Akademik Yuri Voronenko: “Biz strateji tərəfdaşımız olan Azərbaycanla dünya
standartları səviyyəsində həkimlər
hazırlanması sahəsində uzunmüddətli əməkdaşlığa
hazırıq”
Avqustun
22-də Ukraynanın paytaxtında akademik Zərifə
Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz və
Ukrayna Səhiyyə Nazirliyinin P.L.Şupik adına Milli
Diplomdansonrakı Təhsil Tibb Akademiyası arasında əməkdaşlıq
haqqında saziş imzalanıb.
Sənədin imzalanması mərasimindən sonra akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov və Ukrayna Səhiyyə Nazirliyinin P.L.Şupik adına Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyasının rektoru, akademik Yuri Voronenko çıxış ediblər.
Professor A.Salmanov xatırladıb ki, 1997-ci ildən Azərbaycan ilə Ukrayna arasında tibb elmləri, təhsil və səhiyyə sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə qüvvədədir. O qeyd edib ki, yeni sazişin məqsədi həmin müqavilənin daha fəal reallaşmasına kömək göstərmək , iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməkdir.
Professor daha sonra vurğulayıb ki, akademik Yuri Vdoviçenko (Akademiyanın birinci prorektoru. - AzərTAc), professorlar – Akademiyanın prorektoru Anatoli Kosakovski, Ozar Mintser və Olqa Verner onun rəhbərlik etdiyi Mərkəzin Şura üzvləri, Azərbaycan və Ukrayna alimləri arasında əməkdaşlığın fəal tərəfdarlarıdır.
Akademik Y.Voronenko Azərbaycanın iqtisadi və sosial inkişafda qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O deyib: “İnfrastruktur layihələrinin həyata keçirilməsini, o cümlədən yaxşı təchiz olunmuş müasir tibb müəssisələri tikintisini xüsusi vurğulamaq istərdim. Azərbaycanda uğurla aparılmış tibb islahatları nəticəsində əhaliyə keyfiyyətli tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb”.
Akademik Y.Voronenko AzərTAc-a müsahibəsində deyib: “Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. İki dost ölkə arasında, o cümlədən təbabət sahəsində əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Bizim imzaladığımız Saziş daha sıx əməkdaşlığa, bu əlaqələrin dərinləşməsinə və genişlənməsinə xidmət edəcəkdir. Bizim Akademiya Azərbaycanda tələbat olan müxtəlif ixtisaslar üzrə həkimlər hazırlanmasında fəal iştirak etməyə hazırdır”.
Akademik vurğulayıb ki, Akademiyanın 74 kafedrasında çalışan elmi-pedaqoji əməkdaşlar arasında 2 Ukrayna Qəhrəmanı, 7 akademik, 330 elmlər doktoru var.
Y.Voronenko əmindir ki, tibbi kadrlar hazırlığı sahəsində ikitərəfli əməkdaşlıq Azərbaycanda tibb islahatının bundan sonra da uğurla aparılmasına kömək edəcəkdir.
Tanınmış ukraynalı həkim və alim sonda deyib: “Biz strateji tərəfdaşımız olan Azərbaycanla dünya standartları səviyyəsində həkimlər hazırlanması sahəsində uzunmüddətli əməkdaşlığa hazırıq”.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan. - 2014.- 24 avqust.- S. 6.