Qarabağ muğam məktəbinin inkişafında musiqi məclislərinin rolu

 

Azərbaycan muğam tarixində və xanəndəlik sənətində muğam məktəblərinin böyük rolu vardır. Bu məktəblərin mövcudluğu milli muğam sənətinin və ifaçılığının çox qədim olduğunu sübut edir. Ustad ifaçıların və peşəkar sənətin mövcud olduğu mühitdə yaranan məktəblər bu sənətin təşəkkül tapmasında və formalaşmasında özünəməxsus xüsusiyyətləri ilə seçilirlər. Azərbaycanın Bakı, Şamaxı, Qarabağ, Təbriz, Tiflis, Naxçıvan, Dərbənd kimi muğam məktəbləri mövcuddur ki, bunlardan üçü - Bakı, Şamaxı və Qarabağ ifaçılıq məktəbləri daha çox tanınmışdır. Həmin məktəblərin nümayəndələri bir-biri ilə sıx yaradıcılıq ünsiyyəti saxlayırdılar.

XIX əsrin əvvəllərində Zaqafqaziyada mədəniyyət və incəsənət intibah dövrünü yaşamağa başladı. Zaqafqaziya xalqlarının mədəni əlaqələri bu işdə mühüm rol oynayırdı. Görkəmli musiqişünas-alim Ramiz Zöhrabov yazır: "Azərbaycanın bir sıra mərkəzi şəhərlərində (Şuşa, Şamaxı, Bakı, Naxçıvan) musiqi salonları və məclisləri öz fəallığını artırır, çalğıçılar dəstəsi, aşıqlar ansamblının iştirakı ilə musiqi gecələri, xalq şənlikləri və bayramlar təşkil edilir. Şifahi-professional musiqi nümunələri (muğam, təsnif, rəng) toy-düyünlərdə, ailə şənliklərində, bayramlarda səslənir və sənətsevərlər bu kimi məclislərə xüsusi dəvət olunmuş xalq-professional musiqiçilərinə xanəndələrə və onları müşayiət edən sazəndələr ansamblına böyük maraqla qulaq asırdılar. Muğamların məşhur ustalarının çıxışı, xüsusilə Novruz bayramlarında minlərlə dinləyicilərin diqqətini cəlb edirdi. Şuşa, Şamaxı, Şəki, Bakı poeziyamusiqi məclislərində də sazəndələr ansamblının və xanəndələrin rolu artırdı". Bu məclislərdə muğamlar tədricən təkmilləşərək, mahiyyəti etibarilə dəyişikliyə uğrayırdı. Bəzi muğamlar kiçik həcmli muğamlara çevrilirdi ki, bunlar ənənəvi professional musiqi irsimizi zənginləşdirirdi.

Hacı Hüsü, Məşədi İsi, Şəkili Ələsgər Abdullayev, Məcid Behbudov, Malıbəyli Həmid, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Şuşinski kimi xanəndələrimiz milli muğam mədəniyyətimizin dəyərli sərvətləridir.  Onların sənətkarlığı sayəsində şifahi-professional musiqi incilərimiz müxtəlif xalqlar arasında da təbliğ edilirdi. Bu baxımdan Cabbar Qaryağdıoğlunun adını xüsusi çəkmək lazımdır.

Tarix boyu Azərbaycan incəsənətinə gözəl səsə malik xanəndələr, musiqi ifaçıları, bəstəkarlar, dirijorlar, teatr xadimləri, şair və yazıçılar bəxş etmiş Qarabağın musiqi mühiti zənginliklərlə doludur. Bu mədəni həyatda peşəkar ifaçılarla yanaşı, hətta həvəskar musiqiçilər də yaddaşlarda dolğun səsə malik xanəndə kimi qalmışlar. Bunlardan Məşədi Dadaş Məşədi oğlu Muradxanov, Ağdamlı Muxtar Məhəmməd Qaryağdıoğlu, Qarazərli Kəlbə Baba adlı xanəndələr Şuşanın İsa bulağının gözyaşı tək şəffaf suyu qədər təmiz səsləri ilə xalq arasında sevilirdilər.

