramı,
mahiyyəti ilə nur saçan əməllərin əlbir tərzdə
yerinə yetirilməsinə vəsilə olur.
Amma
bəzən də din fərqləndirici əlamətə
çevrilir. İnsan mənsub olduğu dinlə
özünü başqa dinlərin
daşıyıcılarından ayırır. Hətta eyni bir
dinin müxtəlif təriqətləri ortaya
çıxır və bu təriqətlərə mənsub
olanlar arasındakı boşluqda ixtilaf toxumları cücərə
bilir...
Bu
iki istiqamətdən hansı birinin aparıcılıq
qazanması isə insanların dini hisslərinə,
düşüncələrinə təsir gücünə
malik dini liderlərin, din xadimlərinin hansı dəyərlərin
təmsilçisi olmalarından çox
asılıdır...
***
Çox
adamla rastlaşmışam ki, dini mövzuda söhbətlərimiz
zamanı tək Tanrıya inandığını iddia edib.
Dini dəyərlərə münasibətinin Tanrı ilə
bəndə olaraq özü arasındakı münasibətlərə
aid olduğunu, bu münasibətlərə başqa heç
kimi qarışdırmaq istəmədiyini bildirib.
Başqa
sözlə, din xadimlərinin toplumdakı rolunu inkar yolu tutub.
İlk
baxışdan haradasa razılaşmaq olar.
Amma
məsələnin məğzinə varanda bunun ucuz pafosdan
başqa bir şey olmadığı görünəcək.
İslam din xadimləri insanla Tanrı arasında vasitə
deyillər. Onlara Tanrı ilə bəndə arasındakı
münasibətlərə hansısa formada müdaxilə etmək
səlahiyyəti də verilməyib. Bu insanlar - əlbəttə,
söhbət bilik, əxlaq, iman və vicdanları ilə bu
adı haqq edən əsl din xadimlərindən gedir - Tanrı sözünü insanlara
düzgün izah edib, onlara haqqa, kamilliyə doğru
yolları göstərən, bir çox sualların
cavablarını bəsirət gözləri ilə görə
bilən, bir çox mətləblərə aydınlıq gətirməyi
bacaran mənəviyyat sahibləridir.
Və
müasir dünyamızda dini zəmində baş verənlər,
indi din xadimlərinin cəmiyyətdəki rolunun nə qədər
önəmli olduğunu, onların təmsil etdikləri
dünyagörüşünün, bəşəri dəyərlərə
bağlılıqlarının nə qədər
mühüm əhəmiyyət kəsb etdiyini göstərir...
Bu mənada
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə
dünyanın yetərincə mürəkkəb bir regionunda -
Qafqaz bölgəsində son dərəcə mühüm bir
missiyanı yerinə yetirməkdədir...
Onun
xüsusi bir təqdimata ehtiyacı yoxdur. Ad və
soyadının əvvəlində ərəbcədən tərcümədə
- "islam aləmində qocalan nüfuzlu alim",
"mürşid", "islamın şeyxi" mənası
verən Şeyxülislam titulunun mənəvi yükü onun
həyat və şəxsiyyətinə, keçib gəldiyi
çətin və şərəfli ömür yoluna
çox uyğundur.
Xatırladım
ki, Qafqaz Müsəlmanları İdarəsinin bir təsisat
kimi formalaşdığı 1823-cü ildən bugünə
kimi 12 şeyxülislamımız, 11 müftimiz olub. Tarix elmləri
doktoru, İordaniya Kral Akademiyasının, eləcə də
bir sıra beynəlxalq təşkilatların fəxri və həqiqi
üzvü Hacı Allahşükür Paşazadə bu vəzifəni
1980-ci ildən yerinə yetirir.
2003-cü
ildən isə Şeyxülislam titulu ona ömürlük
verilib.
***
Etiraf
etsək də, etməsək də, Şərqin inkişaf
baxımından Qərb dünyasından hələ çox
geri qalması bir həqiqətdir. Bir çoxları Qərblə
Şərq arasındakı inkişaf fərqini bəzən
bu cəmiyyətlərdə dinlə hakimiyyət
arasındakı münasibətin fərqi ilə izah edirlər.
