Ölkənin yaşıl sərvəti
Yaşıllıqların mühafizəsi, yeni-yeni ağacların əkilməsi, meşələrin salınması, onların qorunması ümummilli lider Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən idi. Ulu öndər yaşıllıqlara qənim kəsilənlərə dəfələrlə kəskin surətdə öz sözünü demişdi. Prezident İlham Əliyev də bununla bağlı həmişə qəti mövqeyini bildirir və sistemli surətdə iş aparır. Bu yaxınlarda qəbul olunmuş "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da məhz həmin ardıcıl xəttin davamıdır. Qanun yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyənin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir.
Bu qanunun əhatə dairəsi genişdir. Meşə fondu torpaqlarındakı, xüsusi mühafizə olunan obyektlərdəki və şəxsi mülkiyyətlərdəki, habelə əkin sahələrindəki bitkilər istisna olunmaqla, ölkə ərazisindəki bütün yaşıllıqlara şamil olunur. Qeyd edək ki, indiyə qədər bu mühüm məsələ məhdud dairəni əhatə edirdi. Səkkiz il bundan əvvəl isə bu sahədə müəyyən addımlar atıldı. "Azəryolservis"in nəzdində yaşıllaşdırma MMC-ləri (məhdud məsuliyyətli cəmiyyətlər) yaradıldı. Onlar da yalnız magistral yollar boyunca yaşıllıqlar salır və onları mühafizə edirlər.
Yollara kölgə düşür
Tovuzdakı 8 saylı yol yaşıllaşdırma MMC-si Şəmkir, Tovuz və Gədəbəy rayonlarına xidmət edir. 281 kilometr respublika əhəmiyyətli yollara baxır. Kollektiv yarananda burada 30,7 min ağac var idi. İndi onların sayı 56,4 minə çatır. MMC mövcud yaşıllığa qulluq etməklə yanaşı, hər il minlərlə ağac əkir. Münbit sahələrin birində tinglik yaradılır və burada on minlərlə ting yetişdirilir. Bu yerlərdə sərv, xan çinar və digər ağaclarla yanaşı, Eldar şamına daha çox üstünlük verilir. Təcrübəli meşəçi Vasif Məmmədov deyir ki, Eldar şamı bizim torpağa daha çox uyuşur. Həm görkəmi gözəldir, həm də il boyu yaşıl olur.
11 saylı yol yaşıllaşdırma MMC-nin kollektivi isə müxtəlif bəzək ağacları ilə yanaşı, meyvə ağaclarının da əkininə geniş yer ayırır. Müsahibim Akif Əsgərov deyir ki, bir neçə il bundan əvvəl Bərdə-Tərtər yolu boyunca 2 min ərik ağacı əkmişdik. İndi onlar məhsul verir. Biz bu təcrübəni daha da genişləndirmək niyyətindəyik.
11 saylı MMC-nin kollektivi 250 kilometr respublika əhəmiyyətli yollara xidmət edir. Bərdə-Bəhramtəpə, Yevlax-Xocalı-Laçın, Tərtər-Hindarx yolundakı və digər yerlərdə baş-başa verən ağaclar bu işgüzar kollektivin zəhmətinin bəhrəsidir.
Dilqəm deyir ki...
- Gərək ağacı tanıyasan, sevəsən, biləsən ki, hansı torpaq zonasına hansı növ ağac uyğun gəlir. Ağacı əkmək hələ heç də işin hamısı deyil. Gərək ona qulluq edə, körpə fidanı qoruya, hasilə gətirə biləsən. Yollar boyunca əlimizlə əkilib bəslənilən ağacları görəndə elə bilirəm ki, öz doğmalarımdır, əzizlərimdir. Kənardan ting alıb əkmək o qədər də sərfəli deyil. Gərək onu öz əlinlə yetişdirəsən. Toxum yerə basdırılıb ilkin cücərti verənəcən hər an gözün üstündə ola, tingi xəstəlikdən, ziyanvericilərdən qoruya biləsən. Mən hər il ən münbit sahədə əlli mindən artıq ting yetişdirə bilirəm. Neçə ildir bu yerlərdə çalışıram. Bircə dəfə də olsun kənardan əkin materialı almamışam.
Dilqəm Dilənov Göygöl rayonunda çalışır. Bölgədə onu təcrübəli yaşıllıq ustası kimi tanıyırlar. İki il əvvəl salınmış tinglik təsərrüfatına baxdıq. Ən müxtəlif növ ağac tingləri cərgə-cərgə düzülüb. Sarı libaslı fəhlələr sahələri alaq otlarından təmizləyir, suvarma, dərmanlama işləri aparırlar. Baxırıq, vələs də, sərv də, çinar da var. Amma Dilqəm həmişə Eldar şamına üstünlük verir. Onun yetişdirdiyi qədd-qamətli ağaclar hər yanda tanınır. Dilqəm Dilənov deyir ki, "Yaşıllıqların mühafizəsi haqqında" dövlət qanunu bizim ürəyimizdən xəbər verir. Burada elə məsələlər qaldırılır ki, onların həlli Azərbaycanda yaşıl örtüyün daha da çoxalmasına yol açacaq.
Təcrübəli meşəçi düz deyir. Bir sıra yerlərdə hay-küylə aparılan yaşıllaşdırma, ağacəkmə tədbirlərinə gözüyumulu yox, son nəticədə hasilə gələn məhsula görə qiymət verilməlidir.
