Müasir islam aləminin
nüfuzlu liderlərindən biri
Uca
Allahın Azərbaycan xalqına bəxş etdiyi dəyərli
şəxsiyyətlərdən biri, geniş miqyasda
tanınan, çağdaş dünyamızın ən
nüfuzlu dövlət və din xadimləri tərəfindən
ehtiramla qəbul olunan Allahşükür Paşazadəni
xüsusi təqdim etməyə, zənnimcə, lüzum
yoxdur. İslam tarixinin mahir bilicilərindən olan
şeyxülislam görkəmli din xadimi olmaqla yanaşı, həm
də tanınmış ictimai xadim kimi fəaliyyət
göstərir.
Ulu
öndər Heydər Əliyevin bu şəxsiyyət barədə
aşağıdakı fikirləri onu bariz şəkildə səciyyələndirir:
"Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin
ölkəmizdə, eləcə də bütün Qafqaz
bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində
Şeyxülislam Allahşükür Paşazadənin
xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları
İdarəsinə rəhbərlik etdiyi illər ərzində
bu dini qurum islam dəyərlərinin geniş təbliğ
olunması, müsəlmanların dini-mənəvi birliyinin
möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında
fəallığının artırılması işində
böyük rol oynayan mühüm mərkəzlərdən
birinə çevrilmişdir. Paşazadənin Azərbaycan
xalqının azadlıq uğrunda mübarizəsində
tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə
cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri
obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində
dini amilin gücündən düzgün istifadə etmək
bacarığını nümayış etdirdi".
İnkarolunmaz
həqiqətdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin
bərqərar olunması və onun təməllərinin
möhkəmləndirilməsi işində Şeyxülislam
Allahşükür Paşazadə daim ulu öndərin ən yaxın silahdaşlarından
olmuş, bütün dövrlərdə Heydər Əliyev
şəxsiyyətinə olan dərin ehtiram və
inamını birmənalı şəkildə
açıqlamış, onu Azərbaycanın xilaskarı kimi
qəbul etmişdir. Dahi şəxsiyyət Heydər
Əliyevi özü üçün böyük örnək
sayan şeyxülislam səmimi olaraq özünün
uğurlarını da bu böyük şəxsiyyətin Azərbaycan
naminə müdrik siyasəti ilə bağlayır və Azərbaycanın
səadətini ulu öndərin yolunu davam etdirən,
xalqımızın milli-mənəvi dəyərlərinə
böyük önəm verən zati-aliləri İlham
Əliyevin rəhbərliyində görür. A.Paşazadə
dünya miqyasında dinlərarası dialoq prosesinin fəal
müdafiəçisi, bu istiqamətdə fəal iş
aparan, tolerantlıq, multikulturalizm idayalarının yorulmaz təbliğatçısı
kimi çıxış edir.
* * *
Allahşükür
Paşazadənin Azərbaycan xalqının ən ağır
günlərində - qanlı Yanvar hadisələri zamanı
göstərdiyi fədakarlıq hamımızın
yaxşı yadındadır. Həmin vaxt bariz şəkildə
aydın oldu ki, ali dini rəhbərimiz xalq naminə
canından belə keçməyə hazırdır. İstər
müharibənin ən ağır dövrlərində, istərsə
də dövlətçiliyimizin daxildən
sarsıldılmasına yönələn zərbələrin
dəf olunması məqamlarında şeyxülislam heç
nədən qorxmadan, çəkinmədən ön cəbhələrdə,
ön sıralarda olmuşdur.
Şeyxülislam
həzrətlərinin fəaliyyətinin ən məhsuldar
dövrü Azərbaycan müstəqillik qazandıqdan
sonrakı dövrə təsadüf edir. 70 illik ateist rejiminin
çökməsindən sonra Azərbaycanda islam dininin
intibahında, dini həyatın düzgün məcraya yönəldilməsində
Allahşükür Paşazadənin zəhməti olduqca
böyükdür.
İlk
növbədə qeyd etmək lazımdır ki, məhz
Allahşükür Paşazadənin şəxsi iradəsi və
təşkilatçılıq bacarığı sayəsində
postsovet məkanında yalnız Qafqaz Müsəlmanları
İdarəsi öz fəaliyyətini nəinki davam etdirməyə,
hətta nüfuz dairəsini genişləndirməyə nail
ola bildi. Belə ki, Azərbaycan Qafqazın dini mərkəzi
olaraq qəbul olunur.
