Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət qeyd ediblər

 

Avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşlarının peşə bayramı günüdür.

AzərTAc xəbər verir ki, bu münasibətlə XDMX-nin əməkdaşları avqustun 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn XDMX-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə 23 avqust tarixinin Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Əsas vəzifəsi Azərbaycan Prezidentinin, dövlət obyektlərinin mühafizəsi, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib.

 

Azərbaycan. - 2014.- 24 avqust.- S. 2.