Şimal bölgəsinə səyahətdən
zəngin təəssüratla
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak edən gəncəli məktəblilər doğma şəhərlərinə qayıdıblar.
AzərTAc xəbər verir ki, Gəncənin mərkəzi meydanında aksiya iştirakçılarının qarşılanma mərasimi olub.
Qrup rəhbəri, 31 nömrəli orta məktəbin tədris işləri üzrə direktor müavini Elçin Qurbanov AzərTAc-a müsahibəsində deyib: "Dördgünlük səfər çərçivəsində məktəblilər respublikamızın şimal bölgəsini - Quba, Qusar və Xaçmazı səyahət ediblər. Şagirdlərin sevincinin həddi-hüdudu yoxdur. Onlar tur-aksiya zamanı ən xırda detalı belə öyrənməyə çalışırdılar. Axşamlar keçirilən intellektual yarışlarda bilik və qabiliyyətlərini nümayiş etdirirdilər. Mingəçevir qrupu ilə keçirilən intellektual oyunda məktəblilərimiz kubok qazanıblar. Bir sözlə, məktəblilərimiz şimal bölgəsində unudulmaz anlar yaşadılar".
Qrup rəhbərinin fikrinə şərik olan 16 nömrəli orta məktəbin X sinif şagirdi Elgün Cəfərov, 11 nömrəli orta məktəbin XI sinif şagirdi Ziyafət Əliyeva da ekskursiya ilə bağlı sevinclərini bölüşüblər.
Məktəblilər onlara bu imkanı yaradan dövlət başçısına minnətdarlıq ediblər.
Sonra tur-aksiya
iştirakçıları kollektiv şəkildə
ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Azərbaycan. - 2014.- 24 avqust.- S. 5.