Tarixi
faktlar Qərb ölkələrində dinlə hakimiyyətin
bir-birinə münasibətdə zidd mövqedə
dayandıqlarını və bu ziddiyyətin vəhdətinin
həqiqətən bəzi məqamlarda tarixi inkişafa yol
açdığını göstərir. Şərq cəmiyyətlərinin
çoxunda isə din tarixən və elə indinin
özündə də ideoloji vasitə kimi qəbul edildiyindən
onlar arasında bərabərlik işarəsi olub və həmişə
hakimiyyət din, dinsə hakimiyyət anlamında dəyərləndirilib.
Dünyanın
gərdişi, tutulan inkişaf istiqaməti artıq bu
yanaşmaların hər ikisini inkar edir. Bu gün nə
hakimiyyətlə din arasında hər hansı konfliktin
yaşanmasına, bu iki qütbün bir-birinə qarşı
müxalif mövqedə dayanmasına yol verilə, nə də
dinin hakimiyyətin idarəetmə vasitəsinə çevrilməsinə
şərait yaradıla bilər. Çünki bəşəriyyətin
gələcəyi üçün bu yanaşmaların hər
ikisi eyni dərəcədə təhlükəlidir.
Müasir
dünyanın reallıqları hakimiyyətin də, dinin də
məhz insanın yanında olmasını, insanın öz
rifahı üçün qurub-yaratdığı dövlətə,
dövlətçiliyə xidmət göstərməsini,
yerinə yetirdiyi missiya ilə insanın həm maddi, həm də
mənəvi dünyasının qayğısına
qalmasını diktə edir.
Qərb
cəmiyyətlərində tarix boyu əldə edilmiş
inkişaf bu cəmiyyətlərdə artıq belə bir
reallığın formalaşmasına müəyyən
imkanlar yaradıb. Bu cəmiyyətlərdə ən azı
sadə cəmiyyət üzvünün həyatında dini dəyərlər
siyasi idarəetmə sistemlərindən kənar bir şəkildə,
yalnız insanın mənəvi dünyasının tərbiyələndiricisi
səviyyəsində görünür.
Şərq
dünyasında isə belə bir yanaşmanı, dinə
münasibətdə belə mənəvi tərəqqi
örnəyini ilk dəfə məhz Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə
müəyyənləşdirmiş oldu...
***
Heydər
Əliyev yenicə müstəqillik qazanmış cəmiyyətdə
dini hansısa qüvvələrin əlində ideoloji
mübarizə silahına çevrilməkdən hifz edib insan
ruhunun mənəvi ərazisi kimi qorudu.
Azərbaycan
insanlarının vicdan azadlığı məsələsinə
münasibətinin düzgün və sağlam müstəvidə
müəyyənləşdirilməsinə nail oldu. İslam
dininə Azərbaycan xalqının dini etiqadı olmaqla
yanaşı, eyni zamanda milli mədəniyyətimizin
ayrılmaz tərkib hissəsi kimi yeni dəyər
qazandırdı. Dini Azərbaycan cəmiyyətində milli, əxlaqi
və mənəvi bütövlüyün önəmli amili
olaraq təqdim etdi.
Dövlət-din
münasibətlərinin müasir dövrün tələblərinə
uyğun tənzimlənməsi istiqamətində mühüm
addımlar atdı. Azərbaycanda dinlər, xalqlar arasında
anlaşma və dialoq yaradaraq ölkəmizi tolerantlıq
ünvanına çevirdi.
***
Heydər
Əliyevin bilavasitə ideya müəllifliyi ilə
hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi əsasında
qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasında din və dövlət
münasibətləri ilə bağlı bütün məsələlər
böyük uzaqgörənliklə öz həllini tapdı.
Azərbaycanda dinin dövlətdən ayrı olması,
bütün dini etiqadların qanun qarşısında bərabərliyi
Konstitusiya ilə müəyyənləşdi. İnsan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması və təbliğinə
qadağa qoyuldu. Dövlət təhsil sisteminin dünyəvi
xarakter daşıdığı təsbit olundu.
Bütün
bunlarla yanaşı, Azərbaycan dövləti ölkəmizdə
mövcud olan və fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyi çərçivəsində quran bütün
dini konfessiyalara diqqət və qayğını üzərinə
çəkdi. Onların inkişafına dəstəyini bir an
belə əsirgəmədi...
