Bu layihə yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq

 

Avqustun 25-də səhər tezdən Bərdə rayonunun mərkəzi meydanında qələbəlik idi. Rayon rəhbərliyi, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasında iştirak edən məktəbliləri İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.

AzərTAc xəbər verir ki, şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Mərasimdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Bərdə şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Səfurə Hümbətova AzərTAc-a müsahibəsində dedi: “Doğma Vətənimizin hər bir guşəsi bizim üçün əzizdir. Bu hissi böyüməkdə olan nəslə aşılamaq biz müəllimlərin borcudur. Ölkəmizin səfalı yerlərinə təşkil edilən ekskursiyadan gözəl nəticələr gözləyirəm. Bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır. İnanıram ki, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”.

Zərifə Əliyeva adına məktəb-liseyin X sinif şagirdi Oruc Kərimov fikirlərini belə ifadə etdi: “İlk dəfədir valideynlərsiz səfərə çıxıram. Vətənimin səfalı yerlərini görəcəyəm. Xüsusən Lahıc qəsəbəsini görmək, Qəbələdə kanat yolları ilə səyahət, Şəkidə Xan sarayında olmaq çoxdankı arzum idi. Bu şəraiti yaratdığına görə şagird dostlarım adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla İsmayıllı-Qəbələ-Şəki marşrutu istiqamətində yola düşdülər.

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 7.