Azərbaycan
dünyada tolerantlıq mücəssəməsi, başqa
ölkələr üçün örnək ola biləcək
nümunə kimi tanınır. Bunu, ən nüfuzlu dövlət
və din xadimləri, o cümlədən Roma Papası II
İohan Pavel, Moskva və bütün Rusiya patriarxları II
Aleksi, Kiril, Ümumgürcüstan Patriarxı II İliya və
başqaları dəfələrlə vurğulamışlar.
Məhz şeyxülislamın təşəbbüsü ilə
2004-cü ildə Müstəqil Dövlətlər Birliyi
ölkələrinin Dinlərarası Şurası təsis
olunmuşdur ki, bu qurumun da həmsədrləri patriarx II Aleksi
və şeyxülislam Allahşükür Paşazadə həzrətləri seçilmişlər. 2009-cu ildən
şeyximiz MDB Müsəlmanları Məşvərət
Şurasının sədridir.
Dini-ictimai
xadim kimi, beynəlxalq aləmdə malik olduğu böyük
nüfuzdan istifadə edərək
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan
həqiqətlərini, Qarabağ probleminin mahiyyətini
dünya ictimaiyyətinin diqqətinə ən yüksək
xitabət kürsülərindən çatdırmış,
Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi
üçün böyük işlər
görmüşdür.
Din-dövlət
münasibətlərinin düzgün məcraya yönəldilməsi,
vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə
dini-mənəvi sabitliyin qorunub saxlanılması işində
Şeyxülislam Allahşükür Paşazadənin rolu əvəzolunmazdır.
Azərbaycanın dövlət maraqlarının təmini
işinə Şeyxin töhfələrindən biri də
ölkəmizin dünyada müsəlman dövlətlərinin
ən nüfuzlu qurumu olan İslam Konfransı Təşkilatına
(hazırda - İslam Əməkdaşlıq Təşkilatı)
üzv qəbul olunması ilə bağlı səy göstərməsi
olmuşdur. Sovet dövləti dağılan ərəfədə
keçmiş sovet müsəlman respublikaları arasında
birinci olaraq Azərbaycanın İslam Konfransı Təşkilatına
üzv qəbul olunmasında şeyxin şəxsi nüfuzu
böyük rol oynadı. Hörmətli şeyximiz Ermənistanın
Azərbaycana təcavüzünün nəticəsi olaraq
işğal olunmuş Azərbaycan torpaqlarının azad
olunması ilə bağlı dünya dövlətlərinin
başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara
müraciətlər ünvanlayaraq Ermənistanın
işğalçılıq siyasətinə hüquqi qiymət
verməyə, dünyanın ən böyük əşrəfi
olan insana və onun faciəsinə biganə qalmamağa
çağırmış, bu problemin sülh yolu ilə həll
olunmasına var qüvvəsi ilə
çalışmış və
çalışmaqdadır.
Şeyxülislam
Allahşükür Paşazadə sülhpərvər missiya
daşıyıcısı olaraq hər zaman dünyanın ən
mötəbər kürsülərindən uca Allahın
buyurduqlarını, sülh, ədalət, insanlar arasında
xoş münasibətlərin carçısı olmuşdur.
Onun xalqımızın ən böyük problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
başlandığı dövrdən etibarən ərazi
münaqişəsinin dinlərarası münaqişə
müstəvisinə keçməsinə imkan verməmək
üçün göstərdiyi səylər, bölgənin
dini liderləri ilə keçirdiyi görüşlərin əhəmiyyəti,
həqiqətən, misilsizdir.
Şeyx
həzrətləri heç zaman respublikamızın,
regionumuzun, beynəlxalq aləmin taleyüklü məsələlərinə
biganə qalmamış, ümummilli problemlərimizlə
bağlı seyrçi mövqe tutmamışdır.
1990-cı ilin 20 Yanvarında azğınlaşmış sovet
ordusu silahsız xalqımıza divan tutanda bu qanlı faciə
ilə əlaqədar ilk etiraz səsini qaldıranlardan biri məhz
şeyx həzrətləri oldu. Hacı Allahşükür
Paşazadənin əli xalqımızın günahsız
qanına batmış Qorbaçova göndərdiyi məşhur
müraciəti o zaman bir bomba kimi partlayıb bütün
dünyada əks-səda verdi. Şeyximizin "Azərbaycan
xalqı ilə silah gücünə danışmaq olmaz!"
kəlamı az sonra özünü necə də
doğrultdu...
