Gəncənin tanınmasında gənclərin
də rolu az deyil
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan ölkə rəhbərinin 2011-ci ildə imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əhəmiyyəti xüsusi qeyd edilməlidir. Əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və onların sosial-iqtisadi problemlərinin həlli məsələləri olan proqram Gəncə şəhərində də uğurla icra edilir. Gəncədə gənclərin sayı 96360-dan çoxdur. Gəncə Şəhər İcra Hakimiyyəti onların şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmələri üçün ardıcıl tədbirlər görür.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərlə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli işlər görür, onların hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasına çalışır. Şəhərdə keçirilən bütün tədbirlərdə gənclərin fəal iştirakı təmin olunur, onların qüvvə və bacarıqlarından lazımi səviyyədə istifadə edilir.
Son üç ilin statistikası şəhərdə gənclərlə iş sahəsində çox zəngindir. 2011-ci ildə gənclərlə bağlı Gəncədə 100-ə yaxın yerli və beynəlxalq tədbir keçirilib. Belə tədbirlərdən Gəncədə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş Dünya gənclərinin festivalını qeyd edə bilərik. Festivala 40 xarici ölkəni təmsil edən 200 gənc qatılmışdı.
2012-ci ildə gənclərlə bağlı tədbirlərin sayı 123-ə çatıb. Həmin tədbirlərdə ümumilikdə 18 000 gənc iştirak edib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində 2012-ci ildə şəhərimizin Azərbaycanın ilk "Gənclər Paytaxtı" adını qazanması, Gənclər Fondunun qərb zonasına daxil olan regionların iştirakı ilə təqdimat mərasiminin keçirilməsi görülən işlərin məntiqi nəticəsidir.
Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi dəstək sayəsində bir sıra beynəlxalq səviyyəli tədbirlər də keçirilib. Bu sırada "Dinlər və Mədəniyyətlərarası dialoqda gənclərin rolu", "Gender bərabərliyində şəbəkələşmə" və "Qafqazı kəşf et" təlimlərini göstərmək olar.
2013-cü ildə gənclərin aktivliyi hiss olunub. Yerli və beynəlxalq səviyyəli tədbirlər - forumlar, konfranslar, "dəyirmi masa"lar, müsabiqələr, əmək yarmarkaları, intellektual oyunlar, festivallar, sərgilər, treninqlər, təlim kursları və seminarlarda 24 200-dən çox gənc iştirak edib.
Keçən il Gəncə şəhəri üçün çöx uğurlu oldu. Belə ki, 12 Avropa şəhərinin iştirak etdiyi "2016 Avropa Gənclər Paytaxtı" layihəsində iştirak edən Gəncə şəhəri finala qədər irəlilədi. Finalda qədim Nizami yurdu 6 Avropa şəhəri ilə uğurla mübarizə apararaq "2016 Avropa Gənclər Paytaxtı" adına layiq görüldü. Məhz bu layihə ilə əlaqədar olaraq 2013-cü ilin əvvəlindən bu istiqamətdə bir sıra beynəlxalq tədbirlər həyata keçirildi. Bunlara misal olaraq gənclər təşkilatlarının iştirakı ilə "dəyirmi masa"nı, beynəlxalq gənclər təşkilatlarının, onların milli şuralarının rəhbərlərinin və nümayəndələrinin də iştirak etdiyi "Gəncə-2016 Avropa Gənclər Paytaxtına gedən yol!"u, yüzlərlə gəncin iştirakı ilə "Böyük zəncir" aksiyasını, 65 nəfər avropalı gəncin iştirakı ilə "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyinin təsis olunması ilə bağlı beynəlxalq konfransı, Heydər Əliyev meydanında yüzlərlə gəncin iştirakı ilə fləşmobu, Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin, gənclər və idman nazirinin, təhsil nazirinin və Milli Məclisin 15 deputatının qatıldığı "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" seçilməsi ilə bağlı təqdimetmə mərasimini qeyd edə bilərik.
2014-cü ilin əvvəllərindən şəhərimiz 80-dən artıq yerli və beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edib.
Bu il həmçinin Azərbaycan gənclərinin VII forumunda Gəncə şəhərindən 30 gənc iştirak edib. Bununla yanaşı, 12 avqust Beynəlxalq Gənclər Günü ilə əlaqədar şəhərimizdə 70-dən artıq avropalı gəncin də iştirak etdiyi beynəlxalq gənclər festivalı keçirilib. Belə tədbirlər qədim Gəncənin tanınmasında, təbliğində mühüm rol oynayır.
Müşfiq CƏFƏROV,
Gəncə
Şəhər Gənclər və İdman
Baş İdarəsinin rəisi
Azərbaycan. - 2014.- 27 avqust.- S. 6.