Qarabağ muğam məktəbinin adı gələndə ayrı-ayrı sənətkarların ustalığı ilə əlaqədar onların ifaçılıq üslubunu yaşadan, muğam ənənələrini, sənətkarlıq sirlərini nəsillərə ötürən məktəblər nəzərdə tutulur. Bu zəngin mədəniyyət ocağından çıxmış sənətkarların ömür yolu və yaradıcılığı əsasən Şuşa şəhəri ilə bağlı olmuşdur.

Həmin dövrdə Şuşanı haqlı olaraq "Qafqazın konservatoriyası" adlandırırdılar. Çünki sənətkarlıq məktəbini Şuşada keçmiş xanəndə və sazəndələr təkcə Azərbaycanda deyil, bütün Qafqazda fəaliyyət göstərirdilər. XIX əsrin ikinci yarısını Azərbaycanın, xüsusilə də Qarabağın musiqi mədəniyyəti tarixində unudulmaz mərhələ adlandırırlar. Bu illərdə Azərbaycanın milli ziyalı elitasının səyi ilə Azərbaycan dili elmi və ədəbi dil kimi inkişaf etməyə başladı. Şuşada 1882-ci ildən etibarən teatr tamaşaları geniş şəkildə göstərilir, fasilələrdə isə Qarabağın tanınmış xanəndələri, eyni zamanda ifaçıları dinləyiciləri feyziyab edirdilər. Məşhur xanəndələrin, sazəndə dəstəsinin səhnə mədəniyyətinə keçərək formalaşması da məhz bu dövrə təsadüf edir. Mirzə Yusif Qarabağı, Mirzə Camal oğlu Rzaqulubəy, Əhməd Cavanşir, Həsənəli bəy Qarabağı və başqa alim və yazıçılarımızın əsərlərindən məlum olur ki, o dövrdə Qarabağın musiqi mədəniyyətinin inkişafında muğam sənətinin inkişafı öndə gedirdi. Şeirmusiqi məclislərinin keçirilməsi isə bu sənətin tərəqqisində mühüm əhəmiyyət kəsb edirdi.

 Şuşa muğam məktəbi üçün musiqi məclisləri bir növ dərnək, sənət yarışı, müsabiqə rolunu oynamışdır. Burada təkcə musiqiçilər deyil, eyni zamanda şairlər, rəssamlar, ədiblər toplaşardı. Belə yığıncaqlar incəsənətin və ədəbiyyatın inkişafını zirvələrə qaldırmışdı. Məclislərin mühüm tərkib hissəsini musiqi təşkil edirdi. Qarabağın ziyalıları, xeyriyyəçiləri muğamların inkişafı tarixində zəruri olan musiqi məclislərini təşkil etməklə bu sənətin formalaşmasında misilsiz xidmət göstərmişlər. Onların öz evlərində keçirdikləri musiqi məclisləri muğamın təbliği və təşəkkülünü təmin etmişdir. Məclislərdə iştirak edən musiqiçilər eyni zamanda İrana səfərlər də edərək bacarıqlarını və ən əsası Azərbaycan muğamını nümayiş etdirmək kimi vətəndaşlıq borclarını yerinə yetirirdilər. Hətta tarixdən bizə məlumdur ki, Azərbaycan-İran mədəniyyətlərinin geniş yaradıcılıq ənənəsi olmuşdur. Məhz hər iki müsəlman ölkəsinin sənətkarlarının fəaliyyəti sayəsində muğam digər Şərq ölkələrinə nisbətən Azərbaycan və İranda daha çox inkişaf etmişdir.

Məclislərin üzvləri olan şairlər - Firdovsi, Nizami, Xəyyam, Hafiz, FüzuliVaqifi özlərinə ustad qəbul edirdilər. Qədim klassik irsi öyrənib onların şeirlərinə nəzirələr, iqtibaslar yazırdılar. Bəzən məclis üzvləri bir-birlərinə şeir yazıb göndərir, digərləri isə həmin şeiri müzakirəyə qoyurdular. Beləliklə, şeir yarışına bənzər müsabiqə keçirilir və qiymətləndirmə aparılırdı. Ümumiyyətlə, bədahətən söz söyləmək bacarığı Şərq aləmində fəaliyyət göstərən sənətkarlara məxsus xüsusiyyətdir. Bu hünər sayəsində bir çox əsərlər yaradılırdı. Məsələn, musiqi məclislərində Xan qızı Xurşudbanu Natəvanın təqdim etdiyi misralara əsaslanaraq şeir deyişmələri həmin dövrdə çox dəbdə idi. Onun "Qərənfil", "Bənövşə", "Olaydı" və s. rədifli qəzəllərinə yüzlərlə nəzirə yazılmışdı.