***
Heydər
Əliyev dini məsələlərə özünə xas
bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin
seyrçisi yox, fəal iştirakçısı olaraq onun əsas
istiqamətlərini müəyyənləşdirir, din xadimləri
ilə davamlı göruşləri, müqəddəs yerlərə
ziyarətləri, bütün dini mərasim və bayramlarda
xalqa müraciətləri ilə vicdan azadlığı
prinsiplərinin cəmiyyətdə özünə
düzgün yer tutmasına çalışırdı.
İslamın
müasir Azərbaycan cəmiyyətində tutduğu yeri
açıb göstərmək, yad ideoloji cərəyanların,
qeyri-ənənəvi dini firqələrin və missioner təşkilatların
pozucu fəaliyyəti və təxribatların
qarşısını almaq üçün ölkədə
dini işləri tənzimləyir, dövlət-din,
müasirlik-din münasibətlərini sağlam bir müstəvidə
qururdu.
Müstəqil
Azərbaycan dövlətinin müəyyən etdiyi bu xəttin
reallaşmasında, insanların dini inancı ilə
bağlı həyata keçirilən dövlət siyasətinin
xalqa izahında, bu prinsiplərin insanlar arasında
düzgün təbliğində ümummilli lider Heydər
Əliyevin ən çox inanıb güvəndiyi insanlardan
biri idi Şeyxülislam Hacı Allahşükür Paşazadə.
Çünki
onun Azərbaycan dövlətinə sevgisindən, sədaqətindən,
siyasi səbatından, dövlətçilik təfəkküründən
əmindi.
Heydər
Əliyevin dövlətçilik məktəbində
yetişmiş, bu məktəbdən
görüb-götürmüş, ötən əsrin 70-ci
illərindən Qafqaz Müsəlmanları İdarəsinin rəhbər
şəxslərindən biri, 1980-ci ildən isə
Şeyxülislam kimi Heydər Əliyevdən öyrənmiş,
milli dövlətçilik ustadının xeyir-duasını
almış şəxsin hər addımında Azərbaycan
dövlətinin yanında olacağı ulu öndərə əyandı.
***
Qafqaz
şeyxülislamları ilə bağlı silsilə
yazılarımda toxunduğum məqam Hacı Allahşükür Paşazadə
şəxsiyyəti ilə bağlı bu yazımda da yerinə
düşür. Şeyxülislamın dini təhsil
ardınca vətəndən qürbətə yola
düşdüyü ötən əsrin 60-cı illərində
bütün Sovet İttifaqında islam üzrə cəmi iki
təhsil ocağı vardı. Onların ikisi də Özbəkistanda
fəaliyyət göstərirdi: Buxara şəhərindəki
məşhur Mir Ərəb mədrəsəsi və Daşkənd
İslam İnstitutu. Bu təhsil ocaqlarında əsasən
keçmiş SSRİ-nin qeyri-azərbaycanlı müsəlmanları
təhsil alırdı.
Hacı
Allahşükür Paşazadə hər iki təhsil
ocağını böyük müvəffəqiyyətlə
başa vurub vətənə dönəndə sovet Azərbaycanının
rəhbəri Heydər Əliyev idi. İlk günlərdən
dövlətin böyük diqqət və qayğısı
ilə əhatələnən gənc din xadimi bir neçə
il sonra, cəmi 31 yaşında Azərbaycanın və
bütün Qafqazın Şeyxülislamlıq tarixinin ən gənc
şeyxülislamı oldu. Belə əhəmiyyətli bir vəzifəyə
31 yaşlı gəncin seçilməsində Heydər
Əliyevin verdiyi mənəvi dəstəyin də şəksiz
ki, müəyyən rolu olmuşdu və bu, hələ o
zamanlardan demokratik dəyərlərin, vicdan
azadlığının, dini tolerantlığın
aparıcı olacağı istiqlal soraqlı gələcəyə
hazırlığın bir işarəsi kimi nəzərə
çarpırdı.
***
O
zamanlar həsrətində olduğumuz belə bir gələcək
indi müasiri olduğumuz, hər keçən gün müstəqil
Azərbaycan dövlətinin yeni bir uğuruna fərəhləndiyimiz
indiki günlərimizdir.
