Avropa Gənclər Parlamentinin
Azərbaycan nümayəndəliyinin I Beynəlxalq Forumu çərçivəsində Gəncədə
Baş Assambleyanın iclası keçirildi
Avqustun
23-də Gəncədə “ASAN könüllüləri” Gənclər
Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan
nümayəndəliyinin birgə təşkilatçılığı
ilə “Gəncə-14” forumu çərçivəsində
Baş Assambleyanın iclası keçirildi.
AzərTAc xəbər verir ki, iclasdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən Baş Assambleyanın iclasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 15 ölkədən gəlmiş 70 nəfərədək gənci salamladı və tədbirin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncədə keçirilməsinin əhəmiyyətindən danışdı.
Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiyanı, bilik və mübadilə proseslərini gücləndirmək, gənclərimizin ictimai fəallığını və sosial layihələrdə iştirakını artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin I Beynəlxalq forumunun prezidenti Koka Kapanadze çıxış edərək Azərbaycanda aparılan gənclər siyasəti sahəsində qazanılan uğurlardan danışaraq respublikamızın təcrübəsinin digər ölkələrə nümunə olduğunu diqqətə çatdırdılar.
Sonra Baş Assambleyanın iclasında təklif olunan qətnamələrin müzakirəsinə başlanıldı.
Müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə
alınmaqla yekun qərar qəbul edildi.
Azərbaycan. - 2014.- 24 avqust.- S. 2.