Musiqi məclislərində eyni zamanda dini ədəbiyyat, mərsiyə, minacat, sinəzən, nohə, çarparə, saqinamələr də yazılırdı. Şuşada musiqi məclisləri və poeziya gecələri ilk dəfə olaraq, Xurşudbanu Natəvan və şair Mirzə Rəhim Fəna tərəfindən yaradıldı. "Məclisi-üns" (yəni dostluq, ülfət məclisi deməkdir) musiqi məclisi ədəbiyyat və musiqinin vəhdət təşkil etdiyi bir ocaq olaraq məşhurlaşmışdı.

Xurşudbanu Natəvan (1832-1897) Cavanşir nəslinin nümayəndəsi, şairə, rəssam, həm də xalq arasında misilsiz xidmətləri ilə dövrünün tanınan görkəmli ziyalısı idi. O, musiqi mədəniyyətimizin, xüsusilə də muğam sənətinin irəliləməsində çox böyük səylər göstərmişdir. "Məclisi-üns" şeir-musiqi məclisində böyük nüfuza malik olan bir çox alimlər, şairlər, rəssamlar, ümumiyyətlə Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafında məhsuldar fəaliyyət göstərən ziyalılar toplaşardılar. Bunlardan Qasım bəy Zakir, Asi, Baki, Vəfa, Fəna, Şahin, Katib, Məxfi, Salar, Şəhid, Aşiq, Hadi, Asəf Lənbərani kimi Qarabağ şairlərinin adlarını çəkə bilərik.

Az sonra Şuşada daha bir məclis yarandı. Bu, "Məclisi-fəramuşan" ya "Məclisi-xamuşan" adı ilə tanınan şeir, musiqi ocağı idi. Həmin məclisin yaradıcısı dövrünün görkəmli alimi, rəssamı, nəqqaşı, xəttatı, şairi musiqişünası Mir Möhsün Nəvvab Qarabaği idi. Muğam tarixinin araşdırıcısı musiqişünas R. Zöhrabovun tədqiqat işində Qarabağ muğam məclisinə diqqət yetirilmişdir. Bu barədə alim fikrini belə ifadə edir: "M. M. Nəvvab da ilk təhsilini məhz Şuşada almış bütün ömrünü orada yaşamışdır. O, Şuşada təşkil olunmuş "Məclisi-fəramuşan" ya "Məclisi-xamuşan" şeir-musiqi məclisinin başçısı idi. Bu məclisdə məşhur xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, tarın atası sayılan Mirzə Sadıq Əsəd oğlu, sonralar Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski b. iştirak etmişlər. Nəvvab 100-ə qədər Qarabağ şairlərindən bəhs edən "Təzkireyi-Nəvvab" əsərinin müəllifidir".

Fars, ərəb, türk dillərini mükəmməl bilən Nəvvab fəlsəfə, hikmət, məntiq, həmçinin nücum elminə dərindən yiyələnmişdi. Musiqini təcrübi nəzəri cəhətdən yaxşı bildiyi üçün elmi müşahidələr, tədqiqat işləri ilə məşğul olurdu. Onun xanəndə Hacı Hüsü ilə birgə yaratdığı məclisdə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti kimi mövzularda müzakirələr aparılırdı. Xalq arasında "Məclisi-xamuşan" çox məşhur olmuşdu. Bura Qarabağ incəsənətini inkişaf etdirməsi üçün musiqiçilər, şairlər toplaşaraq ziyalıların dünyagörüşünün formalaşmasına səy göstərirdilər. M.M.Nəvvab məclisin üzvlərini dünya mədəniyyət hadisələri ilə tanış etmək məqsədilə Bakıdan "Əkinçi", Tiflisdən "Ziya" "Kəşkül" qəzetlərini, Hindistandan isə fars dilində nəşr olunan "Həbl ül-mətn" məcmuəsini gətirdirdi. "Məclisi-fəramuşan" "Məclisi-üns" Şamaxıdakı "Beyt-üs Səfa" məclisi ilə sıx əlaqə saxlayırdı. 