Çeçenistana
qarşı hərbi əməliyyatlar başlamamışdan əvvəl
şeyx həzrətləri Rusiya rəhbərliyini bu fəlakətli
addımdan çəkindirməyə çalışaraq ona
"Rusiya Qafqazda hörməti silah gücünə deyil,
ağlın gücü ilə qazana bilər! Və məhz
indi, Çeçenistan Respublikası üzərində qara
buludlar topalaşdığı, tammiqyaslı müharibə təhlükəsi
yarandığı vaxtda Rusiya keçmişdə Qafqaz
xalqlarına qarşı etdiyi tarixi ədalətsizlikləri
aradan qaldırmaq niyyətində olduğunu sübut etməlidir",
- deyə müraciət etdi. Tarix qısa bir zaman kəsiyi ərzində
bu fikrin gerçəkliyə istinad edən bir həqiqət
olduğunu sübuta yetirdi.
1980-ci
ildə Qafqaz müsəlmanlarının qurultayında seçildiyi gündən bu vaxta qədər
Şeyxülislam Allahşükür Paşazadə bölgənin
bütün müsəlmanlarının mənafeyini yüksək
səviyyədə təmsil etmiş, hamının inam və
rəğbətini qazana bilmişdir. Bu sahədə xidmətlərini
nəzərə alaraq Qafqaz müsəlmanları ona
Qafqazın ömürlük şeyxülislamı olmaq
etimadını göstərmişlər.
* * *
Mən
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini
1979-cu ildən tanıyıram. Həmin il Liviyada Azərbaycan
mədəniyyəti günləri keçirilirdi. Hər
ikimiz nümayəndə heyətinin
tərkibində idik. Səfər əsnasında bu xoşsifət,
gülərüz, mülayim təbiətli, hazırcavab gənclə
yaxından tanış olub dostlaşdım. O zaman Hacı
Allahşükürün otuz yaşı var idi və o, Qafqaz
Müsəlmanları İdarəsi sədrinin müavini vəzifəsində
çalışırdı. Bir o qədər çəkmədi
ki, elə həmin il Hacı Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri -
şeyxülislam seçildi və beləliklə də onun
çoxcəhətli fəaliyyəti üçün
geniş meydan açıldı. O zamandan etibarən mən
şeyx həzrətləri ilə birlikdə bir sıra xarici
ölkələrdə olmuş, elmi-dini konfrans və
simpoziumlarda iştirak etmişəm.
Hər
şeydən əvvəl onu qeyd etmək istəyirəm ki,
hörmətli şeyximiz xaricdə, xüsusilə müsəlman
ölkələrində yüksək nüfuza malik din xadimlərindən
biridir. Xaricdəki görkəmli müsəlman alimlərindən
birinin təbirincə desək, müasir islam aləminin parlaq
ulduzlarından olan Şeyxülislam Hacı
Allahşükür Paşazadə Azərbaycan din xadimlərini
beynəlxalq aləmdə ləyaqətlə təmsil edən
şəxsiyyətdir.
Hörmətli
şeyximiz iti məntiqi, hadisələrin mahiyyətini gözəl
dərk edib onların dərinliyinə nüfuz edə bilməsi,
müxtəlif səbəblərin doğura biləcəyi nəticələri
əvvəlcədən görməsi qabiliyyəti ilə həmişə
müsahibini maqnit kimi özünə çəkir. Şeyx həzrətləri
bu və ya digər sanballı yığıncaqda
görünən kimi iştirakçıların çoxu
onun başına toplaşıb fikir mübadiləsi edir, bir
çox məsələ barəsində onun rəyini öyrənmək
istəyir. Çünki Allahşükür Paşazadə
müsahiblərinə həmişə qiymətli məsləhətlər
verir, mürəkkəb vəziyyətlərdən
çıxış yollarını göstərir.
Keçmiş
Sovet İttifaqında, eləcə də indi müstəqil Azərbaycan
cümhuriyyətində din dövlətdən ayrı olsa da,
Hacı Allahşükür Paşazadə görkəmli din
xadimi olmaqla yanaşı, həm də bacarıqlı ictimai
xadim, respublikamızın elmi-ictimai həyatında fəal
iştirak edən bir insandır. Bəzən xaricdə
dövlət səviyyəsində çətin həll
olunan, yaxud müşkülə düşən məsələlər
şeyximizin o işə qatılması sayəsində
asanlıqla öz həllini tapır.
