Azərbaycan ilə Rusiya
arasında İKT sahəsində ikitərəfli münasibətlərin
inkişaf perspektivləri müzakirə olunub
Rabitə
və yüksək texnologiyalar naziri Əli Abbasov Rusiyanın
rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid
İsmayılov ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Keçmiş SSRİ dövründən sonra Rusiya Federasiyasında yüksək posta azərbaycanlı əsilli kadrın təyinatının qürurverici olduğunu vurğulayan nazir Ə.Abbasov əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində genişləndirilməsini, eyni zamanda, sərmayə yatırılması üçün böyük potensialın olduğunu qeyd edib.
İki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən R.İsmayılov Azərbaycan və Rusiya dövlət başçılarının yaxın münasibətləri fonunda formalaşmış bu əlaqələrin nazir müavini kimi fəaliyyəti dövründə daha da möhkəmləndirilməsi üçün səylə çalışacağını bildirib.
Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının Bakıda keçirilən 29-cu iclasına sədrlik edən R.İsmayılov qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə rabitə və İKT sahəsi
üzrə digər məsələlərə toxunulub, Azərbaycan ilə Rusiya
arasında əməkdaşlığın yeni
mərhələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan. - 2014.- 27 avqust.- S. 4.