...Və
Hacı Allahşükür Paşazadə aradan 34 il keçəndən
sonra, yaşının 65-ci vədəsində, bu gün də
Heydər Əliyevin milli dövlətçilik kursuna sadiqdir.
Bu kursu böyük əzmlə davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yanındadır, müstəqil dövlətimizi tarixinin ən
böyük nailiyyətlərinə qovuşduran dövlət
rəhbərimizin köməyindədir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü daxili və xarici siyasət,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
ictimai təşəbbüsləri sayəsində
tolerantlıq ünvanına, mədəniyyətlərarası
dialoq məkanına, Qərblə-Şərqin bir-biri ilə
ortaq dil tapdığı bir coğrafiyaya çevrilən Azərbaycan
dövlətinin yüksəlişi, tərəqqisi
üçün O da öz səylərini əsirgəmir.
5 il
öncə "Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda Bakıda keçirilən beynəlxalq
konfransda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Şeyxülislam Allahşükür
Paşazadənin fəaliyyətinə yüksək qiymət
verərək demişdi: "Şeyx həzrətləri otuz
ildir ki, bu məsul vəzifədə Azərbaycan naminə
çalışır, həm Sovet İttifaqı
zamanında, həm müstəqil Azərbaycanın
quruculuğu dövründə. Əlbəttə ki, bu
dövrlərin arasında çox böyük fərq
vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri hətta
çox çətin ideoloji çərçivələr
içində həmişə öz ədalətli
sözünü demişdir. Ölkəmiz üçün ən
çətin anlarda o, birinci sırada idi. Müstəqilliyimiz
ərəfəsində Azərbaycanda yaşanan çox
ağır hadisələr zamanı Şeyx həzrətlərinin
müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı
daha da böyük bəlalardan qurtara bilmişdir. Bu gün mənimlə
hörmətli Şeyx həzrətləri arasında
münasibətlər çox səmimidir, dostluq münasibətidir.
Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim
üçün, həm də ölkəmiz üçün
lazımdır".
Fikrimizcə,
bu isti kəlmələr Şeyxülislamın fəaliyyətinə
verilmiş ən yüksək mükafatdır. Çünki
bu kəlmələrin hər birinin arxasında onun tarixin
müxtəlif dönəmlərində müstəqil Azərbaycan
dövlətinə təmənnasız xidmətinə
verilmiş obyektiv qiymət dayanır.
Hacı
Allahşükür Paşazadəyə bu rəğbəti
qazandıran ən mühüm keyfiyyət onun vətəndaş
mövqeyidir. Bu mövqeyin ifadə olunmasından heç zaman
çəkinməməsidir. Vaxt olub ki, Şeyxülislam
Bakıda 20 Yanvar qətliamının törədilməsinə
əmr vermiş rus generalları ilə qorxmadan üz-üzə
dayanıb.
Bu qətliama
birbaşa rəhbərlik etmiş general D.Yazov kimi cəllad
xislətli birisini öz məntiqi, xarizması ilə yerində
oturdub. Kreml başbilənlərinə qarşı
yazdığı və dünyanın əksər nüfuzlu
media orqanlarında yayılan kəskin bəyanatları ilə
gələcəyini təhlükə altında qoyub. SSRİ
Ali Sovetinin deputatı mandatından imtina edib. Moskvada ona əl
uzadan M.Qorbaçovla "Sizin əliniz mənim
xalqımın qanına batıb. Mən Sizə əl uzada
bilmərəm" - deyə əl tutuşmaqdan imtina edib.
Tarixin
sonrakı mərhələlərində də Azərbaycan və
ümumilikdə İslam dünyasına qarşı yönəlmiş
təzyiq və təhdidlərə qarşı fəal
mövqeyi ilə cəmiyyətin inanclı kəsiminə həmişə
cəsarət nümunəsi göstərib.
Yüksək
elmi, intellekti, gənc yaşlarından şəxsiyyətinin
xarakterik cizgilərinə çevrilən ağsaqqal ərkanı,
səbri, təmkini, məsələlərə özünəməxsus
yanaşmaları onu təkcə Azərbaycan cəmiyyətində
deyil, bütün İslam dünyasında böyük
nüfuz sahibi edib.