İslam
aləmində din tarixinə dair bir çox sanballı
monoqrafiyaların müəllifi kimi tanınan Şeyxülislam
Allahşükür Paşazadə tarix elmləri doktoru,
İordaniya Kral Akademiyasının həqiqi üzvü,
Bakı Dövlət Universitetinin professorudur. Onun "Qafqazda
islam", "İslamda ümmət və
şüubilik", "Quranın təfsiri və tərcümə
tarixi" kitabları Azərbaycan islamşünaslığına
qiymətli töhfədir.
Şeyximiz
həm də gözəl təşkilatçılıq
qabiliyyətinə malik bir din xadimidir. Belə ki, 1991-ci ildə
SSRİ dağılandan sonra onun tərkibindəki regionlarda,
müttəfiq respublikalarda və muxtar qurumlarda fəaliyyət
göstərən ruhani idarələrinin əksəriyyəti
parçalanıb öz müstəqil varlığını
itirdiyi, ciddi təbəddülata məruz qaldığı
halda, Qafqaz Müsəlmanları İdarəsi şeyximizin səmərəli,
çevik təşkilatçılıq fəaliyyəti nəticəsində
nəinki öz varlığını qoruyub saxlamış, əksinə,
müstəqil bir təşkilat kimi əməli iş və
təsir dairəsini daha da genişləndirmiş və
postsovet məkanında ən nüfuzlu dini idarəyə
çevrilmişdir. Biz hələ möhtərəm
şeyximizin dünyanın müxtəlif nüfuzlu islam təşkilatlarında
tutduğu vəzifələr, üzvü seçildiyi
yüksək elmi qurumlar (məsələn, İordaniya Kral
Akademiyası kimi) barəsində danışsaq, çox
böyük bir siyahı əmələ gələr.
Şeyxülislam Allahşükür Paşazadə bir
çox nüfuzlu beynəlxalq təşkilatların, o
cümlədən Ümumdünya İslam Xalq Rəhbərliyi,
Avrasiya Şurası, "Vicdana
çağırış" Beynəlxalq Fondunun və s. rəhbərliyində
təmsil olunur.
Şeyx
həzrətlərinin fəaliyyəti təkcə Azərbaycanın
hüdudları ilə məhdudlaşmır. Qafqaz Xalqları
Ali Dini Şurasının sədri kimi Çeçenistan və
İnquşetiyada dini təfriqə salan radikal təmayüllü
qüvvələrin xalqa zidd əməllərinin
qarşısının alınması, "Qafqaz evi"
çərçivəsində bölgədə
barış mühitinin formalaşması istiqamətində gərgin
fəaliyyət göstərmişdir.
Hacı
Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının
ali dini rəhbəri kimi təmsil olunduğu bütün qurum
və təşkilatlarda xalqımızın
marağını ən yüksək şəkildə qoruyur
və onların haqq işini müdafiə edir. Mötəbər
beynəlxalq konfransların ən yüksək xitabət
kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq,
xalqlar və dövlətlər arasında münaqişə
yaradan problemlərin sülh yolu ilə nizamlanması
ideyasını təlqin edir. Tolerantlıq ideyasını
ardıcıl təblig edərək postsovet məkanında
xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq
münasibətlərinin qorunub saxlanılması və
inkişaf etdirilməsi naminə daima xoş məram
nümayiş etdirib, əməli fəaliyyət göstərir.
Azərbaycanda
dini mərasimlər içərisində xüsusi önəm
daşıyan Aşura mərasimi ilə bağlı
şeyximizin uğurlu təşəbbüsü müasir
islam mənəviyyatı tarixində xüsusi yer tutur. Belə
ki, Aşura günlərində irsi qan xəstəliklərindən
əziyyət çəkən insanların, xüsusilə
talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi
istiqamətində təmənnasız qan verilməsi
aksiyalarının təşkili və həyata keçirilməsi
onun adıyla bağlıdır.
Hacının
çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın
ali dövlət mükafatları olan "Şöhrət",
"İstiqlal", "Şərəf" ordenləri ilə
təltif olunmuşdur.