"Əkdilər,
əkildilər", amma daha
belə olmayacaq
Yaz-payız aylarında hər yerdə, ən ucqar kəndlərdə
belə müxtəlif təşkilatlar tərəfindən ağaclar əkilir. Gen-bol məlumatlar verilir, lakin bir ildən
sonra onların taleyi
necə olur? Nə qədər əkilmişdi,
nə qədər bitib? Bu, çoxlarını
maraqlandırmır. Hətta
xalq arasında belə bir zərb-məsəl
də yaranıb:
"Əkdilər, əkildilər".
Bu günlərdə qəbul olunan qanun bu cür
məsələlərin aradan
qaldırılmasına xidmət
edir. Qanuna görə, ağacların
uçotu dəqiq olmalı, vaxtaşırı
monitorinq keçirilməlidir.
Qanunda ilk dəfə
olaraq yaşıllığın
mühafizəsində yerli
təşkilatların, ilk növbədə
bələdiyyələrin konkret vəzifələri
göstərilir. Həmin vəzifələr hansılardır? Yaşıllıq
ərazilərinin genişləndirilməsinə
dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək, yaşıllıqların
mühafizəsi ilə
əlaqədar həyata
keçirilən
və planlaşdırılan
işlər və ərazilər barədə
əhalini mütəmadi olaraq məlumatlandırmaq,
mülkiyyətində olan
torpaqlardakı yaşıllıqların
uçotunu, kadastrını
və monitorinqini aparmaq, yaşıllıqların
mühafizəsi məqsədi
ilə bələdiyyə
büdcəsindən ayrılmış
vəsaitin təyinatı
üzrə istifadə
olunmasına nəzarəti
həyata keçirmək, müvafiq
icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə
ərazisindəki yaşıllıqlarda
rast gəlinən xəstəlik və zərərvericilərə qarşı
mübarizə aparmaq,
ərazisində olan yaşıllıqların genişləndirilməsi
məqsədilə həvəsləndirmə
tədbirləri müəyyənləşdirib
həyata keçirmək.
Zənnimizcə, bu məsələlərin
həlli yerlərdə
yaşıllığın geniş miqyas almasına güclü təkan verəcək. İndiki halda
müəyyən mənada
diqqətdən kənarda
qalan qəsəbə
və kəndlərdə,
digər yaşayış
məntəqələrində, idarə, müəssisə
və təşkilatlarda,
təhsil, səhiyyə,
mədəniyyət ocaqlarında,
parklarda, bağlarda və başqa obyektlərdə yaşıllıq
zonaları genişlənəcək
və onların mühafizəsi təmin olunacaq.
Qanunun diqqəti cəlb edən tələblərindən
biri də budur ki, yaşıllıqların
uçotu, kadastrı
və monitorinqi müvafiq icra hakimiyyətinin müəyyən
etdiyi qaydaya uyğun olaraq vahid metodika əsasında həyata keçirilir və Prezidentin sərəncamına əsasən
bu mühüm sahədə səlahiyyət
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə həvalə
olunur.
Gözəlliyin yeni mərhələsi
başlanır
Müstəqil ölkəmiz hər sahədə olduğu kimi, yaşıl sərvətin geniş miqyaslı mühafizəsi
üzrə də yeni yüksəliş yoluna qədəm qoyur. Bu, ulu öndər
Heydər Əliyevin tövsiyəsi və onun layiqli davamçısı
Prezident İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir.
Azərbaycan bu sahədə
də hamıya nümunə olmalı, onun bütün sərvəti xalqa xidmət etməlidir.
Bu gün ardıcıllıqla
həyata keçirilən
məqsədyönlü siyasətin
məğzi, mənası
məhz budur.
Bu qeydləri hazırlayarkən
yaşıllığın mühafizəsi barədə
dövlət başçısı
İlham Əliyevin dönə-dönə vurğuladığı
fikirləri bir daha xatırladım. Yalnız son 5 ildə ekologiya və ətraf mühitin mühafizəsinə
268 milyon manat investisiya qoyulub, qeyri-meşə fonduna aid
3300 hektar sahədə
yaşıllaşdırma işləri
aparılıb. 3 milyon 400 min ağac əkilib. Bunlar şübhəsiz çox yaxşıdır.
Dövlət başçısı
deyir ki, müəyyən tədbirlər
görülməsinə baxmayaraq
biz bu sahədə istədiyimizə tam şəkildə
nail ola bilməmişik.
Bu sahədə xüsusən, şəhərlərdə
vəziyyət daha dözülməzdir. Prezident
mövcud vəziyyəti
konkret faktlarla açıqlayır: "Gecə
vaxtı gəlirlər,
qanunsuz olaraq ağacları kəsirlər,
yerləri düzəldirlər
ki, ev tiksinlər.
Bu yolverilməzdir, bu, biabırçılıqdır,
bu, cinayətdir, ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə
qarşı daha ciddi tədbir görməliyik. Onlar məsuliyyətə
cəlb edilməlidir.
Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə olsun ağac Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz.
Bu, mənim son xəbərdarlığımdır".
"Yaşıllıqların mühafizəsi haqqında"
dövlət qanunu da məhz insan
həyatı üçün
çox vacib olan bu mühüm
problemin icrasına yönəldilib. Ona görə də
qanun yerlərdə yekdilliklə alqışlanır.
Hamı istəyir ki, ölkəmizin yaşıl
sərvəti aybaay, ilbəil artsın, mühafizə olunsun, ekoloji mühitin daha da saflaşmasına,
insanların can sağlığına
xidmət etsin.
Əhməd
İSAYEV
Azərbaycan. - 2014.- 27 avqust.- S. 6.