Hər bir azərbaycanlı
yaşadığı ölkənin bütün
bölgələrini tanımalıdır
Quba-Qusar-Xaçmaz
marşrutu üzrə dörd günlük maarifləndirici
tur-aksiyada iştirak edən Mingəçevir məktəbliləri
doğma şəhərə qayıtdılar.
Ekskursiyanın iştirakçılarını şəhər rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri qarşıladılar.
Mingəçevir şəhərindəki təbiət, riyaziyyat və humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Tuncay Əliyev AzərTAc-a müsahibəsində səfər təəssüratlarının olduqca zəngin olduğunu bildirərək dedi: “Mən ilk dəfə idi ki, Quba, Qusar və Xaçmaz rayonlarına səfər edirdim. Bu ekskursiyanın iştirakçıları olan Mingəçevir və Gəncə məktəbliləri arasında 4 gün ərzində sıx əlaqələr yarandı. Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkənin bütün bölgələrini tanımalıdır. Bu tur-aksiyanın bizim üçün müsbət cəhətləri çox oldu. Belə ki, ekskursiya zamanı biz bölgəni tanıdıq, həm də yerli insanların gündəlik həyatı ilə maraqlandıq, özümüzə çoxlu dostlar qazandıq”.
Tur-aksiyanın digər iştirakçısı, Tuncay Əliyevin sinif yoldaşı Nərmin Məmmədzadə də səfərdən zəngin təəssüratla qayıtdığını bildirdi. Qeyd etdi ki, bu aksiya biz şagirdlərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdiyimiz nəzəri biliklərin təcrübi möhkəmlənməsində mühüm rol oynadı.
Qarşılanma mərasimində iştirak edən valideynlərin də sevincinin həddi-hüdudu yox
idi. Onlar yetişməkdə
olan nəslə yüksək diqqət və
qayğı göstərdiyinə görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər.
Azərbaycan. - 2014.- 24 avqust.- S. 5.