Şeyxülislam
Allahşükür Paşazadənin islamın təbliği
ilə bağlı xidmətləri Azərbaycandan kənarda -
dünyanın böyük dövlətləri və dini
qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
O, Misirin I dərəcəli "Əl-elm və əməl",
Çeçenistan Respublikasının "Millət qəhrəmanı",
Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir",
RF Çeçenistan Respublikasının "Çeçen
qəhrəmanı", Gürcüstan Respublikasının
"Şərəf", Rus Pravoslav Kilsəsinin I dərəcəli
"Sergi Radonejski",
Vatikanın "Müqəddəs Qreqori", Rusiya
Federasiyasının "Dostluq", İordaniya
Krallığının I dərəcəli "Kral Hüseyn" ordenləri
ilə təltif olunmuşdur.
Bu
gün şeyximiz Azərbaycan xalqının taleyi ilə
bağlı nəinki müsəlman aləmində, hətta
dünyada gedən ictimai-siyasi proseslərin, qlobal məsələlərin
həllində yaxından iştirak edir və bu yolda var
qüvvəsini əsirgəmir. O, bir şeyxülislam kimi
müsəlmanların önündə gedir və
dindarları öz ardınca aparmağı bacarır.
* * *
Hacı
Allahşükür Paşazadə elmi sevən, onu yüksək
qiymətləndirən, həqiqi alimlərə xüsusi
hörmət bəsləyən, onların biliyini və əməlini
layiqincə dəyərləndirən, əməllərindən
bəhrələnən, əlindən gələn köməyi
əsirgəməyən din xadimidir.
İşinin
çox olmasına, tez-tez xarici ölkələrə səfər
etməsinə baxmayaraq, şeyx həzrətləri əlinə
boş vaxt düşən kimi mütaliə ilə, mütəmadi
olaraq öz elmi səviyyəsini yüksəltməklə məşğul
olur. Burada onu da qeyd etmək istərdim ki, Hacı
Allahşükürün Buxarada, Daşkənddə təhsil
aldığı illərdə kəsb etdiyi güclü elmi
potensial onun iştirakçısı olduğu yüksək səviyyəli
məclislərdə həmişə özünü
büruzə verir.
Dini-mənəvi
dəyərlərin təbliğində şeyx həzrətlərinin
xidməti böyükdür. Yeri gəlmişkən qeyd etmək
istərdim ki, 1997-ci ildə Qafqaz Müsəlmanları
İdarəsi nəzdində Elmi-Dini Şuranın yaranması
da məhz Hacı Allahşükür Paşazadənin adı
ilə bağlıdır. 1989-cu ildən Qafqaz Müsəlmanları
İdarəsi nəzdində böyük çətinliklə
təsis etdirdiyi mədrəsə 1991-ci ildən İslam
İnstitutu, sonradan isə Bakı İslam Universitetinə
çevrildi. Şeyxülislamın hələ sovet dövləti
çökməmişdən atdığı bu dəyərli
addım hazırda Azərbaycan üçün ali savadlı
din xadimlərinin hazırlanması işinə təkan, dini-mənəvi
dəyərlərin təbliği işinə böyük
töhfə oldu.
Şeyximiz
həm də fəal xeyriyyəçi, comərd insandır.
Onun bir əli, necə deyərlər, həmişə
kasıb-kusubun, yeni ailə quranların, qaçqın və
köçkünlərin, yurd-yuvasından didərgin
düşmüş insanların üstündədir.
Hacı
Allahşükür Paşazadə eyni zamanda etibarlı dost,
mehriban ata, nəvazişli baba, qayğıkeş ailə
başçısıdır. Onun çox gözəl, dəyərli
bir müsəlman ailəsi vardır.
Hacı
Allahşükür Paşazadə haqqında çox
danışmaq, çox yazmaq olar. Onun həyat və fəaliyyəti
barədə onlarla kitab işıq üzü
görmüşdür. Əminəm ki,
şeyxülislamın bundan sonra da görəcəyi işlər
hələ çoxdur. Şeyx həzrətlərinin ölkəmizdə, bölgədə
ənənəvi dini-mənəvi dəyərlərin qorunub
saxlanılması, onların inkişaf etdirilməsinə dair
gözəl niyyətləri var. Möhtərəm şeyximizə
Allah-taaladan uzun ömür, möhkəm
cansağlığı, xoşbəxtlik və bütün
işlərində yeni-yeni uğurlar diləyirəm!
Vasim MƏMMƏDƏLİYEV,
Akademik
Azərbaycan. - 2014.- 26 avqust.- S. 5.