Musiqi məclislərində ədəbiyyata, rəssamlığa musiqi sənətinə dair maraqlı söhbətlər aparılır, bəzən bu söhbətlər diskussiyalara çevrilirdi. Həmin məclislər ziyafətlərdən toy şənliklərindən fərqlənirdi. Burada musiqi sənətinin estetik problemlərinə daha çox diqqət yetirilirdi. Muğam dəstgahları təkmilləşir, müxtəlif şöbə guşələrlə zənginləşdirilir, yeni-yeni təsnif rənglər yaradılırdı. Musiqi biliciləri xanəndələrin düzgün oxuma tərzinə ustalığına xüsusi diqqət yetirirdilər. Muğam-dəstgahlar musiqi məclislərinin bəzəyi sayılırdı. Onların ifası bəzən 2-3 saat vaxt aparardı. Sanki dərs prosesinə çevrilərdi. Bir muğamı bir neçə xanəndə oxuyar, sonra həmin ifalar müzakirə edilərdi. Hətta məclislərdə müsabiqələr təşkil olunardı. Buna görə hər bir xanəndə öz sənətini dərindən öyrənməyə təkmilləşdirməyə çalışırdı. Bir sözlə, musiqi məclisləri muğam sənətinin inkişafı üçün mühüm mərhələ idi. Eyni zamanda muğam ifaçıları üçün əsl sənətkarlıq məktəbi idi.

Məclislərdəki şeir deyişmələri hərənin əruz vəzni əsasında bir misranı bədahətən deməsi ilə başlayırdı, sonra isə həmin misralara uyğun ardıcıllıq qurulurdu. Şeir deyişmələri özü böyük diqqət tələb edirdi. Təqdim olunan misralar həm şeirin ümumi məzmununa, həm vəznə uyğun olmalı idi. Canlı yaradıcılıq prosesinin şahidi olan xanəndə bu qanunauyğunluqları öz yaradıcılığına da şamil edirdi. Şairlər qeyri-ixtiyari olaraq ətraflarına musiqiçiləri dəvət etmiş olurdular.

Musiqi məclislərinin bəzəyi olan xanəndələr rəqabət nəticəsində daha böyük irəliləyişlər əldə edir, daha geniş auditoriyaya meyil göstərirdilər. Yaxşı mənada rəqabətin olması ifaçıları öz sənəti üzərində çalışmağa, yəni yaradıcılıq uğurları qazanmağa sövq edirdi. Xanəndənin ustalığı yalnız onun ifaçılıq tərzi təfəkküründə deyil, özünəməxsus ifa üslubu, zəngulələri, uzun nəfəsi, improvizə bacarığında görünür.

Muğamın bütün qanunauyğunluqlarını dərindən mənimsəyən, özündən əvvəlki sənətkarların yaradıcılığından bəhrələnən ifaçılar muğam bilicisi kimi ad qazanırdılar, fərdi ifa tərzi isə əvvəlkinin bir növ dialektik davamına çevrilirdi.  

Azərbaycanın əksər guşələrində böyük əks-səda doğuran musiqi məclislərinin sorağı hər yana səs salır. Onların yaradılması ənənəsi təbii ki, sırf Qarabağ mədəniyyətinə xas deyil. Qarabağ sənətkarlarının yaradıcılıq potensialı isə Azərbaycandakı nüfuzunu sübut edərək, digər muğam məktəbləri üçün örnək olur. Beləliklə, XIX əsrin ikinci yarısında Qarabağda keçirilən musiqi məclisləri bütünlükdə Azərbaycanda ictimai şüurun, mədəni inkişafın yüksəlməsinə müsbət təsir göstərmişdir. Bu məclislərin təşkili dövrün ictimai-siyasi vəziyyətinin formalaşmasında xüsusilə muğam sənətinin tərəqqisində mühüm hadisə kimi qiymətlidir.         

 

Mənsum İBRAHİMOV,

xalq artisti, professor

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 8.