***
Xalqımızın
dilində əsrlərin, qərinələrin
sınağından keçib gələn sadə bir deyim,
görünür, əbəs yerə yaranmayıb: "Deyir,
qardaşın necə adamdır? Cavab verir ki, yol
yoldaşı olmamışam".
Şeyxülislamla
birgə Azərbaycan daxilində və ölkəmizdən kənarda
çox yerlərə səfərlər etmişik. Onun xarici
ölkələrdə necə böyük ehtiramla
qarşılanması qəlbimdə dərin rəğbət
doğurub, məni səfər təəssüratlarımı
yazmağa vadar edib. Görüb, duyub, dərk etmişəm
ki, o, dünyanın hər bir guşəsindən
görünən böyük din xadimidir.
Özbəkistanda
onun əlini öpən dövlət məmuru da
görmüşəm, Gürcüstanın 80 yaşlı
patriarxı II İlyanın Tiflis hava limanında onu necə
qarşılamasını, "qardaş" - deyib
bağrına basmasını, haqqında necə xoş
sözlər deməsini də. Gürcüstan Baş nazirinin
Hacı Allahşükür Paşazadənin Tiflisdə Qafqaz
Müsəlmanları İdarəsinə məxsus arxivin Azərbaycana
verilməsi barədə xahişinin yerinə yetirilməsinə
canla-başla göstəriş verməsinə də şahid
olmuşam.
Müsəlman
ölkələrinin çoxunda Şeyxülislama
bütün Qafqazın dini lideri kimi böyük ehtiram
göstərildiyi, yüksək rütbəli dövlət məmurlarının
onunla məsləhətləşmələr
apardıqları da müşahidələrimdən qeyd dəftərimə
köçən epizodlardır.
***
O,
Qafqaz xalqlarının sülhməramlı niyyətlərinin
fəal tərəfdarı və müdafiəçisidir.
Şeyxülislam hələ 1986-cı ildə Bakıda
keçirilən "Müsəlmanlar sülh uğrunda
mübarizədə" beynəlxalq konfransının təşəbbüskarı
və onun daimi fəaliyyət göstərən
komissiyasının sədri olmuşdur. 1987-ci ildə isə
Moskvada təşkil edilmiş "Nüvə silahsız
dünya, bəşəriyyətin xilası uğrunda"
Beynəlxalq Forumun təşəbbüskar qrupuna
başçılıq etmişdir. 1989-cu ildə SSRİ Ali
Sovetinin deputatı seçilmiş, 1990-1995-ci illərdə Azərbaycan
Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Ermənilərin
Azərbaycana qarşı hərbi təcavüzündən
dolayı başlanmış münaqişəni hələ əvvəldən dini
münaqişə kimi qələmə vermək istəyənlər
vardı. Bu xəbis niyyət həyata keçsəydi,
münaqişə dini xarakter alsaydı, qan
çanağına dönmüş regionda indi vəziyyətin
necə olacağını, yəqin ki, kimsə təxmin edə
bilməzdi. Amma
Şeyxülislamın 1988-ci ildən başlayaraq erməni
kilsəsinin rəhbərlərini konstruktiv dialoqa dəvət
etməsi, bu məqsədlə dəfələrlə
görüşlər keçirərək müzakirələr
aparması münaqişənin dini miqyas almasına imkan vermədi.
Qarabağ
probleminin sülh yolu ilə həll olunması
üçün o, rus, gürcü, erməni dini liderləri
ilə görüşlərini indi də davam etdirir. Harada
olur-olsun, Azərbaycan həqiqətlərini, Qarabağ və
qaçqınlar problemini tanınmış din və dövlət
xadimlərinin diqqətinə çatdırır. Bu problemi
onlarla yüksək səviyyəli görüşlərində
müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın
möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat
işi aparır.
***
1991-ci
ildə keçmiş sovet müsəlman respublikaları
arasında ilk dəfə məhz Azərbaycanın İslam
Konfransı Təşkilatına üzv qəbul olunmasında
da Şeyxülislam Hacı Allahşükür Paşazadənin
şəxsi təşəbbüsünün rolu barədə
söhbət açmaq yerinə düşərdi.
