Azərbaycan Sahibkarlar
Konfederasiyasında BMT-nin Biznes və İnsan Hüquqları
üzrə İşçi Qrupu ilə görüş
keçirilib
BMT-nin
ölkə ofisində Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin
rəhbərliyi ilə bir qrup sahibkarın Azərbaycan
hökumətinin dəvəti ilə ölkəmizdə rəsmi
səfərdə olan BMT-nin İnsan Hüquqları
Şurasının biznes və insan hüquqları üzrə
işçi qrupunun nümayəndə heyəti ilə
görüşü keçirilib.
ASK-dan AzərTAc-a bildiriblər ki, işçi qrupun ölkəyə səfərinin əsas məqsədi BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrası sahəsində respublikamızda görülən işlər, həyata keçirilən tədbirlər, mövcud problemlər və imkanlar ilə tanış olmaqdır.
Konfederasiyanın prezidenti M.Musayev qurumun Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək edən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, respublikanın işəgötürənlərini bütün səviyyələrdə təmsil edən ictimai bir təşkilat olduğunu qeyd edərək təşkilat haqqında geniş məlumat verib. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına və şəffaf biznes mühitinin formalaşmasına davamlı dəstəyi sayəsində ölkəmizdə işgüzar mühitin canlanması, investisiyaların qorunması, rəqabətliliyin artması kimi amillərin yaxşılaşması nəticəsində ölkənin beynəlxalq reytinqlərdə inamla irəliləməsindən bəhs edən M.Musayev cəmiyyətin inkişafında özəl sektorun rolu, özəl və dövlət sektorları arasında tərəfdaşlıq nümunələrindən, yerli və transmilli şirkətlərin korporativ sosial məsuliyyət layihələrindən danışıb. Davamlı inkişafın və bunun üçün beynəlxalq təcrübənin önəmliliyini vurğulayan toplantı iştirakçıları Konfederasiyanın Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin və digər beynəlxalq təşkilatların üzvü olduğunu, həmçinin respublikada fəaliyyət göstərən bir çox dövlətlərin səfirlikləri, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlığından söz açıb. Tədbirdə ASK-nın üzvü olduğu Beynəlxalq Əmək Təşkilatının ölkənin ratifikasiya etdiyi müvafiq konvensiyalar barədə öz üzvləri arasında daimi maarifləndirmə işləri apardığı, təhlükəsiz əmək şəraiti, uşaq əməyi, gender bərabərliyi prinsiplərinə sahibkarlar tərəfindən riayət olunması istiqamətində gördüyü tədbirlərdən bəhs olunub.
İşçi Qrupun üzvləri və BMT-nin xüsusi məruzəçiləri Puvan Selvanathan və Pavel Sulyandziga çıxışlarında Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri olan güclü sahibkarlar sinfinin formalaşmasının təqdirəlayiq hal olduğunu qeyd edərək, ölkədə gedən inkişaf barədə fikirlərini bölüşüblər.
Görüşün yekununda BMT ilə ASK arasında gələcək
əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin özəl sektorun vətəndaş cəmiyyətinin
inkişafına daha yaxından cəlb
olunması məsələləri üzrə razılıq əldə
edilib.
Azərbaycan. - 2014.- 27 avqust.- S.4.