Demoqrafiyamız necədir

 

Azərbaycan Respublikası əhalisinin sayı artıq 9 milyon yarımı ötüb. Bu ilin birinci yarısında ölkədə əhalinin sayı 0,5 faiz, yaxud 51,8 min nəfər artıb.

Dövlət Statistika Komitəsi bilgi verir ki, hazırda Azərbaycanda əhalinin sayı 9 milyon 528,9 min nəfərə çatıb. Əhalinin yaş tərkibinə görə bölgüsü belədir: onun 22,4 faizini 14 yaşınadək uşaqlar təşkil edir. Ən böyük qrup 15-64 yaşında olanlardır. Əhalinin 71,8 faizi onlardan ibarətdir. Yalnız 5,8 faiz isə yaşı 65 olanbu həddi aşmış ahıl insanlardır.

Ölkə əhalisinin 53,2 faizi şəhərlərdə yaşayır, 46,8 faizi isə kənd sakinləridir. Əhalinin sıxlığına gəldikdə isə bir kvadratkilometrə 110 nəfər düşür.

Hazırda ölkə əhalisinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Hər 1000 kişiyə 1011 qadın düşür. Bununla belə, son illərdə qadınların sayı 51 faizdən 50,3 faizə qədər azalıb. Bu da əsasən doğulan körpələr arasında qız uşaqlarının sayının azalması ilə bağlıdır. Belə ki, əgər əvvəllər doğulan hər 100 körpədən 51-i oğlan, 49-u qız olurdusa, indi bu nisbət birincilərin xeyrinə daha da artıb. Buna səbəb olaraq ailəsində bir, iki, yaxud daha çox qız övladı olan bəzi valideynlərin dünyaya gələcək növbəti uşağın cinsini ultrasəs cihazının köməyilə öyrənməsi və onu məhv etməsidir.

Beləliklə, bu ilin birinci yarısında da dünyaya gələn körpələrin 53,6 faizini oğlanlar, 46,4 faizini isə qızlar təşkil edib. Ümumiyyətlə isə 6 ay ərzində ölkədə 79,6 min körpə anadan olub. Dünyaya təzəcə göz açan uşaqlardan 1396-sı əkizdir. Bu o deməkdir ki, 698 ailə bir dəfəyə iki övlad sahibi olub. On ailə isə üçəmlə sevinib. Başqa sözlə, yeni doğulanların 30-u üçəmdir.

Cari ilin ilk 6 ayı ərzində ölkədə 28,3 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün əmsalı 6,1 olub, yəni ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Ümumiyyətlə, son illərdə Azərbaycanda ölümün səviyyəsi ya aşağı düşür, ya da eyni olaraq qalır. Bu da ölkədə yaşayış səviyyəsinin getdikcə yüksəlməsi, eləcə də insanlara göstərilən tibbi xidmətin daha da yaxşılaşması ilə birbaşa bağlıdır. Ölüm hallarının azalmasında, insanların daha uzunömürlü olmasında milli-mənəvi dəyərlərimiz, mentalitetimizgüclü amil kimi çıxış edir. Belə ki, insanların bir-birinə mənəvi dayaq olmaq, çətinə düşənin dərdini bölüşdürmək, sevinənə qoşulub onun sevincini artırmaq xalqımızın ən yaxşı keyfiyyətlərindəndir.

Sevincdən söz düşmüşkən nəzərə çatdıraq ki, bu ilin birinci yarısında 38,8 min cütlük ailə quraraq nikahını rəsmiləşdirib. Amma çox təəssüf ki, boşananlar da az olmayıb. Yəni ölkədə 5,9 min boşanma halı qeydə alınıb.   

Bir vaxtlar Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin məlumatları qanqaraldan olurdu. Belə ki, ölkədən köçüb gedənlərin sayı çox idi. İndi isə əksinə, Azərbaycanda yaşamaq və işləmək istəyənlərin sayı ildən-ilə artır. Hətta bir zamanlar dolanışıq, xoş güzəran axtararaq yad məmləkətlərə gedənlərin əksəriyyəti öz yurduna, kəndinə-kəsəyinə, ev-eşiyinə qayıdıb. Bu da Azərbaycanın iqtisadi yüksəlişi ilə izah olunur. Başqa sözlə, indi Azərbaycanın bütün bölgələri sosialiqtisadi cəhətdən inkişaf edir. İşığı, qazı, texnikası olmayan kəndlərdən əsər-əlamət qalmayıb. Ən ucqar dağ kəndlərinə belə rəvan yollar çəkilir. Rayon mərkəzləri böyük sürətlə abadlaşaraq az qala Avropanın ən gözəl şəhərləri ilə yarışa girmək istəyir.

Odur ki, əgər Azərbaycanda əhalinin sayı adətən təbii artımla çoxalırdısa, indi buna miqrasiya da müsbət təsir edir. Yəni əhali burada daimi yaşamağa gələnlərin hesabına da artır.

Dövlət Statistika Komitəsi yuxarıda sözügedən qurumlara istinadən bildirir ki, bu ilin birinci yarısında Azərbaycana daimi yaşamaq üçün 830 nəfər gəlib. Digər ölkələrə köçüb gedənlərin sayı isə bundan iki dəfə azdır: ölkəni biryolluq tərk edənlərin sayı cəmi 401 nəfərdir.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 6.