Şeyxülislamın
fəaliyyəti təkcə Azərbaycanın və
Qafqazın hüdudları ilə məhdudlaşmır. 1992-ci
ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri
seçilən Allahşükür Paşazadə
Çeçenistan və İnquşetiyada dini təfriqə
salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin
qarşısının alınmasında öz səlahiyyətləri
daxilində əməli tədbirlər görmüş,
"Qafqaz evi" çərçivəsində bölgədə
sülh mühitinin formalaşması istiqamətində gərgin
fəaliyyəti ilə böyük nüfuz
qazanmışdır.
Rusiya
Prezidenti Vladimir Putin Şeyxülislam Allahşükür
Paşazadə haqqında yazır: "Siz Qafqaza dair məsələlərdə
dini konfessiyaların ruhani lideri kimi mühüm rol
oynayırsınız. Sizin münaqişəli vəziyyətləri
nizama salmaq sahəsində sülhməramlı,
yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi
iqlimin sağlamlaşdırılması naminə səyləriniz
ən yüksək qiymətə və hərtərəfli dəstəyə
layiqdir".
Gürcüstan
Respublikasının sabiq prezidenti mərhum Eduard Şevardnadze
də Şeyxülislam Allahşükür Paşazadənin
regionda sülh, əmin-amanlıq naminə gördüyü
işlərə yüksək dəyər vermişdir:
"Harada Şeyxülislam Allahşükür Paşazadə
var, orada sülh var, ədalət var. Onun Azərbaycan dövlətinin
və Qafqazın dini icmalarının qarşısında
duran problemlərə münasibətdə müdrik,
uzaqgörən siyasəti regionumuzun xalqları arasında
sülhün möhkəmləndirilməsi işinə olduqca
dəyərli töhfədir".
***
Mətbuatdan
Şeyxülislamın Moskva və bütün Rusiyanın
patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərarası
Məşvərət Şurasının yaradılması təşəbbüsü
ilə çıxış etməsi, din xadimlərinin BMT-nin
Baş katibi Pan Gi Munla Moskvadakı görüşü
zamanı bu ideyanın gerçəkləşməsi istiqamətində
danışıqlar aparması barədə oxumuşdum.
Dünyada
din pərdəsi altında toqquşmaların baş verdiyi,
insanların dini ayrıntıları əsas gətirərək
bir-birinin qanına susadıqları indiki ziddiyyətli
dünyamızda, bu, həqiqətən alqışlanası
bir təşəbbüsdür. Əfsuslar olsun ki, belə cəsarətli
təşəbbüslər heç də hamı tərəfindən
eyni tərzdə qarşılanmır. Şeyxülislam öz
vətəndaş mövqeyindən dolayı dünyada
sülh, ədalət naminə atdığı addımlara
görə çox hücumlara da sinə gərməli
olub.
Müəyyən
təfriqəçi qüvvələrin maraqlarının
ifadəçisi rolunda çıxış edən "mətbuat
orqanları" ona qarşı uzunmüddətli kampaniyalar
aparıblar. Hansısa çirkin məqsədlərini həyata
keçirməyə çalışıblar. Amma bu mənfur
məqsədlər heç bir səmərə verməyib.
Çünki Şeyxülislama hücum etmək istəyənlər
öz qarşılarında onun müstəqilliyimiz, demokratik
inkişafımız üçün fədakar xidmətlərini
yüksək dəyərləndirən milli dövlətimizi
görüblər, dövlət rəhbərimizin qətiyyətli
mövqeyi qarşısında geri çəkilməli olublar,
onun şəxsiyyətinə dəyər verən cəmiyyət
üzvlərinin ictimai qınağı qarşısında
utanıblar...
***
Hacı
Allahşükür Paşazadə son dərəcə dinamik
həyat tərzinə malik bir insandır. O, tez-tez müxtəlif
ölkələrə səfərlər edir, Azərbaycana gələn
yüksək rütbəli din və hökumət nümayəndələrini
qəbul edir, ilahiyyat məsələləri ilə
bağlı bir-birindən dəyərli elmi-dini əsərlər
qələmə alır, islam dininin mahiyyətinə, eləcə
də onun incəliklərinə bələd olan peşəkar
mütəxəssislərin hazırlanması sahəsində
önəmli işlər görür...
Şeyxülislam
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv
Komissiyasının üzvü
kimi ölkəmizdə humanizm ənənələrinin
inkişafına da dəstək verir.
Hərdən
düşünürəm ki, Hacı Allahşükür
Paşazadədə bu qədər güc, enerji mənbəyi
haradandır?.. Amma hər dəfə də bu suala cavabı
Şeyx həzrətlərinin özünəməxsus olan bir
fikirdə tapıram: "İnsanın həyatında ikinci
böyük xoşbəxtliyi, onun ailəsindən sonra
xüsusi əhəmiyyətə malik olan müəllimləri
və məktəbidir".
Bəli,
bu enerji, əməksevərlik onda doğulub tərbiyə
aldığı, halal zəhmətə alışdığı
çoxuşaqlı ailədən, erkən yaşlarından
onu müxtəlif elmlərə vaqif edən nur çöhrəli
müəllimlərdən, keçdiyi 65 illik çətin və
şərəfli həyat məktəbindən gəlir.
Bu həyat
məktəbində din bir mənəviyyat
işığıdır. Bu işıq insan ruhuna nur
saçır, təfəkkürləri xürafat zülmətindən,
radikallıqdan, kin-küdurətdən qoruyur, dini normaları
kor-koranə rituallara deyil, mənəvi mahiyyətə, nəcib
məqsədlərə, xeyir əməllərə yönəldir.
Kiçik
bir nümunəni xatırlayacağam, illər öncə
aşura mərasimlərində inanclı insanların bu mərasimin
qədim ritualı kimi özlərinə xəsarət yetirmələri
müəyyən narahatlıq doğururdu. Şeyxülislam
öz şəxsi nümunəsi ilə bu ritualın donorluq
kimi nəcib bir təşəbbüsə dönməsinə,
ölkəmizdə qana ehtiyacı olan xəstələr, ələlxüsus
talassemiyalı körpələr üçün donorluq
aksiyasının genişlənməsinə nail oldu. Belə məqamlardan
çox yada salmaq olar.
***
O, Azərbaycanda
və ümumilikdə bütün dünyada sülh, ədalət,
mənəviyyat idealları naminə göstərdiyi xidmətlərə
görə çox mükafatlara, orden və medallara layiq
görülüb. Azərbaycan Respublikasının
"Şöhrət" ordeni, "İstiqlal" ordeni,
"Şərəf" ordeni, keçmiş SSRİ-nin
"Xalqlar dostluğu" ordeni, Misir Ərəb
Respublikasının I dərəcəli "Əl-elm və əməl"
ordeni, Çeçenistan Respublikasının Milli Qəhrəmanı
"Koman Turpal", "Kadırov" ordenləri,
Gürcüstan Respublikasının "Şərəf"
ordeni, Vatikan dövlətinin "Müqəddəs
Qreqori" ordeni, Rusiya Federasiyasının "Dostluq",
"Şərəf" ordenləri, İordaniya
Krallığının I dərəcəli "Kral
Hüseyn" ordeni, Rus Pravoslav Kilsəsinin, Rusiya Müftilər
Şurasının, Bakı və Xəzəryanı
Yeparxiyanın, Şimali Qafqaz Müsəlmanları Koordinasiya
Mərkəzinin və digər qurumların müxtəlif
ordenləri Şeyxülislam Hacı Allahşükür
Paşazadəyə aid yüksək mükafatlar silsiləsinin
yalnız məhdud bir hissəsidir. Çeçenistan
Respublikasının paytaxtı Qroznı şəhərindəki
küçələrdən biri də onun adını
daşıyır.
Ən
böyük mükafatsa fikrimizcə, Tanrının əta
etdiyi, 65 il şərəflə yaşanmış, Azərbaycanda
və bütün dünyada sülhün, haqq-ədalətin
təntənəsinə həsr olunmuş, bəşəriyyətə
ruhani töhfələr vermiş ömürdür. 65 illik
yubileyi münasibətilə Şeyxülislam Hacı
Allahşükür Paşazadəni təbrik edir, ona uzun
ömür, möhkəm cansağlığı, həyat və
fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan. - 2014.- 24 avqust.- S. 4.